Ermənistanın bu əraziləri silahsızlaşdırılmalıdır, Zəngəzurda isə... - Əsas şərtlər belədir
Tarix: 7-12-2024, 10:06 |
Çap et
Azərbaycanla Ermənistan arasında sülh danışıqları uzanır. Qarşı tərəf prosesin yekunlaşmasında o qədər də maraqlı görünmür. Bunun fonunda isə İrəvan hücum silahları, raketlər və hava hücumundan müdafiə qurğuları alır. Bu yaxınlarda Yunanıstandan Ermənistana növbəti dəfə uzaqmənzilli raketlərin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Bütün bunlar sülh və yaxud müharibə anlayışını gündəmdə saxlamağa əsas verir.
Bu sözləri Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
“Ermənistanın işğal ritorikası hələ də başa çatmayıb. Bu ölkənin əsas qanununda, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar yer alıb. Ona görə də, sülhdən nə qədər danışılsa belə, alt qatda Ermənistan davamlı olaraq silahlanır”,- deyə o əlavə edib.
Polkovnik hesab edir ki, çıxış yolu kimi imzalanacaq sülh müqaviləsində Ermənistanın bəzi bölgələrinin silahsızlaşdırılması məsələsi ön şərt kimi qoyulmalıdır:
“Bir müddət öncə Zəngəzur ərazisinin silahsızlaşdırılması ilə bağlı fikirlər səslənirdi. Bu, mümkün olan ssenarilərdən biridir. Eyni zamanda Ermənistanın Azərbaycanla sərhəd ərazilərinin silahsızlaşdırılması əsas hədəf kimi götürülə bilər”.
Üzeyir Cəfərov bildirib ki, bu gün Ermənistana göndərilən silahlar heç də tək Azərbaycanı hədəfə almaq üçün deyil:
“Bu silahlar həmin qüvvələrin Cənubi Qafqazla bağlı əsas hədəflərinə xidmət etmək üçün Ermənistana yığılır. İrəvan bu gün başqaları üçün sadəcə olaraq vasitəyə çevrilir. Bölgəni bu qədər silahlandırmaq sonrakı dövrlər üçün açıq təhdid yaradır. Ermənistanı barıt çəlləyinə çevirməklə kənar güclər regionla bağlı maraqlarını reallaşdırmaq niyyətindədir”.