Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı...
Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı...23-01-2019, 12:33 |
Bir neçə il əvvəl Azərbaycan Mərkəzi Bankında (AMB) maraqlı hadisə baş vermişdi – bankın gənc, amma perspektivli, necə deyərlər «ümidverici» mütəxəssislərindən biri işdən getmək istədiyini bəyan edir. AMB rəhbəri Elman Rüstəmov bunun səbəbi ilə maraqlananda məlum olur ki, kommersiya banklarından birinin sahibi həmin mütəxəssisə öz bankında yüksək vəzifə və AMB-da aldığından az qala 20 dəfə (!) artıq maaş təklif edir. Təbii ki, AMB rəhbərliyi həmin işçinin getməsinə imkan vermir, üstəlik E.Rüstəmovun bir zəngi ilə kommersiya bankının sahibi də bu təklifi birdəfəlik yaddan çıxarır. Amma belə təkliflərin gələcəkdə də təkrarlanacağı nəzərə alınaraq məsələni birdəfəlik həll etmək üçün AMB əməkdaşları dövlət qulluqçuları siyahısından çıxarılır və onlara daha yüksək, maliyyə sektorundakılarla müqayisə olanacaq səviyyədə maaşlar təyin edilir. Nəticədə kənar təkliflərin işçiləri şirnikləndirməsinə son qoyulur. İşdən çıxmaq istəyən gənc isə doğrudan da ümidləri doğrultdu – o, uzun müddət AMB-nin rəhbərlərindən biri oldu və Mərkəzi Bankı bir necə ay əvvəl tərk etdi, indi başqa qurumdadır. Son günlər Azərbaycanda baş verən hadisələr, daha dəqiqi mətbuatda ayrı-ayrı məmurların gəlirləri barədə yayılan məlumatlar və onlara verilən reaksiya mənə bu hadisəni xatırlatdı. Azərbaycanda dövlət məmurlarının gəlirləri və onların ictimaiyyətə açıqlanması ilə bağlı çağırışlar çoxdan unudulsa da, son vaxtlar baş verən bəzi hadisələr, ictimaiyyətə açıqlanan məlumatlar bu məsələləri yenidən gündəmə gətirib. Məmurlara verilən böyük məbləğli aylıq paketlər, büdcədən yayındırılan və müxtəlif üsullarla mənimsənilən pullar barədə məlumatlar məmurların rəsmi və qeyri-rəsmi gəlirləri arasında böyük fərqlərin olduğunu aşkarladı. Nazir çox qazanır, yoxsa sürücüsü? Gəlin, dövlət məmurlarının rəsmi maaşlarına baxaq. Dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib, hazırki durum belədir: Elə həmin sərəncamla adı çəkilən şəxslərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu 25%-i də nəzərə alanda baş nazirin “təmiz” aylıq gəliri 2787 manat, nazirlərin maaşları 2187 manat və s. təşkil edir. Rayon icra hakimiyyətlərinin rəhbərlərində isə məbləğlər 1000-2187 manat arasındadır. Aylıq 300 min manatlıq paket Amma bu rəsmi rəqəmlərdir. Reallıq isə fərqlidir. Ölkə ictimaiyəti dövlət məmurlarının gəlirlərinin əsl miqyasından «Rabitə işi» məhkəməsində xəbər tutdu. İlk dəfə açıq etilarf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə «paketlər» alırmışlar. Nazir müavinləri ayda 30 min manat (məhkəmədə özləri etiraf ediblər və hazırda bu vəzifədə çalışırlar), nazir isə 300 min manatlıq paketlə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi. Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı Məmurların real gəlirləri ilə bağlı ikinci «keys» də məhkəmədə ortaya çıxdı. Keçmiş MTN-in generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə aparılan məhkəmə prosesində Çovdarov, ölkənin ən tanınmış məmurlarından olan «Bakı metropoliteni»nin sabiq sədri Tağı Əhmədovun gəlirlərini açıqlayıb. Keçmiş MTN-çi bildirib ki, təkcə metronun ətrafındakı ticarət obyektlərindən hər ay yığılan 1 milyon dolların 90%-i gizlədilib. Qatarların təmiri, yeni qatarların alınıb gətirilməsində milyonlarla manat və dollar vəsait mənimsənilib və s. Məhkəmədə keçmiş məmurun əmlakları da sadalanıb və müttəhimə inansaq, onların real dəyəri minimum 30-40 milyon dollar təşkil edib. Tağı Əhmədovun illik 20-22 min manatlıq rəsmi əmək haqqı ilə belə sərvət toplamaq mümkün deyildi. Qeyd edək ki, artıq sonuncunun yaxınları bu məlumatları təkzib ediblər. Paketsiz həyat mövcuddurmu? Vaxtilə Mərkəzi Bankda baş verən və yuxarıda xatırlatdığımız hadisə hazırda müxtəlif dövlət təşkilatlarında kütləvi şəkildə təkrarlanmaqdadır. Xüsusilə sahibkarlarla sıx kontaktda