Əsas Səhifə > Gündəm, Manşet > Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ?
Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ?16-03-2023, 11:31 |
“Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsinin icraatında olan, Sumqayıt Məhkəmə Kompleksində baş tutan məhkəmənin ilk iclasında çox maraqlı məqamlar üzə çıxıb. Qeyd edək ki, bu iş üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində bir neçə icraatda aparılır. İstintaqlar başa çatdıqca ayrı-ayrı qruplar şəklində məhkəməyə göndərilir. Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Martın 14-də hazırlıq iclası keçirilən proses 4 nəfər müttəhimin üzərində qurulub: N saylı hərbi hissənin hərbi qulluqçuları Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyevin. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və 128-ci maddələrinin müxtəlif hissələriylə ittiham olunurlar. Zərərçəkənlər, dəhşətli işgəncələrə məruz qalanlar isə prosesdə od püskürüblər. Zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, təqsirləndirilən şəxslərə verilmiş maddələr ağırlaşdırılmalıdır. Vəsatətdə dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qaldığını vurğulayıb. Digər zərərçəkən Elmin Orucov isə vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bunlar işgəncə verənlərin çox az hissəsidir. Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”. 2 məşhur generalın ilk məhkəmə iclasında adlarının hallanması, özü də məhz işgəncələrə məruz qalmış şəxslər tərəfindən buna dair vəsatətlərin verilməsi onu göstərir ki, prosesin gedişində çox böyük məsələlər, ittihamlar, faktlar səslənə bilər. Bir vaxtlar hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi”ni təkzib edirdi, hər hansı işgəncənin olmadığını deyirdi. Ancaq Prezidentin tapşırığı ilə bu iş nəzarətə alındıqdan, istintaq yeniləndikdən sonra Xanlar Vəliyev özü etiraf etdi ki, işgəncə faktları olub... Bir çox hərbçilər isə iddia edir ki, bu işə görə Xanlar Vəliyev özü və onun müavini Şəfaət İmranov da ciddi məsuliyyət daşıyırlar, onlar da istefaya göndərilməli və məsuliyyətə cəlb olunmalıdırlar. İlk iclasda bu faktlar zərərçəkənlər tərəfindən açıqlanırsa, deməli, məhkəmə istintaqı zamanı işgəncə vermiş şəxslər, həbs olunmuş general Bəkir Orucov işin arxasında nələrin və kimlərin dayandığını açıqlaya da bilərlər. Bu proses bütün hallarda Azərbaycan Ordusunun nüfuzdan salınmasına yönəlmiş və 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra icra edilmiş proses kimi qiymətləndirilir. Hər bir halda, qarşıda sürpriz faktlar, isimlər açıqlana və izlər gedib birbaşa Nəcməddin Sadıqova çıxa bilər. Eyni zamanda bu proses bəzi iri məmurların da sonunu gətirə bilər. Kimlərin? Ekspertlər ilk məhkəmə iclasından sonra hansı qənaətə gəliblər? Bu işi dərindən araşdırmağa məhkəmələr cəsarət edəcəkmi? DİA.AZ-ın məlumatına görə, tanınmış hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” Azərbaycan naminə tam, hərtərəfli və obyektiv araşdırılmalıdır: ““Tərtər işi”ni planlayıb həyata keçirənlərin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı endirmək, mübarizə ruhunu məhv etmək! Hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onlara işgəncə verənlərin diqtəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı. Ona görə də “Tərtər işi”nin istintaqını aparan, bu iş üzrə qərar qəbul edən hər kəs tutduğu vəzifədən azad edilərək istintaqa cəlb olunmalıdır. Bu gün bu işin alayarımçıq aparılması, icraçıların həbsi ilə məsələnin ört-basdır edilməsinə yol vermək olmaz. Bu iş Azərbaycanın gələcəyi üçün obyektiv istintaq olunmalıdır. Əks halda, bizi