Əsas Səhifə > Gündəm, Manşet > “Xəzəriaşə” MMC-dən yenə şikayət var
“Xəzəriaşə” MMC-dən yenə şikayət var1-09-2021, 08:35 |
"28 May” Neft Qaz Çıxarma İdarəsinin” Günəşli” yatağında platformada işləyən neftçilər "Xəzəriaşə” MMC-nin xidmətindən narazıdılar. Adlarının açıqlanmasından çəkinən neftçilər Meydan TV-yə deyiblər ki, illərdir şikayətlənsələr də, onları dinləyən, tədbir görən yoxdur. Onların sözlərinə görə, neftçilərə keyfiyyətsiz qida verilir, təmizliyə riayət edilmir. "Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. MMC sovet dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb. Meydan TV ötən il də neftçilərin bu şirkətlə bağlı şikayətini işıqlandırıb . "Platformada iaşə xidməti "Xəzəriaşə” MMC tərəfindən həyata keçirilir. Bunun üçün hər işçiyə görə 20 manat vəsait ayrılır. Bunun 15 manatı Nazirlər Kabinetinin qərarına əsasən, 5 manatı isə "Azneft” İstehsalat Birliyi tərəfindən ödənilir. Bunun müqabilində ağır dəniz şəraitində çalışan işçilər normal qidalanmır”,-işdən çıxarılmaq qorxusundan adının çəkilməsini istəməyən neftçi deyib. Neftçilər deyirlər ki, gündəlik yemək bulqur, makaron, qarabaşaqdan ibarət olur. Menyuda göstərilən ət yeməyi toyuq dərisi və suxarıdan ibarət olan kotletdir. "Şikayət edəndə "ərzaq gətirməyə nəqliyyat yoxdur” cavabını alırıq. Məsələ bundadır ki, hava sakit olanda da gəmi ilə ərzaq göndərilmir, deyirlər, gəmi daha vacib işlər üçündür. Meyvə, tərəvəz, su, şirə və s. içkilər ümumiyyətlə, sifariş olunmur. Platformaya göndərilən ərzaqlar da keyfiyyətli hazırlanmır. Aşpaza irad tutanda da deyir ki, cəmi 500 manata dəniz şəraitində bu qədər neftçiyə qulluq edirik”, - neftçi söyləyib. Neftçilər qeyd ediblər ki, evdən yemək, ərzaq gətirilməsi qadağan olunub, hazırda karantin vaxtı dənizdə daha çox qalmalı olduqlarından bu ərzaqları almağa məcburdurlar. "Xəzəriaşə”nin ərzaqları dəyərindən dəfələrlə baha satıldığı bildirilir. Payız-qış aylarında qiymət daha da artırılır. Şirkətin neftçilərə verdiyi qidaların içərisindən həşəratların çıxması ilə bağlı faktlar bir neçə dəfə mətbuatda işıqlandırılıb. Şirkətin Dövlət Neft Şirkətinin vitse prezidentlərindən birinə məxsus olduğu deyilir. Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da bildirib ki, "Xəzəriaşə” MMC-dən şikayət illərdir davam edir. Şirkətin keyfiyyətsiz yemək verdiyi bildirilir. "Yemək, içmək, hətta adi sudan belə şikayətlər var. İllərdir yoxlayıb, tədbir görən yoxdur. Xüsusilə dənizdə işləyənlər əziyyət çəkirlər. "28 May” NQÇİ-nin sədrinə də sual ünvanlamışıq. Onlar keyfiyyətli qida ilə təmin edilirlərsə, niyə neftçilərə aşağı səviyyədə xidməti rəva bilirlər?”,- Qəhrəmanlı sual edir. "Xəzəriaşə”nin internetdə qeyd edilən telefonuna cavab verən şirkət əməkdaşı isə suallara cavab verməkdən imtina edib. Dövlət Neft Şirkətindən isə deyilənlərin həqiqətəuyğun olmadığını söyləyiblər. Geri qayıt |