Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Zəlzələşünas” Elçin Xəlilov ordunun əmlakını talan edib
“Zəlzələşünas” Elçin Xəlilov ordunun əmlakını talan edib8-10-2014, 14:02 |
İctimaiyyətdə daha çox geoloq-alim, zəlzələnin proqnozlaşdırılması üzrə mütəxəssis kimi tanınan professor Elçin Xəlilov həbs olunub. Bu barədə ilk dəfə bu ilin aprelində Bakı Hərbi Məhkəməsindən məlumat verildi. Həbs xəbərində heç bir titulu göstərilmədən, sadəcə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi kimi təqdim edilmişdi. İlk baxışdan respublikamızda «zəlzələlərin proqnozlaşdırılması üzrə» tanınan alimin xəbərinin birbən-birə Müdafiə Nazirliyindən gəlməsi çoxlarını təəccübləndirə bilər. Geoloq alimin Müdafiə Nazirliyində mühüm vəzifədə işləməsi və yalnız həbs olunduqdan sonra «sabiq» adı ilə təqdim edilməsi maraqlıdır. İstintaqın sonrakı gedişi barədə məlumat verilməsə də, Analitik.az E.Xəlilovun həbsinin səbəbi, daha doğrusu, işlədiyi müddətdə yol verdiyi mənimsəmə və vəzifəsindən sui-istifadə hallarına dair məlumatlar əldə edib. Qeyd edək ki, daha çox zəlzələşünas kimi tanıdığımız Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2. (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2. (. Mənimsəmə və ya israf etmə (külli miqdarda törədildikdə)), 341.1. (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Məlumata görə, elmi fəaliyyət sahəsində yüksək titullara malik E.Xəlilovun hərbi xidmətdə də «polkovnik» (bəzi məlumatlara görə, «general») kimi özünü təqdim etməsi ictimaiyyətə bəlli olmasa da, MN sistemində çoxlarına məlum olub. Amma uzun müddət E.Xəlilovun cavabdeh olduğu sahəyə nə MN-dən, nə də Hərbi Prokurorluqdan heç kimsə müdaxilə etməyib. Buna səbəb kimi,onun keçmiş nazir S.Əbiyevlə çox yaxın, xüsusilə, «özəl münasibətlərinin» olması göstərilir. Eyni zamanda, professorun cavabdeh olduğu sahəni də «xüsusi əhəmiyyətli» kimi təqdim etmə bacarığının yüksək olduğu bildirilir. Tabeliyində olan hərbçi və mülki işçilər, şəxsi heyət üçün «əlçatmaz» nüfuz sahibi kimi təqdim olunması, özünü bu obrazda xüsusi bacarıqla göstərmək qabiliyyəti E.Xəlilovun MN-də uzun müddət mənimsəmə və «qulluq mövqeyindən sui-istifadə» etməsini kimsənin «görməməsi» ilə nəticələnmişdi. Birbaşa öz tabeliyinə aldığı hərbi hissənin bütün maliyyə-texniki fəaliyyətini yalnız özü yönəltməsi, illərlə MN-dən bu hissəyə adi yoxlamanın belə gəlməməsi onun «toxunulmazlığı»nın təminatı olmuşdu. Zakir Həsənovun müdafiə naziri təyin olunmasıdan az sonra E.Xəlilovun «xanimanı»nın dağılması isə heç də təsadüfi deyil. Bəs nə baş verdi? Necə oldu ki, E.Xəlilovun tabeliyindəkilərə «məxfi», «xüsusi əhəmiyyətli» kimi təqdim etdiyi fəaliyyətinin əslində dövlət əmlakını mənimsəmə, talama və vəzifədən sui-istifadədən başqa bir şey olmadığı məlum oldu? Rəsmi ittihama görə, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. …Bu, hələ 2013-cü ilin yay aylarında baş vermişdi. O vaxtdan keçmiş nazir, himayəçisi və yaxın adamı olan professoru müdafiə etməkdə çətinlik çəkirdi. Həmin vaxtdan Müdaifə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsi ilk dəfə olaraq E.Xəlilovun «kontoruna» ayaq basaraq, onun məsul olduğu sahəni yoxlamağa başladı. Nəticələr özünü çox gözlətmədi. Əvvəlcə, E.Xəlilovun rəhbərliyini ələ aldığı hərbi hissə ləğv edildi. Ardınca isə yoxlama materialları 2013-cü