daha böyük bəlalar gözləyir. Bu gün Azərbaycan Ordusuna qarşı edilmiş cinayətə görə 1 nəfərin belə cəzasız qalmasına yol vermək olmaz. Bu işdə adı keçən vəzifəlilər - Nəcməddin Sadıkov başda olmaqla, hər kəs tutulub ən ağır cəzaya çatdırılmalıdır". Hərbi ekspert deyir ki, “Tərtər işi” ilə bağlı Baş Prokurorluğun həbs etdiyi Müdafiə Nazirliyinin generalı Bəkir Orucov Azərbaycan Ordusuna qarşı düzənlənmiş cinayətin icraçılarından biridir: “Bu iş üzrə istintaqı aparan müstəntiqlər, ittiham aktını təsdiqləmiş prokuror, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevdən tutmuş bu işlər üzrə hökm çıxarmış hakimlər, Ali Məhkəməyə qədər işə baxmış hər bir hakim, Ramiz Rzayev məsuliyyət daşıyır. Hər biri də istintaqa cəlb edilməklə məhkum olunmalıdır. Çünki onlar qanunları əsas götürmək əvəzinə sifariş yerinə yetiriblər. Nəticədə Azərbaycan üçün canı, qanı ilə döyüşmüş hərbçilərimizin qanunsuz olaraq, ədalətsiz olaraq, heç bir dəlil-sübut olmadan, sırf sifarişlə ən ağır cəzaya çatdırılmasında birbaşa iştirak ediblər. Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib. Bu işin başında dayananların hər biri ifşa olunmalıdır. Azərbaycan xalqı ona qənim kəsilən cəlladları tanımalıdır. Bəkir Orucov bu cinayətdə aşağı cərgədə dayanan, icraçı olan biridir. O, hələ Beyləqanda 2-ci korpusun qərargah rəisi olanda orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizdən izahatlar alıblar. Ona görə də “Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilər Bəkir Orucovun adını çəkirlər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil. Hərbi prokuror, onun müavini də bu məsələlərdən kənarda qala bilməzlər. İlqar Quliyevin 2016-cı ildə Tərtər məhkəməsinə sədr gətirilməsi də araşdırılmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, Tərtərdə baş verən cinayətlərin gerçəkləşməsi üçün əvvəldən hazırlıq görülüb. Çünki İlqar Quliyev vaxtilə Beyləqanda hərbi məhkəmə hakimi idi. Sonradan isə mülki məhkəməyə keçirilmişdi. Tərtər hadisələrindən əvvəl İlqar Quliyev hərbi məhkəmə sisteminə qaytarılıb və Tərtər Hərbi Məhkəməsinin sədri postuna təyin olunub. Bu, təsadüf olub? Bu suala da aydınlıq gətirilməli, araşdırılmalıdır. Bu gün Bəkir Orucovun həbsi ilə kifayətlənmək olmaz. Onun həbsi Tərtər cinayətlərinin başında dayanan əsas fiqurları cəzadan yayındırmaq istəyinə xidmət etməməlidir. Çünki bu hadisə Tərtər, Bərdə rayonlarında olan hərbi hissələrdə baş verib. Hikmət Həsənovun komandiri olduğu korpusda baş verib. Bundan əvvəl isə Beyləqan korpusunda belə hallar olub. Bəkir Orucovun həbsi də Beyləqan korpusunda baş verən işgəncələrlə bağlıdır. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya saldı. Gələcəkdə erməni ordusunun Azərbaycan Ordusu qarşısında duruş gətirməyəcəyini açıq-aydın gördülər, hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və “5-ci kolon” adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda uğurla tətbiq etdikləri ssenarini Tərtər korpusunda da tətbiq etdilər. Tərtərdə Azərbaycan Ordusuna qarşı baş verən cinayətlərə hazırlıq 2017-ci ildə Bəkir Orucovun icraçılığı ilə Beyləqan korpusunda gerçəkləşdirilib. Əslində Tərtərdə baş verənləri Ağcabədidə, Beyləqanda həyata keçirməyi planlaşdırmışdılar. Orada işgəncələr üçün xüsusi yerlər də hazırlamışdılar. Lakin bu işə Mais Bərxudarov maneçilik törədib. Düzdür, bu işlərin qarşısını da tam olaraq ala bilməyib. Çünki göstəriş Müdafiə Nazirliyindən verilib. O zaman bu işləri Bəkir Orucova həvalə ediblər. Nəcməddin Sadıkov görəndə ki, Beyləqan korpusunda Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayət