Əsas Səhifə > Gündəm, Manşet > İcra hakimiyyətləri xalqa qənim kəsilib

İcra hakimiyyətləri xalqa qənim kəsilib


12-02-2022, 09:44
İcra hakimiyyətləri xalqa qənim kəsilib
Son illər müxtəlif rayonlarda icra başçılarının həbs edilməsi, işdən azad edilməsi görünür digər rayonların icra başçıları üçün örnək olmur. Əksinə hamı kiməsə arxalanıb, ayağını ayağının üzərinə aşırıb keyifində damağındadır. Vətəndaşın problemindən icra hakimiyyətinə nə? Kreslosu rahat, gəlirləri stabil...
İcra hakimiyyətlərinin vətəndaşlara laqeydliklərinə çox sayda misallar çəkmək olar. Elə bir neçə gün öncə Goranboyda rayon sakinin icra hakimiyyəti qarşısında özünü yandırmaq cəhdindən danışaq. Vaxtl-vaxtında qəbul edilən, şikayətləri dəyərləndirilən vətəndaş niyə özünü yandırmalıdır ki? İcra hakimiyyətlərinin vətəndaşlarla iş üzrə şöbələri niyə öz vəzifə məsuliyyətlərini anlamır ki? İcra başçıları rayonlara təhkim ediləndə, onlara vətəndaşların problemlərini həll etmək tapşırılır. Dəfələrlə ölkə başçısı yeni təyin etdiyi icra başçılarını qəbul edərkən bu mövzuya toxunub. Amma görünən odur ki, prezidentin qarşısında boynunu əyib, özünü dinləyirmiş kimi göstərən icra başçıları təyin edildikləri ərazilərdə çalışmağa başlayandan sonra verdikləri sözü, ölkə başçısının tapşırıqlarını unudurlar. Başları rüşvət almağa, var-dövlət yığmağa qarışan başçılar çox zaman vəzifə məsuliyyətlərini də yaddan çıxarırlar.

Niyə axı vətəndaşın şikayətinə icra hakimiyyəti baxmamalıdır, dinləməməlidir, hər hansısa bir yol göstərməməlidir?

Və yaxud Gəncədə bir neçə ay öncə Vüsalə Məmmədovanın özünəqəsdə cəhd etməsi. Qadın bildirirdi ki, dəfələrlə icra hakimiyyətində olsa da, qəbula düşə bilməyib. Bu səbəbdən də əsəbləri tarıma çəkilən qadın belə bir addıma cəhd edir. Sonradan icra hakimiyyəti qadının məhz icra hakimiyyətində halının dəyişməsi ilə bağlı absurd açıqlama versə də, inandırıcı deyildi. Hətta Niyazi Bayramov qadını görməyə xəstəxanaya da gəlmişdi.

Maraqlı bir sual var:

Niyə hadisələr bu həddə çatmamış vətəndaşlar qəbul edilib, problemləri ilə maraqlanılmır?
Yoxsa icra başçısının qəbuluna düşmək üçün də kimisə görüm-baxım etməlisən?
İcra başçılarının vətəndaşlarla görüşlərinə belə xüsusilə seçilmiş adamlar buraxılır. Vətəndaşlara problemlərini dilə gətirməyə icazə verilmir. Problemlərindən danışan vətəndaşlara əlavə problemlər yaradılır. Bu problemlər, əksər hallarda bölgələrdəki icra hakimiyyətlərində yaşanılır. İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Əksər vətəndaşlar son çarə kimi prezidentə şikayətlər ünvanlayırlar. Bu şikayətlər isə, elə yoldaca "boğulur", ünvanına çatmır.

Düzdür, əsassız və ya haqsız şikayət edən vətəndaşlar da var. Ancaq icra qurumlarında bu vətəndaşlar da dinlənilsə, rayonlardan şikayətlərin sayı azalar. Görünür ki, rayonlarda icra başçıları necə işləyirsə, onun işçiləri də başçının yolunu gedirlər. Axı, deyirlər ki, “balıq, başdan iylənər”...

Prezident tapşırıq verir, danışır, məsuliyyətlərini başa salır. Amma bu şəxslər, prezidenti belə aldatmağa cəhd edirlər. Başa düşmək istəmirlər ki, onlar xalqa xidmət etmək üçün təyin ediliblər. Görmürlər ki, həbs edilən icra başçılarının bütün yığdıqları müsadirə edilir? Bəziləri həbsdən çıxmadan dünyasını dəyişir? Bəziləri sonradan dinə-imana gəlir...

Bu gün sosial şəbəkələrdə icra başçılarından minlərlə şikayətlər var. Və bu şikayətlərin əksəriyyəti haqlı şikayətlərdir. Ancaq bir rayonda icra başçısı vətəndaşa “get, hara istəyirsən yaz” deyə bilirsə, vətəndaşın son bir çarəsi qalır: Canına qəsd etmək... Bu, heç bir zaman həll yolu deyil. Bu seçimi edən vətəndaşı da günahlandırmazdan öncə bu insanlıq cinayətinin səbəbkarını tapmaq və hüquqi formada cəzalandırmaq özünə qəsd edənlərin sayını qismən də olsa, alar və ədalət sisteminə inamını artırar.

Bəs bu vicdandan məhrum münasibətə, laqeydliyə və işbilməzliyə nə zaman dur deyiləcək?
Bizimyol.info

Geri qayıt