Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əlillərin məhkəməyə əlçatanlığı təmin edilmir
Əlillərin məhkəməyə əlçatanlığı təmin edilmir26-06-2021, 12:57 |
DİA.AZ: - "Yay gəlincə, Milli Məclisdə “qızmar” iclaslar daha da qızışmaqdadır. Uzun müddət əlilliyi olan şəxslərə saxta diqqət və qayğını pərdələməkdən yana, saxta əlillər, qazilər qonusunu ortaya atanlar əlillik meyarlarını toplumun “şəbəkə müzakirəsi”nə verməklə, “AzTV şousu” göstərməklə diqqəti başlıca məqsəddən, dövlətin ana xəttindən yayındırmağa nail olunub . Dövlətin ali məqsədi isə ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun -Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi ilə döğrulanıb : “ DÖVLƏTİN ALİ MƏQSƏDİ İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARININ VƏ AZADLIQLARININ , AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT SƏVİYYƏSİNİN TƏMİN EDİLMƏSİDİR”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Mövzumuz əlillərin hüquqları ilə bağlı olduğundan Ana Qanunun 38-ci (“Sosial təminat hüququ”) və 60-cı maddəsi ilə təminat verilən “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” maddələrini diqqətə çatdıraq. Qısaca vurğulayaq ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, amma gerçəkdə elə məhkəmənin özünün bu maddi hüquqa prosessual qadağa qoyması qanuniləşdirilir. Hazırda Mülki Prosessual Məcəllənin (MPM) 174-cü maddəsinə vəsatət verməyə görə vəkilə 500 manata qədər cərimə tətbiq edilməsi barədə bənd əlavə edilməsi və rüsumların 100 manatdan başlaması ilə bağlı müzakirələr belə deməyə əsasdır. Təsəvvür edin, yataq xəstəsi əlil hansısa sosial hüququnun pozulmasına görə iddia qaldırmaq üçün ən azı 100 manat ödəməlidir ki, praktiki olaraq mümkün deyil. Elə “AzTV” şousunda Qarabağ əlili Şamayil Mustafayevin “həkim-ekspert”lər tərəfindən təxribata çəkilməsini götürək. Əlilə, kəllə-beyin travması almış şəxsə qarşı bu münasibət hansı normaya sığır? “Şou”dan açıq-aşkar görünür ki, şəxs əlilliyi olandır, etdiyi hərəkət də güclü psixi-emosional pozuntunun, hüquq dilində desək, anlaqsızlığın təsirindəndir. Anlaqsız durumda edilən hərəkətlərə görə isə qanunvericilikdə cəza nəzərdə tutulmayıb. Fikrimiz diqqəti “həkim-ekspert”lərin qanunsuz hərəkətlərinə yönəltmək, məhkəməyə əlçatanlığın əlçatmaz olmasını diqqətə çatdırmaqdır. Əlbəttə, əlilin öncədən ayrılan müdafiəçisi olsa idi, onu qanunsuzluqdan çəkindirər və mülki qaydada məhkəməyə müraciət etmək yolunu tutardı. Məhkəmənin işə necə baxacağı artıq başqa söhbətdir. İndi MPM-ə vəsatət verməyə qadağa qoyan dəyişikliyin edilməsi hüququn üstünlüyünə yox , hüququn aşağılanmasına gətirəcək. Onsuz da normal vəkilliyin , məhkəmə müdafiəsinin olmadığı göz önündədir , bir yandan da “vəsatətlərin əsaslılıq dərəcəsi” 500 manata qaldırılır! Hansı vəkil müdafiəçisi olduğu aztəminatlı şəxsin, yataq xəstəsi əlilin hüququ üçün 50 manatlıq dövlət büdcəsindən aldığı vəsaitin üstünə 450 manat da əlavə edib, büdcəyə qaytarmaq təhlükəsi altında “təhlükəli vəsatət” verər? “Əlilliyi olan şəxslərin hüquqları” haqqında 31.05.2018-ci il tarixli qanunda əlillərin məhkəmələrə əlçatanlığı məsələsinə baxılmalıdır. Başqa sözlə, əlil hüquqlarının, əlillərin Konstitusiya ilə təsbit edilən insan hüquqları və azadlıqlarının məhkəmədə müdafiəsi üçün onların olduqları , yaşadıqları yerə ən yaxın məhkəməni seçmək hüququ tanınmalıdır. Yoxsa, Lerikdə yaşayan yataq xəstəsi əlil hansısa inzibati məhkəməyə, istəsə də gedə bilməz axı! Vəkillər Kollegiyası, regional vəkil büroları əlillərin müdafiəsinə yüksək ödənişlə cəlb edilməlidir. Cəriməni, vəsatət “rüsumu”nu artırmaqdansa, aztəminatlı şəxslərə vəkil xidməti haqqını artırmaq daha məntiqli olar. Yeri gəlmişkən, MPM-in 67-ci maddəsi də aztəminatlı şəxslərin hüquqlarına qadağaya gətirir. Bu maddə kassasiya və digər qaydada Ali Məhkəməyə müraciət edəndə vəkilin məcburi iştirakını tələb edir. Təsəvvür edin, kassasiya şikayəti vermək üçün prosessual müddət 10 gündür , vəkil ayrılması haqqında ərizəyə baxılması isə ortalıq 2 ay çəkir, daha 2 ay vəkil havayı olduğundan işə çıxmaq istəmir və beləcə vətəndaşın Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan məhkəmə təminatı , 61-ci maddə ilə təminat verilən hüquqi yardım almaq hüququ pozulur. Bu “məcburi hüquq” Avropa Məhkəməsinə, eləcə də Konstitusiya Məhkəməsinə müraciət etməyə süni əngəllər yaradır. Və, deyəsən, elə başlıca məqsəd də budur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə qadağa qoyulsun. Bir məsələni də vurğulayaq ki, mülki məhkəmə icraatında vəkilin məcburi iştirakı nəyə gərəkir? Nəyə görə, vətəndaş özünə pulla vəkil tutmalıdır və indi təklif olunan dəyişikliklə heç vəsatət hüququ da tanınmır ?! Kərbalayi demiş, bir azdan kassasiya şikayətinin yazılmasına da cərimə qoyacaqlar. Gerçəkdə, şikayətin yazılmamasına görə, vəkillikdən imtinaya görə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisin diqqətinə onu da çatdıraq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 14.3 maddəsi də əlillər barədə ayrı-seçkilik deməkdir. Burada yazılıb ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlil olmuş şəxslər istisna olmaqla, digər əlillərin fərdi evlərdə sosial infrastruktur ilə təminatı onların öz hesabına həyata keçirilir. Belə çıxır, müharibə əlilləri, anadangəlmə əlillər özlərinə on minlərlə manata başa gələn infrastruktur qurmalıdır? Bu ayrı-seçkiliyə də son qoyulmasına baxmaq olar. Ümumiyyətlə, ölkədə əlilliyi olan şəxslərin hüquqlarını qoruyan qurum yoxdur. Bu yoxluğun yerini doldurmağa ehtiyac var". Geri qayıt |