ilin noyabr ayında Respublika Hərbi Prokurorluğuna verildi. Müdafiə naziri dəyişəndən cəmi 10 gün sonra E.Xəlilovun işinin prokurorluğa göndərilməsi ona qarşı faktların nə qədər açıq olduğunu göstərirdi. Məlumata görə, fəaliyyəti dövründə E.Xəlilovun dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz şəxsi biznesini qurmaq, mal-materialın, avadanlıqların şəxsi məqsədləri üçün istifadə etmək halları aşkar olunub. Tabeliyində olanlar belə onun əslində hansı fəaliyyətlə məşğul olduğunu, hərbi hissələrdən əmlak və avadanlıqların tapşırılan istiqamətlərə nə məqsədlə aparıldığını bilmirlərmiş. Bunun hesabatanı ondan soruşan olmayıb. Əyninə hərbi forma geyinməsə də, tabeliyində olanlar ona «polkovnik», bəziləri isə «general» deyə, müraciət edirmişlər. Nazirlə xüsusi yaxınlığından əlavə, adlı-sanlı alimin «çox mühüm» bir şəxs olduğu və rəhbərlik etdiyi sahədə verdiy tapşırılqların sözsüz icra olunduğu bildirilir. Bakı şəhərinin və respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektlərin şəxsi məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar var. E.Xəlilov bu obyektləri xüsusi adlarla «kodlaşdırıbmış». «Gəmi», «Qusar», «Zəlzələ-1», «Zəlzələ-2», «Dəniz», «Çaykənarı» və s. kod adları ilə işarələnən məntəqələr, sən demə, E.Xəlilovun və qohumlarının şəxsi obyektlərinin, biznes qurumlarının yerləşdiyi məkanlar imiş. Bir obyektə təhkim olunmuş işçilər digər obyektdə nə iş görüldüyünü bilməli deyildilər. «Komandir»in tapşırığı ilə tikinti materialları, avadanlıqların daşındığı «obyektlər»in onun özünə və qohumlarına məxsus evlər, villalar və biznes obyektləri olduğu yoxlamadan sonra üzə çıxıb. Geoloq-professorun tabeçiliyində olanlarla davranışlarında çox sərt və amansız olduğu bildirilir. Onun tapşırıqlarını müzakirə etmək istəyən hər hansı işçi dərhal cəzalandırılar, «obyektdən» kənarlaşdırılar, lazım gəldikdə isə, xidmətdən qovulardı. Kimsənin bu qərarlara, əmrlərə etiraz etmək hüququ tanınmayıb. Yoxlama nəticəsində ləğv olunmuş qurumların işçiləri isə illərlə çalışdıqları iş yerlərini itiriblər. E.Xəlilovun «sus və icra et» prinsipi ilə işləyən şəxsi heyət onların əli ilə mal-materialın, avadanlıqların mənimsənilməsini heç düşünməyiblər. Yalnız onun özünə yaxın buraxdığı 1-2 nəfər olub ki, "obyekt"lərin əsl təyinatını bildiklərindən, işlərin bölgüsünü, avadanlıqların daşınmasını həyata keçirirdilər. Müdafiə Nazirliyinin yoxlama materiallarının Prokurorluğa təqdim edilməsindən sonra isə həmin adamlar da «yoxa çıxıblar». E.Xəlilov onlara bir müddət «gözdən uzaq» olmağı tapşıraraq, özünün bütün məsələləri yoluna qoyacağını vəd etmişdi. Lakin «sən saydığını say, gör fələk nə sayır» misalını unudan professorun proqnozları bu dəfə düz çıxmadı. Yeri gəlmişkən, E.Xəlilov 2000-ci ildə Bakıda zəlzələ baş verməsindən sonra Azərbaycan ictimaiyyəti arasında kifayət qədər populyarlaşdı. Həmin vaxtlar «xarizmatik obrazı» ilə diqqəti cəlb edən geoloq-professor zəlzələnin proqnozlaşdırılmasını təmin edən aparat icad etdiyini, bu sahədə elmi araşdırmalar apardığını deyirdi. Televiziya efiri və mətbuatdan düşməyən E.Xəlilov, sonradan gözdən itdi. Görünür, kifayət qədər özünüreklamdan sonra, artıq ciddi biznes obyektlərinin idarəçiliyinə başı qarışdığından, zəlzələ proqnozlaşdırılması da yaddan çıxdı. Zəlzələlər isə hələ də davam edir… Geri qayıt |