Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Göygöl sakinləri nəyi tələb edirlər?

Göygöl sakinləri nəyi tələb edirlər?


7-12-2020, 08:40
Göygöl sakinləri nəyi tələb edirlər?
Göygöl rayonunun Çaykənd kəndində maraqlı təhsil problemi və sosial tələb baş qaldırıb. Kənd sakinləri fəaliyyətini yarıtmaz və lüzumsuz hesab etdikləri Xanlar Elmidarov adına Çaykənd kənd ümumi orta məktəbinin bağlanmasını tələb edirlər. Məktəbin bir sıra statistik göstəriciləri və formal fəaliyyəti də sözügedən təhsil ocağının qanunla nəzərdə tutulmuş normal funksional tələbləri daşımadığını üzə çıxarır, irad və təklifi aktual edir.

Göygöl sakinləri nəyi tələb edirlər?

Şikayətçi kənd sakinlərinin “Demokratik.Az”-a bildirdiyinə görə, adıkeçən məktəbdə müntəzəm olaraq cəmi 20 şagird təhsil alır ki, onlara görə 20-dən artıq müəllim və texniki işçi heyəti ştatı mövcuddur. Məktəbdə cəm olan 7 sinif hər birində 2, ən yaxşı halda 3, maksimum da 5-7 şagirddən formalaşdırılıb. Şagird sayının azlığından, bütün dərslər üçün yuxarı və aşağı siniflər birləşdirilərək çarpaz dərslər keçirilir. Dərsə davamiyyət və tədrisin keyfiyyəti əvvəlki illərdə də ilboyu yetərincə aşağı həddə olub. Bəzi valideyinlərin öz övladlarını repititora etibar etməsi də məktəbin var olmasına artıq çıxış yolu deyil. Hazırda pandemiya dönəmində məsafəli tədrisin tələblərindən məktəb uşaqlı-müəllimli pərən-pərən düşüb. Kənd yeri və sakinlərin maddi – texniki imkansızlıqlarının, internet məhdudluğunun varlığı, xüsusilə müəllimlərin distant qabiliyyətsizliyi isə şagirdlərin müəllimlə və dərslərlə olan təmasını tamamən heçə endirib.
“Demokratik.Az”-ın əldə etdiyi digər mühüm faktlara baxanda da aydın olur ki, bu məktəb süni qaydada saxlanılmaqla yalnız və yalnız kimlərəsə havayı maaş verilməsində, əslində faktiki maliyyə israfçılığında rol oynayır. Fəaliyyətinin heç bir məntiqi və qanuni əsasları olmayan məktəbin bağlanmasına haqlı təşəbbüs edən şikayətçilərin bildirdiyinə əsasən, buranın direktoru Anar Rzayev də öz “savad və qabiliyyətilə” həmkarları arasında seçilməkdədir.
Şəkildə - direktor Anar Rzayev
Göygöl sakinləri nəyi tələb edirlər?

