Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kəlbəcər azad oldu... QALDI KƏLBƏCƏRİN TƏHSİLİ...
Kəlbəcər azad oldu... QALDI KƏLBƏCƏRİN TƏHSİLİ...2-12-2021, 16:46 |
Xatırladaq ki, bu ilin oktyabrında Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən Namiq Rəcəbov təyin edildi. Qeyd edək ki, ötən ilin noyabrın 25-də müzəffər Ordumuzun və Ali Baş Komandanın peşəkar diplomatiyası hesabına 28 il sonra düşmən işğalından azad edilən Kəlbəcərin məmurlarından, xüsusən təhsilindən şikayətlər daim aktualxeber.az-ın redaksiyasına daim gəlməkdədir. Həmin bu N.Rəcəbov haqqında da Kəlbəcər rayon 31 saylı tam orta məktəbin müəllimi İsmayılov Kamil Allahverdi oğlu tərəfindən yazılmış müraciət redaksiyamıza daxil olmuşdu. Təhsil nazirinə və bizə ünvanlanmış müraciətdə deyilirdi: “Cənab nazir, işlədiyim Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktoru Namiq Rəcəbovun saxta əməlləri barədə bir neçə faktı Sizə çatdırmaq istəyirəm. Namiq Rəcəbov 2001-ci ildə İnşaat Universitetin bitirib və Qəbələ rayon peşə məktəbində təlim ustası kimi fəaliyyətə başlayıb. Peşə məktəbində işləməyinə baxmayaraq 2002-ci ildə Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktorundan saxta arayış əldə etmişdir ki, guya riyaziyyat müəllimi işləyib. Halbuki həmin məktəbdə 1993-cü ildən indiyədək riyaziyyat fənnini mən və digər müəllim tədris edib. Həmin saxta arayışı Gəncə Müəllimlər İnstitutuna təqdim edərək 2003-cü ildə riyaziyyat və informatika ixtisasi üzrə guya Yenidənhazırlanma kursunu bitirmişdir.(Onu da qeyd edim ki, eyni müddətdə həm peşə məktəbində işləmişdir, həm də Gəncə şəhərində kursda olmuşdur. Belə hal mümkündürmü?) Həmin ildən Kəlbəcər rayon 31 saylı tam orta məktəbin direktoru, saxta arayış verən, İzzət Bayramov N.Rəcəbova ehtiyac olmadığı halda riyaziyyat və informatika müəllimi kimi işə qəbul edir. 2019-cü ildə N.Rəcəbov məktəbə direktor təyin olundu, elə həmin gündən o, özünəməxsus saxtakar əməllərini davam etdirdi. Öz yaxınlarından ibarət qrup yaradılaraq haqqın tələb edənləri cəzalandırır, ən zəif cəza töhmətlə nəticələnir. MİQ vasitəsilə məktəbə təyin olunmuş müəllimlərə bilərəkdən, qanunsuz olaraq H(1) kompensasiyası ödənilir. Özü kimi saxtadiplomlu, (Təhsil Nazirliyinin onların diplomlarının dövlət nümunəli olmadığını təsdiq etdiyi halda) məhkəmə qətnaməsi olmayan şəxsləri dərs saatları ilə qanunsuz olaraq təmin etmişdir. Sinif otaqları sayı az olduğu halda bir növbədə 12 sinif komplekti necə dərs keçmişdir? Nitq qüsurlu, danışıq qabiliyyətinə malik olmayan, lal uşağı evdətəhsilə cəlb etmişdir, halbuki həmin uşağa xüsusi təhsil müəssisəsi lazımdır. Evdətəhsilə cəlb olunmuş digər şagirdlərə indiyə qədər heç bir fənndən dərs keçilməmişdir, şagird fənn müəllimlərini hələ tanımır, dərnək və əlavə məşğələlər keçilmədən onların pulları mənimsənilir. Məktəbin 7 nəfər texniki işçisinə bilərəkdən, vəzifə səlahiyyətlərinən sui-istifadə edərək 20% əlavə əməkhaqqı yazmışdı.Məktəbin təsərrüfat müdiri iş saatlarının toqquşmasına baxmayaraq