törədə bilməyəcək, daha münasib yer olaraq 1-ci korpusu seçdi. Həmin korpusun komandiri, hazırda Ali Hərbi Məktəbə gətirib orada gözdən uzaq saxladıqları Hikmət Həsənov idi. Leytenant olduğu dövrdən Nəcməddin Sadıkovla çox yaxşı münasibətdədir, onun əmrlərini sözsüz yerinə yetirib. Onun korpus komandiri səviyyəsinə yüksəlməsində Nəcməddin Sadıkovun xüsusi rolu olub. Ona görə də Tərtərdə Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayəti baş tutdu. Bu gün Bəkir Orucovu tutmaqla istintaq kifayətlənməməlidir. Onun bu işlərdə 3-5 faiz rolu var. Qalan işlərə görə Nəcməddin Sadıkov və digər yüksək çinli vəzifə daşıyıcıları cavab verməlidir". Hərbi ekspert çox ciddi hesab etdiyi bir məqamın da araşdırılmalı olduğunu deyib: “2016-cı il aprel döyüşlərindən sonra Müdafiə Nazirliyində iki yeni qurum yaradılıb - Hüquq İdarəsinin tərkibində Təhqiqat şöbəsi və nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsi. O zaman Təhqiqat şöbəsinin regionlarda 10-a yaxın yerli şöbəsi açıldı, həmin şöbələrə də 5-6 təhqiqatçı işə götürdülər. Həmin təhqiqatçıların vasitəsilə hərbi hissələrdə yoxlamalara başladılar. Əslində təhqiqat şöbəsinin özü böyük cinayətlərin ört-basdır edilməsi, həmin şöbə üzərindən cinayətlərin törədilməsini gerçəkləşdirmək üçün yaradılmışdı. Həmin şöbənin yaradılması hərbi hissələrdə korrupsiya və rüşvətxorluğun artmasına xidmət edirdi. Hər bir qarnizonda onsuz da 5-6 müstəntiq vardı, indi onlara təhqiqatçıları da calaq edirdilər. Hər xırda məsələni şişirdib böyük bir cinayət kimi rəsmiləşdirməklə təhqiqatçıların dolanışığını təmin etməyə girişdilər. Hərbi Prokurorluğun bu qədər əməkdaşları ola-ola, Müdafiə Nazirliyinin daxilində, Müdafiə Nazirliyinə tabe olan təhqiqat şöbəsinə ehtiyac yox idi. Tərtərdə hərbçilərimizə qarşı cinayətləri ilkin olaraq həmin təhqiqatçıların əli ilə həyata keçirdilər. Ora rəis postuna Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun təyin olunması da sıradan bir məsələ deyildi. Dövlətin Təhlükəsizlik Xidməti olan yerdə hər bir qurumun tərkibində təhlükəsizlik xidmətinin yaradılmasına nə ehtiyac vardı?” Telman Əbilov deyir ki, Azərbaycan dövləti “Tərtər işi” üzrə bəraət verilmiş hərbçilərə qazi, işgəncələrlə dünyasını dəyişən hərbçilərə isə şəhid adı verməlidir: “Bu gün "Tərtər işi"çərçivəsində məhkəmədə zərərçəkən qismində olan hərbçilərimiz respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını belə fəda etməyə hazır olan oğullardır. Onları buna görə nəcməddinsadıkovlar, onun əlaltıları olanlar işgəncələrə məruz qoyublar. İş üzrə zərər çəkmiş hərbçilərimizin hər birinə dövlət sahib çıxmalıdır. Onların özləri, ailələri ötən illər ərzində ağlasığmaz dərəcədə ağır günlərdən keçiblər. Tərtər şəhidləri olmasaydı, bu millətin başına nələr gətiriləcəyi, nə oyunlar açılacağı bilinmir. İş üzrə zərərçəkən Elçin Mətləb oğlu Quliyevin anası Validə Əhmədova ötən illər ərzində böyük əzab-əziyyətlərlə haqqın bərpa olunması üçün çalışdı. Nəhayətdə Validə ananın haqlı olduğu təsdiqləndi. Tərtərdə baş verənlər Şəmkir korpusunda da olub. Orada 8 nəfər hərbçimiz işgəncə verilməklə qanunsuz olaraq məhkum olunublar. Həmin hərbçilərimiz barəsində də bəraət hökmü çıxarılmalıdır. Vətən uğrunda vuruşanları günahsız yerə vətənə xəyanətdə ittiham edib həbs etdirənlərin özləri vətənə xəyanət ediblər. Vətən uğrunda gerçəkdən döyüşmüş hərbçilərimizi işgəncələrə məruz qoyub öldürüblər. Onlar ona görə öldürülüblər ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşa bilməsinlər. Bir çox hərbçilərimizi də buna görə şikəst ediblər". Geri qayıt |