Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...

MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...


4-02-2013, 13:07
MİSİR MƏRDANOVUN "QIZIL KİTABI"I VƏ...
NAZİRLİYİN KİTAB SİYASƏTİNƏ DAHA BİR ƏLAVƏ

“Azadlıq” qəzetinin dünənki sayında kitabxanalara alınan kitablarla bağlı Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tenderlər barədə naşir Şahbaz Xuduoğlunun maraqlı yazısı dərc olunub. Yazıda bir məqam diqqətimi çox çəkdi. Sən demə, müəllifi Misir Mərdanov olan və “Təhsil” nəşriyyatında çap edilmiş 5 cildlik “Azərbaycan təhsil tarixi” kitabı da keçirilən tender kampaniyasının predmeti olubmuş. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi kitabın hər cildinin bir nüsxəsini “Təhsil” nəşriyyatından 65 manata alaraq respublika kitabxanalarına paylayıbmış...
Yazıdan belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi hər komplekt üçün nəşriyyatın hesabına 325 manat köçürüb. Hər cildin tirajının 3000 nüsxə olduğunu nəzərə alsaq, bu hesabla, görün “Azərbaycan təhsil tarixi”nin ticarətindən “Təhsil” nəşriyyatının xəzinəsinə nə qədər mədaxil olar: nə az, nə çox, düz 975000 manat. Halbuki mütəxəssislərin hesablamalarına görə, bu qədər tirajın qarşılığında hər cildin bir nüsxəsi 10 manatdan (65 manat yox!) baha başa gələ bilməz. Onda suallar yaranır: Kitabın nəyi və harası Mədəniyyət və Turizm Nazirliyinə xoş gəlib ki, onu od qiymətinə alıb? Bəlkə onun içərisində əlahiddə nəsə var? Bəlkə hərfləri qızıldandır? Diqqətlə baxanda görürsən ki, həftəbecər şeydir, bir təhsil eksperti demişkən: “... ilk baxışdan adamda elə təsəvvür yaranır ki, tədqiqatçılar, müəllimlər, tələbələr üçün nəzərdə tutulmuş bu kitablar ciddi araşdırma əsərləridir. Bir az vizual vərəqlədikdən sonra görürsən ki, onlar montaj təfəkkürü ilə yazılıb. Daha doğrusu, cənab nazirimiz (Misir Mərdanov nəzərdə tutulur – N.İ.), heç bir prinsip və sistem gözləmədən, onların içərisinə nə gəldi doldurub. Prinsipsizlik və sistemsizlik hətta o həddə çatıb ki, o, hər şeyi unudaraq “müstəsna” hal kimi “təhsil tarixinə” öz uşaqlıq illərilə bağlı xatirələrini də daxil edib”…
Vəziyyəti ki, belə görürəm, Mərdanov boş durmayacaq, bu seriyadan cildlərini davam etdirəcək. Yaşca məndən böyük olsa da, cənab nazirə bir tövsiyəm var: Yaxşı olar ki, o, növbəti cild(lər)in adını “Təhsil tariximizin Mərdanov kəsimi” qoysun və bura son 10-12 ildə rəhbərliyi ilə təhsilimizdə gedən “həşəmətli” proseslər və “islahatlar” haqqında materialları daxil etsin. Bölmələrin adını da deyə bilərəm: “Əvəzolunmaz Mərdanov”; “Mərdanovun məzmunsuz təhsili”; “Təhsilimizdə kurikulum hoqqabazlığı”; “Təhsilimizin üzqarası – dərsliklər”; “Dərsliklər kralı – Mərdanov”; “Dağı(dı)lmış bağça və peşə təhsili”; “Mərdanov dönəmində rüşvət və korrupsiya”; “Misir Mərdanov və onun komandası”; “Repetitorluğun çiçəklənmə dövrü” və s. Hesab edirəm ki, bu bölmələri yazmaq üçün toz basmış arxivlərə getməyə ehtiyac yoxdur. Lazım gələrsə, materialların əldə olunmasında mən də sayın nazirimizə yardımçı ola bilərəm. Amma çox istərdim ki, o, növbəti cildə APA-nın TQDK-ya istinadən üç gün öncə yaydığı bir məlumatı da daxil etsin: “2012-ci ilin buraxılış imtahanları zamanı müəyyənləşib ki, XI sinif şagirdləri arasında 8, IX sinif şagirdləri arasında isə 122 nəfər oxumaq-yazmağı bacarmırmış. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür faktların bir çox imtahan rəhbərlərinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində IX və hətta XI sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır...
Çox təəssüfləndirici haldır ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni IX siniflər üzrə şagirdlərin 45 faizi, XI siniflər üzrə 47,8 faizi ya ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı işindən qeyri-kafi qiymət alıb. Yazı işini yerinə yetirənlərin çox cüzi bir hissəsi, IX siniflər üzrə 1,2 faiz, XI siniflər üzrə 1,6 faiz yazı işindən “əla” qiymət alıb. Bu fakt ümumilikdə şagirdlərdə söz ehtiyatının çox kasad və öz fikrini ifadə etmək qabiliyyətinin çox aşağı səviyyədə olduğunu göstərir”.
Yazıb-oxumağı bacarmamaqdan söz düşmüşkən, bildiyimiz kimi, ötən əsrin 24-cü ilində ölkəmizdə savadsızlığın ləğvi haqqında qərar (dekret) qəbul olunub. Bu qərar ölkə vətəndaşlarının hər birinin yazmaq və oxumaq bacarığının olmasını nəzərdə tuturdu. Belə getsə, Mərdanovun “xidməti” sayəsində, deyəsən, bu tarixi yenidən yaşamalı olacağıq…

Nadir İSRAFİLOV - təhsil eksperti
Geri qayıt