İddialara görə, əvvəllər Göygöl RTŞ-də inspektor və ya metodist kimi çalışmış direktorun özü 2 ilə yaxındır ki, “məktəb direktorlarının işə qəbulu üzrə” Təhsil nazirliyinin təşkil etdiyi müvafiq testdən keçə bilmir. 2018-ci ilin yanvar ayından müqavilə əsasında məktəbə rəhbərlik edən Anar Rzayev son illərdə buranı özünün kommersiya mağazası kimi işlədərək sanki karyera yüksəlişinə, əlavə revanşa çalışır. Dəqiqləşdirə bildiyimiz məlumata görə, A.Rzayev sabiq icra başçısı Arif Seyidovun özəl tapşırığı sayəsində direktor olub. Özü də bunu gizlətmir.
Məktəbdə onsuz da az olan dərs saatlarının bölgüsündə özbaşınalıq yetərincədir. Bu mənada, yalnız Hüseynovlar ailəsinin qabiliyyəti diqqətçəkəndir. Belə ki, məktəbin saxta diplomlu tarix müəllimi Hüseynov Dağyunus Məhəmməd oğlu və eyni soyadlı yaxınları direktorla əlbir olaraq bütün ştatları zəbt edib büdcə pullarını havayıca mənimsəyirlər. Adıçəkilənin oğlu Turac Hüseynov gözətçi kimi, qardaşının övladları və ailə üzvləri də məktəbdə müxtəlif fənn müəllimləri kimi “ailə ansamblı” yaradaraq məvacib alırlar.
Şikayətçilər bildirir ki, sözügedən məktəbin ləğvi üçün kənddə fəaliyyət göstərən Süleyman Əliyev adına Çaykənd kənd tam orta məktəbinin varlığına da diqqət ayrıla bilər. Və belə olarsa, kəndin şagird qıtlığı digər məktəbdə də qismən aradan qalxmaqla keyfiyyətli tədrisin təşkilinə daha çox önəm verilməsi, valideyinlərin təhsil prosesinə daha yaxşı cəlb edilməsi, əlavə büdcə məsrəflərinə qənaət edilməsi mümkün olar.
Şikayətlə əlaqədar onu da qeyd etməliyik ki, məktəbin direktoru vəzifəsini icra edən Anar Rzayev hər il tədrisin əvvəlində tarifikasiya təsdiqində sənəd saxtalaşdırması edərək real şagird sayını 2(iki) dəfəyədək artırmağa nail olub. Belə ki, direktor bu məqsədlə kənddə fəaliyyət göstərən 58 saylı Kəlbəcər tam orta məktəbinin və başqa qonşu məktəblərin şagirdlərinin ad və soyadlarından istifadə edib. İnanırıq ki, bu qanunazidd əməl də Təhsil Nazirliyi və TN yanında Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçün xüsusi araşdırma mövzusu olacaq.
Xatırladaq ki, anoloji vəziyyət ölkəmizin bir çox kənd və rayonlarında da mövcuddur. Problem birmənalı olaraq sünidir, çıxış yolları və özünü doğruldacaq təkliflər isə yetərincədir.
Şəkildə - Təhsil eksperti Kamran Əsədov
Göygöl sakinləri nəyi tələb edirlər?

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədovun fikrincə, belə halların aradan qaldırılması istiqamətində mövcud dövlət proqramı çərçivəsində işlər aparılır. Proqnozlaşdırılır ki, 2023-cü ilədək məktəblərin komplektləşdirilməsi prosesində şəffaflıq təmin edilsin, xüsusilə də azkomplektli məktəblərdəki sözügedən anoloji nöqsanlar aradan qaldırılsın.
Ekspertin bildirdiyinə görə, sakinlərin şikayətləri əsasında sözügedən azşagirdli məktəb və məlum siniflər ləğv edilə bilər. Təhsil qanunvericiliyi və deyilən arqumentlər də bunu zəruri edir. Ancaq, nazirlik ilk növbədə orada çalışan müəllimlərin də qayğısına qalmaqla gələcəkdə onları işsiz qoymamalıdır.
Qanunvericiliyə görə isə, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına yol verilir. Lakin, say zəruri istisna hal və məcburiyyət olmadıqca, bir neçə şagirdlə sinif açılmasını tamamilə qadağan edir. Nəzərə alınsa ki, Çaykənd kəndində bir neçə məktəb var, bu halda sakinlər öz irad və təkliflərində tamamilə haqlıdırlar.
Doğrudan da Çaykənddə azşagirdli 2 məktəb kimlərə və niyə lazımdır?
Müstəqil media olaraq bu müraciətə qoşulur, Təhsil nazirliyini Çaykənddəki uyğunlaşdırılmış dar binada yerləşdirilən, otaqları darısqal, müəllimlərinin sayı şagirdlərin sayı qədər olan Xanlar Elmidarov adına Çaykənd kənd ümumi orta məktəbinin bağlanması təklifini dəyərləndirmək üçün büdcə və təhsil şəffaflığı naminə müvafiq yoxlama aparmağa çağırırıq...
Osman Nərimanoğlu
Demokratik.Az

Geri qayıt