Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?
Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?18-09-2021, 08:47 |
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…” Bu sözləri prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib. Qeyd edək ki, dövlət tenderlərinin məmurların yaxın çevrəsinə məxsus şirkətlər arasında pay-püş edilməsi media və sosial şəbəkələrdə tez-tez qabardılsa da, ciddi tədbir görülmür. Satınalamalar üzrə Dövlət Agentliyi tender sifarişi verən dövlət qurumlarının qeyri-rəsmi istəkləri üzrə qərarlar qəbul edir. Bu zaman yeni yaradılan MMC-lərə, praktik iş təcrübəsi olmayan, 10-20 manat nizamnamə kapitalına malik şirkətlərə üstünlük verilir ki, bu da tenderlərin qeyri-şəffaf və yeyintiyə əsaslanan bölgü olduğunu təsdiqləyir. Məsələn, prezidentin tenderlərdəki korrupsiya hallarını tənqid etdiyi gün mediada Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin qalib elan etdiyi şirkətlə bağlı məlumatlar açıqlanıb. Məlumatda qeyd olunur ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyərləndirilib. Açıq tenderin qalibi “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək. Vergilər Nazirliyinin informasiya bazasında aparılan araşdırma zamanı məlum olur ki, “XAN-2017” MMC təxminən 4 ay əvvəl – 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin fəaliyyəti barədə, o cümlədən, onun rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu haqqında internet resurslarında heç bir informasiya yoxdur. Beləliklə, dövlətin 3,7 milyon manatı cəmi 4 ay əvvəl yaradılan, heç bir iş təcrübəsi olmayan şirkətə verilib. Başqa bir fakta diqqət çəkək: bu günlərdə məhkəməsi davam etdirilən Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov “Azəraqrartikinti” şirkətinə nə az, nə çox – 31 milyon manatlıq tenderlər verib. Dövlət Xidmətinin keçirdiyi əksər tenderlərin qalibi məhz bu şirkət olub. Dövlət Turizm Agentliyi isə bu günlərdə “Daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyasının hazırlanması xidmətinin satın alınması tenderində” “Reprise Digital Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Həmin MMC-yə Dövlət Turizm Agentliyi 135 min 841 manat ödəyəcək. Qeyd edək ki, bu şirkət ötən il yaradılıb və cəmi 20 manat nizamnamə kapitalına malikdir. Səhiyyə Nazirliyinin Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderdə isə “Palma İnşaat” və “Fərid İnşaat” firmaları qalıb gəlib. Onlara müvafiq olaraq 9,123 milyon manat və 6,945 milyon manat, ümumilikdə 16,068 milyon manat ödəniləcək. Bu şirkətlər nazirliyin əksər tenderlərində “qalib gəlirlər”. Səhiyyə Nazirliyinin uzun illərdir tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi isə “Arash Medical Company”dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği bəlkə də yüz milyonlarla hesablana bilər. Aydındır ki, bu tip şirkətlərin arxasında yüksək vəzifəli dövlət məmurları dayanır, onlar bu yolla büdcə vəsaitlərini mənimsəyirlər. Belə faktların sayı yüzlərlədir, amma təəssüf ki, dövlətin maliyyə nəzarəti qurumları – Maliyyə Nazirliyi, Hesablama Palatası böyük miqyaslı korrupsiya əməliyyatları ilə bağlı ciddi tədbirlər görmür. Hüquq-mühafizə orqanları da mediada dərc olunan faktlara laqeyd yanaşır. Yalnız hansısa icra başçısı, yüksək vəzifəli dövlət məmuru həbs ediləndə onların bu tip cinayətləri üzə çıxarılır. Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, ölkədə irimiqyaslı korrupsiya hallarının baş verdiyi sahələrdən biri də tenderlərdir: “Hesab edirəm ki, bu sahədə korrupsiya hallarının aradan qaldırılması üçün həm qanunvericilikdə dəyişikliklər edilməli, həm də qanunların tətbiqinə dövlət və ictimai nəzarət gücləndirilməlidir”. Hüquqşünas qeyd etdi ki, hazırda “Dövlət satınalmaları haqqında” qanun və digər müvafiq normativ hüquqi aktlar dövlət satınalmaları sahəsində münasibətləri ümumən tənzimləmək üçün yetərlidir: “Lakin bu normativ hüquqi aktlar tender komissiyalarının təşkili, tenderlərin şərtləri, keçirilməsi və nəticələrinin obyektivliyi ilə bağlı məsələlərdə ədalətin, qanuniliyin və şəffaflığın təmin olunmasına real hüquqi təminatlar yarada bilmir. Ona görə də həmin normativ hüquqi aktlarda kompleks şəkildə qeyd edilən məsələlər üzrə təkmilləşdirmələr aparılmalıdır. Bununla yanaşı, dövlət satınalmalarında qanunvericiliyin düzgün və birmənalı tətbiqinə dövlət və ictimai nəzarət təmin edilməlidir. Bunun üçün tenderlərin keçirilməsi və nəticələri müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən monitorinq olunmalıdır”. H. Həsənov əlavə etdi ki, tenderlərin qalibləri, niyə məhz həmin qurumun qalib seçilməsi barədə məlumatlar insanlar üçün əlçatan olmalı, tenderlərin nəticələrinə dair geniş ictimai məlumatlandırma aparılmalıdır: “Bunlardan əlavə, tenderlərin qanunvericiliyin tələblərinə uyğun keçirilməməsinə, prosesin şəffaf aparılmamasına və tenderlərə kənar müdaxilələrə görə məsuliyyət tədbirləri də gücləndirilməli və sərtləşdirilməlidir. Beləliklə, hesab edirəm ki, dövlət satınalmaları sahəsində korrupsiya hallarının aradan qaldırılmasına belə bir kompleks yanaşma olarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər”. Geri qayıt |