Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Lay-lay, bala, lay-lay...
Lay-lay, bala, lay-lay...14-10-2020, 09:59 |
“Artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar” - prezident İlham Əliyev “Haber Global”a müsahibəsində bəyanat xarakterli bu fikri söylədiyi halda, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov sentyabrın 27-dən bəri mürgüləyir. İ.Əliyev ardınca arxayın tərzdə əlavə etdi ki, kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq: “Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz”. Və erməni işğalçılarının təcavüzkarlığını, Gəncədə terror törətməsini dünyaya car çəkməli olan Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov hələ də - iki həftədir ki, “payız yuxusuna gedib”. Anaxeber.info sual edir - cənab Muradov və dövlətdən milyonlar alan komitəsi nəyi, kimi, hansı anı gözləyir? Gözləyir ki, diaspor işini də prezident təşkil etsin?! Ay-hay... Bu gün dünyanın müxtəlif ölkələrində ermənilər etiraz aksiyaları keçirirlər - Fransada, ABŞ-da, Avropa İttifaqı önündə... Az qala diz çöküb ağlayırlar, imdad diləyirlər, özlərini qurban kimi təqdim edirlər ki, amandır, Azərbaycan və Türkiyə bizi xəritədən silir, ey xristian dünyası, bu dini ilk qəbul etmiş millətin dadına çatın. Mahiyyət budur! Ənənəvi olaraq yazıq və əzilmiş sifət alan vəhşi, işğalçı ermənilər Qərbdə haray-həşir qopardığı halda, bizim Diaspora Komitəsi, ayrı-ayrı ölkələrdə yeyib - içmək məclislərindən başı ayılmayan diaspora təşkilatları yuxulayırlar. Yalnız ötən gün Amerikanın Hyuston şəhərində bir qrup həmyerlimiz etiraz aksiyası keçirib. Halbuki, Gəncə terrorunu dünyanın gözünə soxmaq lazım idi: günahsız yerə ölən dinc sakinlərin adları məlum, fotoları ortada, yaralı körpələrimiz göz qabağında, gecə saat 2-də raketlə vurulmuş yaşayış binasının görüntüləri var və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bundan böyük sübut ola bilməzdi. Amma Fuad Muradovun və dəstəsi - rəhbəri olduğu Diaspora Komitəsinin missiyasını, işini də gecəsini gündüzünə qatan, yorulmaq bilməyən prezidentin köməkçisi Hikmət Hacıyev yerinə yetirməli olur, bütün diplomatik korpusu Gəncəyə dəvət edərək erməni vandalizmi ilə tanış edir. Bəs sizin vəzifəniz nədən ibarətdir, cənab Muradov? Ümumiyyətlə, Vətən müharibəsi başladığı gündən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti olmayıb. Ermənilər Belçikada, Los-Ancelesdə, Avropanın müxtəlif şəhərlərində aksiyalar keçirir, bizim diaspor təşkilatlarımız isə gözləmə mövqeyindədirlər. İllərlə ayrılan vəsaitlər, xərclənən pullar hara gedib? F.Muradov Almaniyada qurduğu restoran biznesindən, “Azərbaycan evləri” layihələrindən başını bir az qaldırsa, erməni təbliğatının, düşmənin diasporlarının nə ilə məşğul olduğunu bəsirət gözləri ilə görəcək. Erməni diaspora birliyi küçələrə axışır, dünyanın diqqətini cəlb edir, onları inandırır, guya Azərbaycan tərəfindən hərbi həmlələrə məruz qalıblar, guya Qarabağdakı dinc erməni əhalisi atəş altındadır. Və Qərb dünyasını aksiyalarla, sosial mediada təbliğatla inandırmağa çalışırlar. Hərçənd, bizim diaspora fəaliyyətimiz mütəşəkkil təşkil olunsa, Avropadakı soydaşlarımız və F.Muradovun komitəsi fəallıq nümayiş etdirsə, əsl işğalçı, əsl terrorçu, dinc insanları hədəfə alan əsl qüvvənin kimliyi meydana çıxacaq. Bu günə kimi Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Beyləqan, hətta Xızı, ən nəhayət Gəncənin artilleriya atəşinə tutulması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb. Amma Diaspora Komitəsi bu faktları, erməni vandalizmini dünyaya çatdırmaq üçün heç bir effektiv iş görməyib. Ümumiyyətlə, biz elə bir dövrə gəlmişik ki, həm informasiyanın sürəti, həm hadisələrin axarı, həm operativlik, mobil idarəçilik, dünya ilə ayaqlaşmaq, ələlxüsus, 100 illik oturuşmuş erməni lobbiçiliyi ilə mübarizə baxımından diaspor işini ən yüksək səviyyədə qurmalıyıq. Yuxarıdakı bu sətirlərin altından çizərək qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti və prezident bundan sonra diaspor işinin təşkilinə xüsusi önəm verməlidir. İlk növbədə komitəyə sanballı, nüfuzlu, dünyanın bir çox ölkələrində sözü keçən ziyalı, yaxud kadr sədr təyin olunmalıdır. Əgər, misal üçün Polad Bülbüloğlu səviyyədə qəbul edilən ziyalı defisitliyimiz varsa, o zaman ikinci prioritet önə keçir - yaxşı menecer, bu işi bilən aktiv kadr komitənin başına gətirilməlidir. Fuad Muradov isə bu parametrlərin heç birinə cavab vermir. Nə cəmiyyətdə və diaspora təşkilatlarında böyük nüfuz sahibidir, nə də bu sahəni dərindən bilir. Onun deputat olduğu dövrdə fəaliyyəti passiv, ictimaiyyətdə qəbuledilməz idi. Diaspor Komitəsinə gəlişi isə heç bir nəticə vermədi, etimadı doğrultmadı. Bununla belə, F.Muradovun işinə qiymət diqqətdən kənarda qalmışdı. Amma Tovuz döyüşləri, sonra ermənilərin ayrı-ayrı ölkələrdə vətəndaşlarımıza hücumları, Los-Ancelesdə törətdikləri cinayətlər göstərdi ki, diaspora işində ciddi boşluqlar, nöqsanlar mövcuddur. Partlayış nöqtəsi isə Qarabağda başlayan və davam edən müharibədir; Ordumuz uğurlar qazanır, Prezident qətiyyətli çıxışları ilə tarix yazır, Xalq ayaqdadır, iqtidar-müxalifət, media, bir sözlə, ölkə həmrəydir, möhtəşəm bir milli birlik nümayiş etdirilir, ermənilərin isə gücü terrora, dinc sakinlərimizi qətlə yetirməyə və sonra dünyada həşir qoparmağa çatır, Diaspora təşkilatlarımız və Fuad Muradov isə... Anaxeber.info Geri qayıt |