
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra dünya siyasətində mühüm dəyişikliklər baş verir.
Onun Rusiya və Ukrayna münaqişəsinin həlli üçün Vladimir Putinlə görüşmək istəməsi isə xüsusilə diqqət çəkir. Lakin ən maraqlı məqam bu görüşün Səudiyyə Ərəbistanında keçirilməsi ehtimalıdır.
Artıq fevralın 18-də Səudiyyə Ərəbistanında dünyanın gözlədiyi ABŞ-Rusiya danışıqları keçirilib.
Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.
Bəs niyə məhz Səudiyyə Ərəbistanı?
Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışıqları apardıqdan sonra gözlənilmədən Səudiyyə Ərəbistanının görüş üçün uyğun yer ola biləcəyini açıqlayıb. Məlumatlara görə, görüşdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da iştirak edə bilər.
Zelenski isə dərhal bildirib ki, Ukraynanın iştirakı olmadan heç bir razılaşma qəbul edilməyəcək. Yəni Kiyev, Moskva və Vaşinqton arasında bağlana biləcək mümkün sazişlərdən kənarda qalmaq istəmir. Bu görüş üçün Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də namizəd idi. Lakin ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı daha məntiqli seçimdir. Bunun bir neçə səbəbi var:
Neytral mövqeyi – Avropa ölkələri Rusiya ilə münasibətlərdə sərt mövqe tutduqları üçün görüş üçün uyğun sayılmır. Səudiyyə isə balanslı siyasət aparır.
Putinin təhlükəsizliyi – Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Putinin həbsinə order verib. Avropada olsa, onun həbs riski var. Amma Səudiyyə Ərəbistanı bu məhkəmənin yurisdiksiyasını tanımır.
Diplomatik vasitəçilik təcrübəsi – Səudiyyə Ərəbitanı artıq Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçi olub və hər iki tərəfin etibarını qazanıb.
Neft və iqtisadi maraqlar - Bu görüş sadəcə müharibənin bitməsi ilə bağlı deyil. Danışıqlarda Neft bazarındakı vəziyyət də önəmli rol oynayır. ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçılarıdır.
Trampın enerji sektoruna xüsusi diqqət yetirdiyini nəzərə alsaq, onun məqsədi yalnız sülh deyil, həm də ABŞ üçün əlverişli neft qiymətləri əldə etmək ola bilər.
Ekspertlərin fikrincə, Trampın prioritetlərindən biri də Amerikanın enerji şirkətləri üçün sərfəli şərtlər yaratmaqdır. Bu baxımdan, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq onun üçün olduqca vacibdir.
“ABŞ - yə çox baha başa gəlir”
Mövzu ilə bağlı "Cümhuriyət”-ə açıqlama verən rusiyalı politoloq Darya Qrevsova bildirib ki, Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq istəyir, çünki bu müharibə Amerika üçün sərfəli deyil. Onun sözlərinə görə, ABŞ Ukraynaya böyük miqdarda maliyyə və silah yardımı edir, lakin nə qələbə görünür, nə də ABŞ üçün pozitiv bir nəticə gözlənilir:
“Trampın fikrincə, bu müharibə ABŞ –yə çox baha başa gəlir və onu mümkün qədər tez dayandırmaq lazımdır. Tramp bu müharibədən qalib çıxmaq istəyir və məhz buna görə də danışıq istəyir. Eyni zamanda, Tramp üçün Rusiya və Çinin yaxınlaşması da sərfəli deyil. Görürük ki, Rusiya iqtisadi cəhətdən Çinlə daha da sıx əlaqələr qurub. Hazırda Rusiyaya məhsulların çoxu Çindən gəlir və Çin Rusiyaya sanksiyaları aşmağa kömək edir.
Təbii ki, bu vəziyyət Trampı narahat edir, çünki Çin ABŞ üçün böyük bir strateji rəqibdir və bu rəqibi zəiflətmək vacibdir. Buna görə də Tramp Rusiya ilə Çin arasındakı əlaqələri, hətta ola bilsin ki, mümkün ittifaqı pozmaq istəyir. Bu məqsədlə Səudiyyə Ərəbistanında danışıqlar aparılır”.