ikinci iş yerində də işləyirmiş, məktəbin müəllimi əsas iş yeri otel olmağına baxmayaraq (iş saatlarının toqquşmasına baxmayaraq) məktəbdə dərs aparmışdır. Direktor belə qanundankənar əməllərinə yol verməklə bilərəkdən həmin şəxslərə 8 ay maaş yazmışdır. N.Rəcəbov məktəbdə dərs bölgüsünü öz maraqlarına uyğun olaraq aparır, dərs saatlarını və sinif rəhbərliyini hərraca çıxarır. Naməlum səbəblərdən çoxillik təcrübəyə malik müəllimlərin əlindən sinif rəhbərliklərini alıb bir gün belə pedaqoji staja malık olmayan müəllimlərə verir. Direktorun bu və ya digər saxta əməlləri barədə dövlət orqanlarına rəsmi məlumatlar verdiyim üçün 2020-ci ilin sentyabr ayından etibarən mənə və yoldaşıma qarşı qərəzli mövqe nümayiş etdirir. 2020-ci ilin sentyabr ayının 22-də heç bir xəbərdarlıq etmədən, (maddə 68. 2.d bəndi) qanunsuz olaraq, 8-saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanovun göstərişilə yoldaşımı işdən azad etmişdir. (Yoldaşım 1990-cı ildən indiyədək məktəbdə texniki işçi kimi çalışmışdır). 08.10.2020-ci ildə şəhid qohumumun yas mərasimində iştirak etdiyimə görə 10. 10 2020-ci il tarixdə fövqəladə iclas təşkil edərək (maddə 10 a,b,c bəndləri) məni 6-cı sinifdə dərs keçdiyim zaman dərsi dayandırıb məni iclasa cağırtırıb mənə həm töhmət, həm sinif rəhbərliyim, həm də 5 saat dərsimi əlimdən almaq kimi üç cəza tədbiri görüldü. Cənab nazir belə cəza tədbirləri tək mənə tətbiq olunub, yoxsa şəhidlərimizin yas mərasimində iştirak edən hər bir kəsə tətbiq olunur ? Onu da qeyd edim ki, direktor öz saxta əməllərini ört-basdır edilməsi üçün lazımi dövlət orqanlarına izahat əvəzində şikayətçi barəsində yanlış və böhtan xarakterli məlumatlar verir. Əmək Məcəlləsindən və təhsil qanunundan xəbəri olmayan, inşaatcı, saxta arayış əsasında pedaqoq diplomunu əldə edən bu şəxs direktorların müsahibəsindən necə və hansı yolla keçmişdir? Xahiş edirəm Namiq Rəcəbovun qərəzli və qanunsuz əməlləri araşdırılıb lazımi qiymət verilsin”. Bu müraciəti ona görə xatırlatdıq ki, Namiq Rəcəbov barəsində redaksiyamıza yeni məlumatlar daxil olmuşdur. Aktualxeber.az-a daxil olan həmin məlumatlara görə Təhsil Şöbəsinin müdiri İcra başçısı Azər Qocayevi belə saymaq istəmir. Belə ki, ötən həftə Mingəçevirdə yerləşən 114 saylı orta məktəbin bir qrup müəllimi RİH başçısının qəbulunda olaraq N.Rəcəbovun onların iş rejiminə müdaxilə etməsini şikayət etmişlər. A.Qocayev də TŞ müdirinə elə onların yanında göstəriş vermişdir ki, direktorun işinə müdaxilə etməsin və kollektivi razı yola salsın. Amma elə qəbuldan çıxan kimi Namiq müəllim direktora zəng edib deyib ki, mən icra başçısına deyil, öz havadarlarıma tabeyəm, mənim dediyimi etməlisən. Maraqlıdır görəsən keçmişi qaranlıq olan, rüşvətxorluq edən bir şəxsin bu vəzifəyə gətirilməsinə, rayonun icra başçısını saymayacaq dərəcədə özbaşınalıq etməsinə kim belə şərait yaradır?! Ümidvarıq ki, əlaqədar orqanlar onun barəsində lazımi ölçü götürəcəklər. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az// Geri qayıt |