Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”...
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”...27-11-2020, 16:51 |
Azərbaycanda müxtəlif iqtisadi sahələrdə islahatların aparılmasının vacibliyi illərdir ki, müzakirə mövzusudur. Vergi və gömrük islahatlarının aparılması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, “maliyyə amnistiyası”nın tətbiqi, sahibkarlığın inkişafı üçün şəraitin yaradılması iqtisadi müzakirələrin mərkəzində dayanır. Doğrudur, son 2 il ərzində aparılan islahatların Azərbaycan iqtisadiyyatında önəmli rol oynadığını demək olar, amma görüləsi işlər də hələ çoxdur. Xüsusilə Azərbaycana böyük vəsaitlərin tələb olunduğu indiki məqamda. Məlum olduğu kimi, müharibə külli miqdarda vəsait hesabına başa gəlir. Digər tərəfdən isə pandemiya digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatını da kiçildib, gəlirlər azalıb. Qarşıda isə işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulması, əhalinin bu ərazilərə köçürülməsi işləri dayanır. Bu məqsədlə yeni maliyyə mənbələrinin yaranması üçün Azərbaycan iqtisadiyyatında hansı islahatlar aparıla bilər və mövcud şəraitdə hansı işlərin görüləcəyi daha real görünür? İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bir-birini tamamlayan üç istiqamətli - qısamüddətli, ortamüddətli və uzunmüddətli planın hazırlanmasına ehtiyac var: “Bizə qısa müddətə - yəni 1, 2 ili nəzərə alaraq maliyyə vəsaiti lazımdır. Çox təəssüf ki, Azərbaycan reallığında qısa müddətdə əlavə maliyyə mənbələri tapmaq çətin olacaq. Ya Dövlət Neft Fondunun vəsaitlərindən daha çox istifadə etməyə məcburuq, ya da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gələn il daha ciddi addımlar atılmalıdır. Böyük dövlət əmlakına malik olan müəssisələrin qismən və ya hissə-hissə özəlləşdirilməsi xarici kapitalın daxil olmasına şərait yarada bilər. Bu, təbii ki, qısamüddətli tədbirlərdir”. İqtisadçı deyir ki, paralel olaraq biznes fəaliyyətinin liberallaşdırılması, rəqabətli mühitin artırılması, müəyyən vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı işlər aparılmalıdır: “Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin (DGK) əlavə bir struktur kimi qalmasına ehtiyac yoxdur. Çünki bu, mərkəzləşdirilmiş iqtisadi siyasətin aparılmasına mane olan faktora çevirilib. Bu qurum İqtisadiyyat Nazirliyinin tərkibində bir department kimi fəaliyyət göstərə bilər, büdcəyə daxil olan vergi və gömrük vəsaitlərinin bir mərkəzdən daxil olması daha yaxşı olar. Onsuz da DGK-nin yığdığı vəsaitlərdən bir hissəsi vergidir - əlavə dəyər vergisi. Adından da göründüyü kimi, vergi növü olmasına baxmayaraq, Gömrük Komitəsi tərəfindən toplanır və sonra büdcəyə ötürülür. Sonradan şirkətlərin fəaliyyət dönəmində əvəzləşdirmələr aparılır. Bu, qarışıq bir sistemdir. Daha aydın, sadə sistemə keçid edilməlidir. Vergi dərəcələrinin özü də sadələşdirilməldir. Ən azı yaxın 5 illik müddətdə yeni Vergi Məcəlləsinə - sadələşdirilmiş Vergi Məcəlləsinə ehtiyac var. Burada ancaq fəaliyyət növü üzrə, dövriyyədən vergi nəzərdə tutulmalıdır. Vergi növləri çoxdur, qarşıqlıq yaradır, biznesə maneə törədir. 1970-80 ci illərdə Dubayda tətbiq olunan vergi sisteminə bənzər bir sistem yaradılmalıdır. Burada istiqamət növləri müəyyənləşdirilirdi və ancaq dövriyyədən vergi tutulurdu. Məsələn, istehsalla məşğul olanlarda dövriyyənin 2 faizi, ticarətlə məşğul olanlarda dövriyyənin 5 faizi, xidmətlə məşğul olanlarda dövriyyənin 10 faiz (bəzi ölkələrdə restoran, kafelərdə müştəridən hesabdan əlavə vergi də alınır) ola bilər”. Azərbaycana 10 milyard dollarla vəsaitin lazım olacağını deyən Natiq Cəfərli bu vəsaitin yalnız Dövlət Neft Fondundan əldə edilməsinin çətin olacağını deyir: “Pandemiya ilə əlaqədar dünyada, o cümlədən də Azərbaycanda iqtisadi aktivlik azalıb, iqtisadi daralma var, neftin qiymətinin hələ uzun müddət aşağı olacağı gözlənilir. Bu günlərdə dünyanın ən böyük neft şirkətlərindən olan “ExxonMobil” şirkəti böyük bir hesabat açıqlayıb. Onlarla səhifəlik bir hesabatda yaxın 7-8 illik bir dövr ərzində - yəni 2027-2028-ci illərə qədər neftn qiymətinin 50 dollardan aşağı olacağı proqnozlaşdırılır. Bu baxımdan, biz artıq resurs iqtisadiyyatından real iqtisadiyyata keçid etməliyik. İşğaldan azad olunmuş torpaqların bərpası, orda normal sistemin qurulması bizim iqtisadi yüksəlişimizin əsas mühərriki ola bilər. Bu yolla neftdən asılılığımızı da azalda bilərik”. İqtisadçı deyir ki, maliyyə mənbələrinin əldə edilməsi istiqamətdə görüləcək işlər sırasında “maliyyə amnistisiyası”nın tətbiqi də mühüm rol oynaya bilər: “Biz REAL olaraq 2003-cü ildə bu təkliflə çıxış etmişik və bu, bizim proqram sənədlərimizdə də var. “Maliyyə amnistiyası” mütləq olmalıdır. Geç-tez iqtisadi münasibətlər “ağardılmalıdır”. Təbii ki, “maliyyə amnistiyası”nın şərtləri var. Maliyyə vəsaitlərinin hansı yolla əldə edilməsinə baxılmalı, ona uyğun olaraq da “maliyyə amnistiyası”nın vergisi, “ağarma” xərcləri müəyyənləşdirilməlidir, bu, 25 faiz də, 50 faiz də ola bilər. Bu faiz ümümi razılığa əsasən müəyyən olunar. “Maliyyə amnistiyası” ilə bağlı həm də zəmanətlər olmalıdır. İndiyə qədər müxtəlif üsullarla - əksər təqdirlərdə korrupsiya ilə əldə olunan vəsaitlər bəyan edildikdən sonra onların insanların əlindən alınmayacağına dair bir zəmanət olmalıdır. Əvvəl də təklif etmişdik ki, bununla bağlı bir “Tərəqqi” fondu yaradıla bilər. Həmin fondun vəsaitləri yalnız kiçik və orta sahibkarlığın inkişafına, sosial layihələrə xərclənər. Bu fond vasitəsilə kiçik və orta sahibkarlara aşağı faizlərlə və ya faizsiz kreditlər verilə, şəhid ailələrinin və qazilərimizin bütün sosial problemlərini həll etmək olar. Biz həm də bunu etməyə borcluyuq, çünki hərbi qələbə onların sayəsində mümkün olub. Bir çox sahələr üzrə kompleks düşünülmüş böyük tədbirlərə ehtiyac var”. Geri qayıt |