“Zelenskiyə qarşı şəxsi antipatiyası var”
Ekspert deyir ki, Zelenskinin bu danışıqlardan xəbərsiz olması ilə bağlı iddialar doğru deyil: “Bütün dünya bu barədə məlumatlı idi. Əlbəttə ki, Zelenski də bilirdi. Onun bu danışıqlara dəvət olunmasının elə bir əhəmiyyəti yoxdur, çünki onun yeganə məqsədi hakimiyyətdə qalmaq və Ukraynadakı indiki rejimi qoruyub saxlamaqdır. Tramp da bunu başa düşür və ola bilsin ki, Zelenskiyə qarşı şəxsi antipatiyası da var, çünki o, Zelenskini ciddi siyasi fiqur hesab etmir. Belə bir adamı danışıqlar masasına əyləşdirməyin mənası yoxdur".
“Onun Putinə şəxsi nifrəti yoxdur”
Rusiyalı ekspertin fikrincə, bu müharibə əslində Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə Qərbin qlobal elitaları arasında gedir:
“Ona görə də Rusiya sülhü Ukrayna ilə deyil, məhz Qərbin bu elitaları ilə müzakirə edəcək. Tramp da bu elitalardan biridir, amma onun siyasəti əvvəlki liderlərdən fərqlənir. O, ABŞ-nin idarəçiliyinə təsir edən "Deep State" deyilən dərin dövlətdən asılılığı qırmaq istəyir.
Bu, ABŞ-nin xüsusi xidmət orqanlarından ibarət geniş bir şəbəkədir və dövlət idarəçiliyinə böyük təsir göstərir. Tramp ilk prezidentliyi dövründə bu sistemlə mübarizədə uğurlu ola bilmədi, amma indi, ikinci dəfə daha müstəqil olmağa və öz komandasını qurmağa ümid edir.
Səudiyyə Ərəbistanındakı danışıqlar Ukraynada dərhal sülh yaratmasa da, gələcək üçün baza hazırlayacaq. Ən azı tərəflər bir-birinin mövqeyini başa düşür və hansı kompromislərə getməyə hazır olduqlarını müəyyən edirlər.
Trampın prezident olduğu dövrdə belə müzakirələr mümkündür, çünki onun Putinə şəxsi nifrəti yoxdur və onu güclü siyasətçi kimi qəbul edir”.
Şahzadənin əlinə düşən fürsət
Həmsöhbətimiz bildirib ki, bu danışıqlar Səudiyyə Ərəbistanı üçün də mühüm əhəmiyyət daşıyır:
“Məhəmməd bin Salman uzun müddətdir ki, ölkəsini mühüm diplomatik mərkəz kimi təqdim etmək üçün çalışır. Putin də, Tramp da ona hörmətlə yanaşırlar.
Əvvəllər, Baydenin dövründə isə bu münasibətlər xeyli soyuq idi. İndi isə, əksinə, həm ABŞ, həm də Rusiya liderləri ilə Məhəmməd bin Salman arasında yaxşı əlaqələr qurulub. Səudiyyə Ərəbistanı sadəcə danışıqlar üçün meydança təqdim etmək yox, həm də vasitəçi rolunda çıxış etmək istəyir. Hələlik onu rəsmi vasitəçi kimi qəbul etməsələr də, bu təklif onun hər iki tərəflə yaxşı münasibətlərə malik olduğunu və sülhə töhfə vermək niyyətində olduğunu göstərir”.
Beləliklə, Səudiyyə Ərəbistanı bu görüşü təşkil etməklə öz beynəlxalq nüfuzunu daha da artırmaq istəyir. Tramp isə həm müharibənin bitməsi, həm də enerji bazarında üstünlük qazanmaq üçün bu fürsətdən yararlanmağa çalışır. Amma Zelenskinin mövqeyi, Putinin razılaşmalara nə qədər sadiq qalacağı və ümumiyyətlə, prezidentlərin görüşünün baş tutub-tutmayacağı hələ də sual altındadır. Siyasət səhnəsində yeni bir tamaşa başlayır. Görək final necə olacaq?
Səbinə Uğur
"Cebheinfo.az"