Əsas Səhifə > Gündəm, Manşet > Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ...

Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ...


4-05-2022, 09:19
Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ...
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 19-cu maddələrinə görə , Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərə dövlətdən iki pay, bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi ayrılmalıdır. Rayon - şəhər icra hakimiyyətləri isə dövlət və bələdiyyə torpaqları ilə şəxsi əmlakları kimi davranırlar; savaş əlillərinə nəinki torpaq ayırırlar , əksinə, istifadələrində olan torpağı da şəxsi bizneslərinə qatırlar. Ağsuda olduğu kimi.
Toplum Ağsu rayonunun Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinin torpaq sahəsi ayrılmayan yeganə şəxs olduğundan media qurumları araçılığı ilə bilgilidir. Əlil -veteran təşkilatlarının 25 il qabaqkı müraciətləri əsasında Prezident Administrasiyasından göndərilən torpaq sahəsi ayrılması ilə bağlı göstərişlərə Ağsu RİH “torpaq şöbəsinə göndərdiyi “poçtu” it-bata salmaqla” əməl etməyib. Amma rəsmi məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin torpaqdan istifadə etməkdə azad olduğunu bildirən icra hakimiyyətinin “verdiyi bu sözdə azadlıq” 22 il sürüb. 2019-cu ilin ortalarında Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpağı mütəşəkkil dəstə şəklində ələ keçirib . Nə Ədliyyə Nazirliyi, nə polis, nə prokurorluq, nə də qanunverici və məhkəmə hakimiyyəti açıq -aşkar korrupsiya , vəzifədən sui-istifadə faktına hüquqi qiymət verilməsini təmin edib. Təsəvvür edin, Şəki İnzibati (- İqtisadi ) Məhkəməsi (2 dəfə İlqar Cabbarov, 3-cü dəfə Rüfət Məcidov) qazinin 3 iddiasını anında mümkün saymayıb ki, icra başçısı “vəzifəli şəxs” yox, “fiziki şəxs”dir . Apellyasiya instansiyası və Ali Məhkəmə də Ağsu RİH başçısının sifarişini Konstitusiyadan üstün tutaraq, “fiziki şəxs” icra başçısının məhkəmə toxunulmazlığını qüvvədə saxlayıb(lar). Onu da vurğulayaq ki, 3 ildir üç iddiadan biri üzrə Ağsudan ayrılan Ziya adlı vəkil kassasiya şikayətini yazmaqdan icra başçısının göstərişi ilə imtina edir, Vəkillər Kollegiyası isə bu imtinada qanun pozuntusunun olmadığını iddia edir. Bir ildən çoxdur, Konstitusiya Məhkəməsi də şikayətə baxmır.
Bu günlərdə Ağsu RİH-ə İqtisadiyyat Nazirliyindən daxil olan şikayətə hüquq şöbəsinin müdiri Vüqar Hüseynov hüquqazidd cavab verib. 22.04.2022-ci il tarixli məktubla hüquq şöbəsinin müdiri Qarabağ qazisinin “verdiyi məlumatın həqiqətə uyğun olmadığını” araşdırma (?) ilə müəyyən etdiyini bildirib:” ...qeyd olunan torpaq sahəsi Pirhəsənli bələdiyyəsinin mülkiyyətində olmaqla Azərbaycan Respublikasının torpaq məcəlləsinin ( icra hakimiyyətinin savadı elə “qıcqırıb” ki, baş hərfləri kiçik yazıblar – Azərbaycan Respublikasının Torpaq Məcəlləsi kimi yazılmalıdır -M. B. ) 47-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ümumi istifadədə olan torpaq kateqoriyasına aiddir. Ümumi istifadədə olan torpaq sahələrinin qanunvericiliyə (?-M. B.) müvafiq olaraq təyinatı dəyişdirilmədən fiziki və hüquqi şəxslərə istifadəyə, icarəyə, eləcə də mülkiyyətə verilməsi mümkünsüzdür... Pirhəsənli kəndində uşaq bağçasına ciddi ehtiyacın yarandığı nəzərə alınaraq, bələdiyyənin torpaqayırma sənədlərinə müvafiq olaraq tikinti – layihə sənədləri əsasında həmin ərazidə Heydər Əliyev Fondunun vəsaiti hesabına 60 yerlik uşaq bağçası tikilmişdir”.
7 cümləlik əndrabadi məktubda 70 orfoqrafiya yanlışlığı yapılmasını bir qırağa qoya bilmərik, amma bu yekəlikdə icra hakimiyyətinin hansı qanunvericiliyə əsaslanıb qazini yanlışlıqda ittiham etməsinə də susa bilmərik. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı bəndində bələdiyyə mülkiyyətində olan torpaqların bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla İCARƏYƏ, İSTİFADƏYƏ, MÜLKİYYƏTƏ verilməsi doğrulanıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8 maddəsinə əsasən, ÜMUMİ İSTİFADƏDƏ OLAN TORPAQ SAHƏLƏRİ hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qısa müddətə verilir; 16.3 maddəsində QEYRİ – QANUNİ İSTİFADƏ EDİLƏN BƏLƏDİYYƏ TORPAQLARININ GERİ QAYTARILMASI MÜMKÜN OLMADIĞI HALLARDA , bu torpaq sahələrinin onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsi doğrulanıb. Bu qanunvericilik, bu da Ağsu RİH başçısının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kəndin YEGANƏ torpağı olmayan YEGANƏ 1-ci dərəcəli Qarabağ qazisinin 22 il sənədsiz istifadə etdiyi torpağı “qanunvericiliklə” ələ keçirməsi faktı. Eyni zamanda icarəyə, mülkiyyətə veriləbilməz bələdiyyə torpağı bəs necə icra hakimiyyətinin uşaq bağçası biznesinə ayrılıb? Özü də Heydər Əliyev Fondunun vəsaiti hesabına? ! Belə bəlli olur ki, Ağsu RİH Heydər Əliyev Fondundan şəxsi biznes amacı ilə yararlanır. Deyəsən, icra hakimiyyəti Heydər Əliyev Fondunun qeyri- kommersiya təşkilatı , xeyriyyə fondu olmasından , başlıca məqsədlərindən birinin yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək etmək olduğundan da xəbərsizdir ? !
Bu qanunla üç torpaq sahəsi almaq hüququ olan, amma heç bir qarış torpağı da olmayan, sənədsiz istifadə etdiyi sahənin də əlindən alındığı TORPAQ savaşçısı- 1-ci dərəcəli Qarabağ qazisi, bu vəzifəsindən sui-istifadə etməklə torpağı ələ keçirən icra hakimiyyəti, bələdiyə , bu da torpaq qanunvericiliyi ! Kim doğru deyil?
Məğrur Bədəlsoy
P. S. Pirhəsənli kəndində 60 yerlik uşaq bağçasına bircə uşağın belə ehtiyacı olsa idi ...Mirzə Cəlilin personajının dediyi kimi, bu kənddə ümumiyyətlə uşaq olmayıb, yoxdur və olmayacaq.

Geri qayıt