Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zaur Əliyev də istefa verməliydi...

Zaur Əliyev də istefa verməliydi...


17-09-2021, 11:37
Zaur Əliyev də istefa verməliydi...
Azərbaycana xaricdən gələn bütün gözəl ideyalar və təşəbbüslər bir ilin içində zay olur. Çünki idarəetmə yarıtmaz olur, yeni sistem rüşvətə bulaşır, “üstü bəzək, altı təzək” siyasəti yürüdülür.
Anaxeber.info bildirir ki, bu mənada icbari tibbi sığortanın “təşkili” də təəccüb doğurmadı. Çünki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun sədri Zaur Əliyev bu işdə heç bir yenilik gətirməyiblər.
Əslində TƏBİB sədri Ramin Bayramlı ilə yanaşı Agentliyin rəhbəri Zaur Əliyev də yarıtmaz, bərbad, bacarıqsız menecmentliyinə görə istefa ərizəsini yazmalıydı. Ona görə ki TƏBİB-in uğursuzluqlarının başında da Z.Əliyev dayanır.
Əgər TƏBİB pandemiya ilə mübarizədə üz-gözünə bulaşdırdısa, Agentlik də tibbi sığortanın təşkilində eyni dərəcədə biabırçılığa imza atıb.
Artıq ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin 6 ayı tamam olacaq. Lakin “köhnə hamam, köhnə tas” davam edir. İstənilən xəstəxanaya və poliklinikaya müraciət etməklə əsl gerçəkliyi görmək mümkündür.
Məlum olacaq ki, vətəndaşlar tibbi sığortanın imkanlarından faydalana bilmirlər, yenə ağxalatlıların cibinə pul basmaq, yenə “hörmət” qüvvədədir. O zaman tibbi sığorta kimlər üçün tətbiq olunub? Bundan kim yararlana bilir? Z.Əliyev ayrılan vəsaitləri hara xərcləyir?
Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu?
Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, Agentliyin maliyyələşməsinin əsas yükü büdcənin üzərinə düşəcək. İndi vətəndaşlar bu imkandan istifadə edə bilmirsə, yenə həkimə rüşvət verilirsə, onda büdcə pulları hara axır, bu, talan, korrupsiya deyilmi?
Ümumiyyətlə, səhiyyənin pərən-pərən salınması, üç strukturun bacarıqsızlığı vətəndaşları boğaza yığıb: əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı.
Əslində, yanvardan bəri tibbi sığortanın təşkilində müəyyən irəliləyiş olmalıydı. Amma bunun üçün ilk növbədə istək olmalıdır. Z.Əliyevin rəhbəri olduğu qurum isə xəstəxanalardakı vəziyyətə nəzarəti həyata keçirmir.
Agentlik tibbi sığortanın tətbiqindən öncə həkimlərin, tibbi işçilərinin ələbaxımlılığına son qoymalıdır.
Bu isə hökumətin siyasətində əksini tapmalıdır. Yəni həm həkimlərin maaşı yüksək olmalıdır, həm vətəndaşların rifah səviyyəsi...
Əks təqdirdə tibbi sığorta görüntü xətrinə bir prosesə çevriləcək. Heç bir vətəndaş xəstəxanada həkimə pul verməmiş qəbuluna düşə bilmir, kimsə pul verməmiş analiz, müayinə etdirə bilmir, o zaman Z.Əliyevin missiyasının adı nədir?
Ümumiyyətlə, icbari tibbi sığortanın işlək mexanizmi olmayacaq. Əgər həkimin haqqı ödənmirsə, bunda heç bir müəssisə maraqlı olmayacaq. Heç kim istəməz ki, kimsə onun şəxsi mülkünə və ya qazandığı pula nəzarət etsin. Ona görə islahatlar adı ilə başladılan bütün sahələr üzrə prosesin yekunu əvvəlki bazarla müşayiət olunur, yenə vətəndaşın əli cibindədir, dəyişən isə fiqurlar və qurumların adlarıdır.
AzadlıqRadiosunun hazırladığı reportajdan da görünür ki, vətəndaşlar narazadırlar. Bakı sakinlərindən biri deyir ki, qeydiyyatda olduğu poliklinikada bir sıra analizlərini verə bilməyib, bəzi analizlər isə ödənişlidir: “Adi ALT, AST (Qaraciyərin, ürəyin və eninəzolaqlı əzələlərin zədələnməsinin diaqnostikasında istifadə olunur) analizlərinin olmadığını bildirdilər. Dedilər ki, bu analizləri vermək istəyirəmsə, özəl klinikaya getməliyəm. Ümumi qan analizinə görə isə pul istədilər. Üstəlik də, dedilər ki, İcbari tibbi sığortanın tətbiqi tam başlamayıb. Mən yaşlı, pensioner adamam. Özəl xəstəxanalara pulum çatmır. Axı apreldən bütün bunlar pulsuz olmalı idi”.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da təsdiqləyir ki, icbari tibbi sığorta ölkə üzrə 6 aydır işə düşməsinə baxmayaraq, hələ də vətəndaşlar və həkimlər ona tam olaraq etibar etmir., sistem tam gücü ilə işləyə bilmir.

Anaxeber.info


Geri qayıt