olan təşkilatların aparıcı müxətəssisləri qeyri-rəsmi gəlirlərinin azaldığını, rəsmi maaşla işləməyin isə mümkün olmadığını görərək daha böyük gəlirlər müqabilində «cəbhənin o tərəfinə», biznesə xidmət etməyə keçirlər. Necə deyərlər, dövlət təşkilatlarından biznesə «beyin axını» baş verir. Ölkədə ən sox maaş alan məmur kimdir? Təqribən iki il əvvəl isə KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşları açıqlandı. Həmin məlumatlara görə, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının (indi DŞ ləğv olunub və R.Aslanlı da işdən azad edilib) aylıq maaşı 65 min manat idi. KİV-də hay-küy qalxdı ki, DŞ sədrinin maaşı prezidentin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur. Bəs əslində vəziyyət necədir? Əslində real rəqəmlər də bundan çox fərqlənmirdi. Palatanın keçmış rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400 min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafında olmuşdu. Həmin məbləğdən 38% (35% vergi +3% DSMF-ə ödənişlər) çıxıldan sonra təmiz maaş 36 min manat təşkil edirdi. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin, baş nazirin və nazirlərin maaşları ilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olar. Amma müqayisədən əvvəl maliyyə sektorundakı maaşlarla tanış olaq, ümumiyyətlə vəziyyətə bir qədər kənardan baxaq. 50 min manatlıq maaşlar, 1 milyonluq bonuslar Maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir. Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşlarını yuxarıda xatırlatdıq – nazirlərin əmək haqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların müşahidə şurasının və ya idarə heyətinin sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir. Məsələn, bir neçə il əvvəl riteyl banklarından birinin aparıcı rəhbəri, indi isə başqa bir holdinqə rəhbərlik edən şəxs ilin nəticələrinə görə 5 milyon dollarlıq bonus almışdı. İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirləri gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır. Yeri gəlmişkən, hazırda bank sektorunda top menecerlərin həvəsləndirilməsi üçün onların formal səhmdara çevrilməsi praktikasından istifadə edilir. Belə ki, bankın rəhbəri işlədiyi müddətdə bankın müəyyən səhminin sahibi olur və sahib olduğu səhm paketinə uyğun olaraq bankın gəlirlərinə şərik olur. Təsirli, ən əsası, ədalətli üsuldur. Bankirlərin maaşı və bonusları açıqlanacaq Yeri gəlmişkən, bu ilin aprelində Mülki Məcəlləyə edilən dəyişikliklərə görə, şirkətlərin idarəçilərinin, o cümlədən, bank rəhbərlərinin fəaliyyətinə nəzarət gücləndiriləcək. Məcəllənin 99-cu maddəsinə edilmiş dəyişikliyə görə isə ASC-lər (o cümlədən banklar) digər məlumatlarla yanaşı İdarəetmə orqanlarında çalışan şəxslərə verilən ödənişlər yəni əmək haqqları, bonuslar və s. barədə məlumatları da açıqlamalı olacaqlar. AMB-də baş verən və yuxarıda xatırlatdığımız hadisədən sonra maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur. Hələ bir neçə il əvvəldən AMB-nin rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişir. Bu mənada maliyyə sektorunun bir hissəsi olan və yüksək peşəkarların işlədiyi Palatada da əmək haqlarının yüksək olması başa düşüləndir. Amma əsas məsələ başqadır. Paket, yoxsa leqal maaş? Yaxşı yadımdadır, ilk dəfə televiziyada işə qəbul ediləndə maaşımın yüksək olması üçün gələcək bosslarımla əməlli-başlı mübahisəyə qalxmışdım, qarşı tərəfin gətirdiyi bütün arqumentlərə bircə cavabım vardı: «Mən rüşvət alan deyiləm, gəlirim yalnız bundan ibarət olacaq, ona görə də yüksək olmalıdır». «Təmiz işləmək» çalışacağım şirkət üçün də az qala müqəddəs səviyyədə vacib olduğuna görə, rəhbərlik mənimlə razılaşmalı oldu. Bu hadisəni niyə xatırladım? Cəmiyyət, o cümlədən mətbuat daima ölkə rəhbərliyindən, dövlət qurumlarından və məmurlardan şəffaflıq, obyktivlik tələb edir. Bu, digər məsələlərlə yanaşı, məmurların real gəlirlərinin açıqlanması və verilən qərarların obyektivliyi deməkdir. Yüksək maaşlar əslində maliyyə