
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bəyan edib.
“Real Ermənistan ideologiyası üçün referendum yolu ilə yeni Konstitusiyanın qəbul edilməsi vacibdir”. Ermənistan KİV-lərinin məlumatına görə, o, bunu çərşənbə günü canlı televiziya efirində bildirib.
“Real Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, 29,743 kvadrat kilometr əraziyə malik Ermənistandır. Bu sistem üçün ümumxalq referendumu ilə yeni Konstitusiyanın qəbul edilməsi vacibdir. Çünki buna qədərki bütün konstitusiya referendumlarının ciddi legitimlik çatışmazlığı olub. Yeni Konstitusiyanın strateji məqsədi dövlətsiz bir xalqın köhnəlmiş düşüncə tərzindən dövlət quran xalq düşüncəsinə keçid etməkdir”, - deyə o vurğulayıb.
“2020-ci ilin fevralından bəri Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu deyirəm. Ermənistan vətəndaşları özlərini Respublikanın qurucuları kimi görməlidirlər. Lakin onlar həm də hüquq və vəzifələr sisteminin qurucuları kimi düşünməlidirlər.
Biz əsrlər boyu başqaları tərəfindən yaradılmış sistemlərdə yaşamışıq. Əsrlər boyu davam edən düşüncə tərzi, eləcə də siyasi səbəblər indiki reallığa təsir edir. Biz bu sistemin bizə zorla qəbul etdirildiyini düşünürük”, - deyə baş nazir xalqa televiziya müraciətində bildirib.
Xatırladaq ki, Paşinyan əvvəl də dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq naminə Konstitusiyanı dəyişməyə hazırdır. Bakı Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olduğuna etiraz edir. Çünki həmin bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar ver.
Mövcud bəyanatdan sonra prosesin öl nöqtədən tərpənəcəyi ehtimalı varmı? Çünki vaxtaşırı Konstitusiyanın dəyişdirilməsinin vacibliyi barədə arzuları dilə gətirmək bir şeydir, bununla bağlı ümumxalq referendumunun hazırlanması prosesinə başlamaq isə tamamilə fərqli bir məsələdir. Əgər bu, doğrudan da yaxın gələcəkdə baş versə, Ermənistanda seçki hüququ olan vətəndaşların yarıdan çoxunun əsas qanunun dəyişdirilməsinə və oradan Azərbaycanın Qarabağ bölgəsinin xatırlanmasının çıxarılmasına səs verəcəyinə ümid etmək olarmı?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
O, xatırladıb ki, Ermənistanın baş naziri həqiqətən də uzun müddətdir Konstitusiyanı dəyişdirmək planları üzərində çalışır.
“Amma o, bunun üçün ölkəsində əlverişli siyasi şərait yaratmalıdır. Bu, təkcə onun komandasından asılı deyil. Konstitusiyanın dəyişdirilməsi və ya yenisinin qəbulu Ermənistanda siyasi gərginliyi yenidən artıracaq. Proseslər münaqişəyə çevrilə bilər.
Hazırda Paşinyan çətin seçim qarşısındadır. Azərbaycanla sülh sazişini imzalamaq üçün Konstitusiyanın bəzi maddələrini dəyişmək lazımdır. Əgər vəziyyət dəyişməsə, sülh sazişi imzalanmayacaq. Sülh olmayacağı təqdirdə isə Türkiyə və Azərbaycanla münasibətlərin qurulması da mümkün olmayacaq. Ermənistan təcriddən çıxa bilməyəcək. Rusiyadan və İrandan asılılıq davam edəcək, Qərblə münasibətlərin dərinləşməsi isə daha da çətinləşəcək”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında hazırkı qeyri-müəyyən vəziyyətin uzun müddət davam etməsi Paşinyan üçün də problemlər yarada bilər.
“Qeyri-müəyyənlik Azərbaycan üçün də sərfəli deyil. Əgər Rusiya Ukraynada atəşkəsə nail olarsa, diqqətini Cənubi Qafqaza yönəldəcək. Xüsusilə Ermənistanda Moskva ona sadiq siyasi qüvvələri hakimiyyətə gətirmək üçün yeni cəhdlər edəcək və bununla da Paşinyanın hakimiyyətinə son qoyacaq.
Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. Çünki yeni müharibə erməni xalqı üçün daha ağır zərbə olacaq. Əvvəlki müharibə Azərbaycanın ərazilərində gedirdi və Ermənistanın ərazilərinə toxunmamışdı. Lakin indi müharibə başlasa, Ermənistan ərazisinə ciddi ziyan görəcək. Bu səbəbdən Ermənistan əhalisi sülhün vacibliyini anlamağa başlayıb. Rusiyaya meylli müxalifət qüvvələrinin revanşist bəyanatları Ermənistanda ciddi dəstək tapmır.
Lakin erməni diasporu, dini icmalar, radikal-millətçi siyasi hərəkatlar və Ermənistana hərbi dəstək verən dövlətlər sülhün əldə olunmasına qarşıdır. Əgər Paşinyan hökuməti xarici təsiri neytrallaşdıra bilsə, referendumda istədiyi nəticəni əldə edə bilər”, - deyə Məmmədli hesab edir.