Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanda İFLİC OLAN SİSTEM
Azərbaycanda İFLİC OLAN SİSTEM11-09-2018, 17:06 |
Sığorta şirkətlərinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Çünki bu şirkətlərin xidmətlərindən istifadə edənlərin əksəriyyəti şikayətçidir. Sığorta halları daha çox avtomobillərlə bağlı baş verdiyi üçün şikayətçilərin də çoxu sürücülərdir. Ən çox şikayət halları isə sığorta şirkətlərinin süründürməçiliyə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənişində gecikmələrə (bəzi hallarda məbləğin, ümumiyyətlə, ödənilməməsinə) yol verməsindən qaynaqlanır. Bütün bunların nəticəsidir ki, əhali sığorta şirkətlərinə inanmır, etibar etmir. Mümkün qədər sığorta şirkətləri ilə əlaqədə olmaqdan imtina edir. Avtomobil sığortası məcburi olduğu üçün sürücülər sığorta şirkətlərindən yayına bilmir. Bu da yuxarıda göstərilən halların tez-tez yaşanmasına səbəb olur. Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ona edilən müraciət əsasında “Atəşgah” Sığorta Şirkətinin timsalında ölkədəki sığorta sisteminin mövcud durumunu müzakirəyə çıxardı. Razi Nurullayevin başlatdığı müzakirə dəstəksiz qalmadı. Yüzlərlə sosial şəbəkə istifadəçisi Razi Nurullayevin səsləndirdiyi fikirlərə dəstəyini ifadə etdi, demək olar ki, bütün mətbuat orqanları da AXCP sədrinin fikirlərini işıqlandırdı. Yazılan şərhlərdən bir daha açıq şəkildə göründü ki, sığorta şirkətlərinin fəaliyyəti insanları qane etmir və ciddi narazılıq yaradır. Nəticədə bir daha bəlli oldu ki, əhalinin böyük bir hissəsi sığorta şirkətlərinə inanmır. Bunun səbəbi nədir? Əhalinin sığorta şirkətlərinə inamını bərpa etmək üçün hansı addımları atmaq lazımdır? İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında sığorta şirkətlərinin göstərdiyi xidmətlərdə mövcud olan problemlərin səbəbini açıqlayıb. F.İbrahimov hesab edir ki, sığorta şirkətləri sağlam rəqabət mühitinin olmamasından sui-istifadə edirlər: “Sığorta şirkətlərinin fəaliyyəti qənaətbəxş deyil. Maarifləndirici tədbirlər son dərəcə aşağı səviyyədədir. Məsələn, icbari sığorta olduğundan avtomobil sahibləri sığorta etdirmədikdə yol polisi tərəfindən cərimələnirlər. Kameralar tərəfindən müəyyənləşdiriləndə ki, avtomobil icbari sığorta olunmayıb, sürücü cərimələnir. Belə olduğu üçün sığorta şirkətlərində bir arxayınlıq yaranır ki, bazar onsuz da onlarındır. Ona görə də süründürməçilik halları baş verir. Ancaq bu proses sağlam rəqabət şəklində olsaydı, o zaman ən azı vətəndaş xidmətin səviyyəsini görə bilərdi. Elə bir şığorta şirkəti yoxdur ki, vətəndaşlar birmənalı şəkildə ondan razı olsun. Razı olanlar o insanlardır ki, telefon vasitəsilə avtomobilini sığortalayır və sığorta polisini evə gətirir. Ancaq bu xidmətlərdən razı qalırlar. Sığorta hadisəsi baş verdikdə isə sığorta polisləri hadisə yerinə gec gəlirlər, süründürməçiliyə yol verirlər, lüzumsuz arayışlar tələb edirlər. Yol polisindən qeydiyyat tələb edirlər, qəzaya görə cəza ödətdirirlər. Elə bir vəziyyət yaradırlar ki, vətəndaşa qəzada 100 manat zərər dəyibsə, əlavə olaraq 120-130 manat da xərci çıxır. Ona görə də bir çox hallarda qəza baş verəndə avtomobil sahibləri sığorta şirkətinə zəng etmirlər, öz aralarında süni sövdələşməyə gedirlər. Bu cür hallar çoxdur, bunun da qarşısını almaq üçün konkret dövlət qurumu olmalıdır. Heç olmasa qaynar xətt olmalıdır ki, vətəndaş şikayətini desin, həll olunsun. Bu da yoxdur. Əvvəl Maliyyə Nazirliyində idi bu nəzarət, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Amma problemlər olduğu kimi qalır, narazılıqlar davam edir”. Bəs sığorta şirkətlərində olan problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? F.İbrahimov hesab edir ki, bunun üçün qanunverici bazada dəyişikliyə ehtiyac var: “Bu gün qanunvericilikdə sağlam rəqabət fonu yaransa və sığorta şirkətləri görsə ki, müştərilər artıq başqa istiqamətdə gedir, ancaq o, zaman məcbur olub xidmət göstərəcəklər. Hazırda isə sığorta şirkətləri rahatdır, müştəri bazaları var. Müştəri bazası isə qanunvericiliyin tələbinə uyğun olaraq özlərinin müraciəti ilə formalaşır. Ona görə də xidmət yoxdur. Xidmət səviyyəsinin artırılması üçün gərək sağlam mühit olsun, o da ki, yoxdur”. Geri qayıt |