sektorunun reallığı ilə yanaşı, həm də cəmiyətin tələb etdiyi həmin şəffaflığın göstəricisidir. Birdəfəlik qəbul etməliyik ki, bazar iqtisadiyyatında yaşayırıq – əmək haqları görülən işə və məsuliyyətə mütənasib olmaldır. Nazirlər bu pulla dolana bilirmi? İndi gələk nazirlərin rəsmi maaşlarına. Doğrudanmı, bu qədər böyük və məsuliyyətli fəaliyyətlə məşğul olan, çoxsaylı (bəzən bir neçə min nəfərlik) kollektivə rəhbərlik edən, müxtəlif sahələrdə dövlət siyasətini müəyyənləşdirən, onu həyata keçirən, nəzarət edən və bu sahədə baş verən bütün proseslərə görə (özü də birbaşa prezidentin qarşısında) başı ilə cavabdeh olan şəxslər bu maaşa işləyirlər? Həmin məbləğlərə görə – hətta vəzifənin gətirdiyi digər imtiyazları (xidməti maaş, mükafatlar, ev və s.) da nəzərə alanda, bu qədər böyük məsuliyyəti üzərinə götürməyə dəyərmi? Açıq etiraf olunmasa da, hazırda Azərbaycanda dövlət məmurlarının maaşlarının müəyyən olunmasında məsuliyyət-maaş bağlılığı pozulub. Hər halda rəsmi maaşlar onların nəzərdə tutulduğu vəzifənin nə məsuliyyətinə, nə də yükünə uyğun gəlmir. Təsəvvür edin, indi Azərbaycanda nazirlərin rəsmi maaşı qədər pulu hansısa şirkətdə təhlükəsizlik əməkdaşı kimi, qat-qat rahat şəkildə almaq olarsa, adam nəyə görə bu qədər məsuliyyət və stressə razılaşmalı, nazirlərdən birinin də etiraf etdiyi kimi, az qala telefon qulağında yatmalıdır? Nə qədər qəribə də olsa, hazırda nazirlər üçün nəzərdə tutulan maaşı onların ailə sürücüləri də asanlıqla qazanırlar, tamamilə rəsmi şəkildə. Bir imzanın qiyməti nə qədərdir? Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır, baş nazirin maaşını qazanmaq üçün isə tikinti sahəsində icraçısı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir. İndi baxın, 5-10 milyonluq obyektin tikilib-tikilməməsi məsələsini bircə imza ilə həll etmək gücündə olan icra hakimiyyəti başçısı cəmi 1200 manatla dolanarmı? Və ya yenə də hər hansı qərarı ilə böyük biznes strukturuna milyonlarla manat fayda və yə zərər gətirə bilən nazir 1750 manatla razılaşarmı? Bura olduqca məsuliyyətli, eyni zamanda korrupsiüya üçün potensial imkanların böyük olduğu sahələri və vəzifələri, o cümlədən məhkəmə hakimlərini, prokurorları, polis rəislərini və sairi də əlavə etmək olar. Əlbəttə ki, razılaşmırlar, yuxarıda xatırlanan məlumatlar göstərir ki, məmurlar arasında məsuliyyətin monetizasiyasının fərqli formaları da var. Söhbət onların paket adı ilə tanınan qeyri-rəsmi gəlirlərindən gedir. Və nə qədər qəribə səslənsə də, ikinci sistem daha ədalətli görünür. Harvardı bitirib 1000 manatlıq “paket” alanlar Özü də məsələ təkcə nazirlərdə deyil. Son vaxtlar ölkədə aparılan həm struktur islahatları, həm yeni yanaşmalar, həm də kadr dəyişiklikləri fonunda dövlət strukturlarına yeni, xaricdə təhsil almış kadrlar gətirilir. Bunların demək olar ki, əksəriyyəti xarici təhsillidir, yəni elə təhsil aldıqları ölkələrdə, lap elə Azərbaycanın özəl strukturlarında da aylıq 5-10 min dollarlıq maaşla iş tapa bilərdilər. Dövlət orqanlarında onlara nə qədər maaş verilir? Xarici ölkənin nüfuzlu universitetdərində bir neçə il təhsil alaraq ən müasir biliklərə yiyələnən, aldığı təhsilə görə xaricdə də işləmək imkanı olan perspektivli gənc, hansısa dövlət qurumunda ayda 400-500 manata aparıcı mütəxəssis işləməyə razılaşarmı? Bu sualın cavabı yoxdur, sadəcə qeyri-ciddi söhbətdir. Nə etmək lazımdır? Bir anlıq fikirləşək, biz nə istəyirik – rəsmi maaşı 1500 manat olan, amma əslində, Allah bilir, hansı mənbədən ayda 40-50 min manatlıq paket alan və mümkün olan hər addımda yeyinti və korrupsiyaya həvəslənən məmur, yoxsa, heç bir mənbədən asılılığı olmayan, məsuliyyətli və həddən artıq mürəkkəb mühitdə düzgün və obyektiv qərar verməyə qadir olan idarəçi? Əslində, dövlət orqanlarında aparılacaq islahatların nəticəsi, məmurlara və onların işinə yanaşmanın necə olacağı, cəmiyyətin və ölkə rəhbərliyinin bu suala verəcəyi düzgün cavabdan asılıdır. /FED.az/ Geri qayıt |