Əsas Səhifə > Manşet, Gündəm > Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ...3-10-2024, 08:40 |
«Təzadlar» qəzetinə deputat Ağalar Vəliyevə məxsus olduğu şübhə doğurmayan «Kristal Abşeron» Tikinti Şirkətinin COP29 beynəlxalq tədbir ərəfəsində yaşatdığı zülmkarlıqdan bəhs edən şikayət məktubu və digər sənədlər təqdim olunub. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin çoxsaylı sakinləri tərəfindən imzalanaraq redaksiyamıza təqdim edilmiş (həm də ənənəvi poçt vasitəsilə) şikayət məktubu Prezident İlham Əliyevə, eləcə də COP29-un Prezidenti, nazir Muxtar Babayevə və Bakı şəhər İH-nin başçısı Eldar Əzizova (ayrı-ayrılıqda) ünvanlı üç şikayət məktubudur. Məktubda deyilir: «Cənab Prezident! Son dövrlər ölkəmizdə, xüsusən də Bakı şəhərində mühüm abadlıq işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanmaqdadır. Lakin bəzən vəzifəli şəxslər tərəfindən şəxsi qazanc, gəlir əldə etmək məqsədilə “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrində yaşayan biz çoxsaylı sakinləri. Təqdim edilən foto və videokadrlardan aydın görünür ki, paytaxtın mərkəzi hissəsini siçovul yuvasına, zibilliyə və s. çevirənlərin məqsədi xoş deyil, yalnız şəxsi məqsədə xidmət edir. Bu küçələrin əhatə etdiyi bizim məhəllə şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metronun «İçərişəhər» stansiyasına yaxın olan ərazidir. Bu məhəllənin sakinləri hələ XIX-XX əsrlərdə burada binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar. Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən (məhəllənin hansı şirkət və hansı məqsədlə sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği) və sakinlərlə öncədən razılaşdırılmadan ərazini dağıdıb-sökməyə başladılar. Bu zaman Yasamal rayonunun 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, onun aradüzəldəni, adamqorxudanı, didərgin saldıranı İlham Bağırovdan, deputat Ağalar Vəliyevin olduğu deyilən “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından və s. təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə hədə ilə bu ərazinin söküləcəyini bəyan etdilər və işə də başladılar. Əvəzində isə bizə hər kv.m. üçün 2200 manat kompensasiya təklif etdilər. Halbuki bu ərazidə tikinti aparan digər şirkətlər sakinlərə 4000-4500 manat pul ödəyərək ümumi razılığa gəliblər. Qanunvericilikdə də göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə ya mənzil təklif olunur, ya da ümumi razılıq əsasında halallıqla kompensasiya verilir. Lakin Ağalar Vəlieyvin dəstəsi müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Araçılar isə bu vəziyyətə dözməyən arxasız sakinləri 64 və digər MİS-lərdə yaratdıqları «komissiya»nın qərərgahına çağırıb 19 saylı Notariusda qanunsuz müqaviləyə imza atdırırlar, sonra pulu bank vasitəsilə deyil, əlbəəl verib yola salırlar. Ortada isə alqı-saytqının tərəfləri olmalıdır. Qarşu tərəf kimdir, hansı MTK-dır, gizli saxlayırlar. Hətta sonradan məlum olub ki, onlar satılan həmin həyət evlərini öz adamlarının adına sənədləşdiriblər və dərhal da həmin evi uçurub izi itiriblər. Bu dərəcədə özbaşınalıq olarmı??? Ən dəhşətlisi budur ki, burada yaşadığımız halda, ətrafımızı dağıdıb tökərək ərazini-paytaxtın mərkəzi hissəsini siçovul yuvasına çeviriblər. Bu siçovullar gecələr evlərə doluşur. Bu dəstə ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ciddi ziyan vurur, atmosferi çirkləndirir, ərazidə antisanitariya mühiti yaratmaqdadırlar. Məqsədləri budur ki, biz sakinlər bu dözülməz yaşama baş əyməyib evlərimizi dəyər-dəyməzinə onlara satıb buradan çıxıb gedək. Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara, o cümlədən, cənab Prezident, Sizə yazıb göndərmişik, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə və s. şikayətimizi göndərmişik. Buna baxmayaraq, deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən (onun aradüzəldən adamları bizə belə təqdim edirlər) “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri ölkənin yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərirlər, biz sakinlərin şikayətini əngəlləyir və bununla da dövlətmizin, qanunlarımızın nüfuzuna kölgə salırlar. Cənab Prezident! Xahiş edirik, bizi deputat Ağalar Vəliyevin tikinti şirkətinin bu aradüzəldən və ev dağıdan, zibilliklər yaradan adamlarının əlindən xilas edin. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk! Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik».1-f-4REDAKSİYADAN: Şikayət əməkdaşlarımız tərəfindən yerində araşdırıldı, imzaları təqdim edilən sakinlərin özləri və onların səlahiyyətli nümayəndəsi (vəkil) dinlənildi. Faktlar təsdiqini tapdı. Şikayətdə adları çəkilən şəxslərlə təmas qurmaq cəhdimiz isə hələki baş tutmur. Belə ki, deputat Ağalar Vəliyev telefon zəngimizə cavab vermir. Sakinləri yüksək vəzifəli şəxslərin adından qorxudan, qanunsuz alqı-satqı fəaliyyətini davam etdirən İlham Bağırov adlı şəxslə görüşmək istədik. Ofisində olarkən o aşkar şəkildə bizimlə görüşdən imtina etdi, fərqli saatda görüş təyin etsə də, həmin saatda «qərargah»ında olduq, amma gəldiyimizi bilib kabinetini qıfılladı. Odur ki, bir daha adları çəkilən şəxsləri dinləməyə, COP29 ərəfəsi yaşanan bu qalmaqallara aydınlıq gətirməyə hazırıq. Geri qayıt |