Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA MƏXMƏRİ BURJUA İNQİLABI OLACAQ
AZƏRBAYCANDA MƏXMƏRİ BURJUA İNQİLABI OLACAQ27-03-2013, 09:52 |
YAP İQTİDARI PUL KÜTLƏSİ ÜZƏRİNDƏ NƏZARƏT RIÇAQLARI FORMALAŞDIRIR DİA.AZ: - Hələ 2005-ci ilin parlament seçkilərində əllərində müəyyən qədər pul kütləsi olan sahibkarların siyasi proseslərə cəlb edilməsi siyasəti yürüdüldü ki, sonradan YAP iqtidarı bunun müəyyən fəsadlarını da yaşamalı oldu. Doğrudur, seçki dönəmində müxtəlif adlar altında kifayət qədər ciddi pullar xərcləməli olan bəzi sahibkarları elə seçki gününə qədər «zərərsizləşdirdilər» və onların əksəriyyəti namizədliklərini geri götürməli oldu, amma buna rəğmən çətiri yararaq parlamentə düşməyə müvəffəq olan iş adamları da yetərincə idi ki, bu da çox ciddi hadisə kimi qəbul olundu. Lakin burada hakimiyyətin nəyi necə düşündüyünü təxmin etmək o qədər də çətin deyildi. Hədəfdə pullar idi və sayları kifayət qədər olan sahibkar çevrəsi tərəfindən illər ərzində qazanılan pullar üzərində siyasi nəzarət rıçaqları formalaşdırılmalı idi. Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də həbs edildi. Fərhad Əliyevin isə sahibkarlarla birbaşa işləyən bir sima olduğu məlum idi və seçkilərə qatılan sahibkarların demək olar ki, böyük əksəriyyətinin hazırda məhbəs həyatı yaşayan keçmiş nazirlə yaxın münasibətləri var idi. Və aydın oldu ki, seçki gününə qədər «vurulan» sahibkar-namizədlərin demək olar ki, hamısı Fərhad Əliyevlə yaxın münasibətlərinin qurbanı olmuşdu. Yəni buradan da belə bir nəticə hasil olur ki, əgər Fərhad Əliyev həbs olunmasaydı, 2005-ci ilin parlament seçkilərindən sonra onun Milli Məclis heyətində böyük gücü olacaqdı. Və bu prosesin qarşısı alındı. Amma bütün bunlara rəğmən hələ də kifayət qədər böyük həcmdə pullar var ki, hakimiyyətin nəzarətindən kənardadır. Və bu ilki prezident seçkiləri ərəfəsində də həmin pullara nəzarət qayğısı hakimiyyət üçün prioritet təşkil edir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, əslində istənilən hakimiyyət üçün pul ən təhlükəli silahdır: «Mərhum eks-prezident Əbülfəz Elçibəyin məşhur bir ifadəsi var idi: Tankın qabağından qaçmayan oğullar, pulun qabağında əyildi. Bu, faktdır və bu, ənənəvi insani xarakterik keyfiyyətdir. Elə buna görə də rəsmi Bakını daha çox onun nəzarətindən kənardakı pullar düşündürür. Həmin pullar YAP iqtidarına qarşı yönələcəyi təqdirdə böyük təhlükələr yarana bilər». Artıq belə bir pul kütləsi təhlükəsinin Rusiya tərəfindən yönləndirildiyini bildirən mənbəmiz xatırlatdı ki, Kremlin sifarişi ilə yaranan Rusiya Azərbaycan Təşkilatları İttifaqında cəmləşmiş milyarderlərin xofu çox ciddi siyasi basqı kimi dəyərləndirilməlidir: «Kimsə Gürcüstan prezidentinin Bakıdan döndükdən sonra etdiyi xəbərdarlığı da unutmasın. «Lukoyl» prezidentinin Azərbaycanda Rusiyanın sifarişi işə çevrilişə yatırım qoyacağı ifşa olunduğundan bu məsələdə başqa qüvvələr fəallıq edəcək. Yəni artıq Vahid Ələkbərov açıq kartdır. Əslində Saakaşvili bu xəbərdarlığını Azərbaycan prezidentinin qulağına yox, bütün ictimaiyyətə elan etməklə çox ciddi gediş də etmiş oldu. Yəni proses, tədarük ifşa olunub və Rusiya məcburdur ki, fərqli taktika seçsin. Bu isə çox böyük vaxt tələb edir. Yəni bütöv mexanizmlər dəyişməlidir». Mənbəmiz bildirir ki, məhz bu səbəbdən kənar müdaxilələrin ola biləcəyini nəzərə alan rəsmi Bakı yerli saihibkarların da nəzarətə götürülməsi prosesinə qərar verib: «Burada hətta varidatı 100 min manat olanlar belə nəzərə alınıb. İstənilən pul kütləsi ciddi silah olduğundan YAP iqtidarının incə davranış üslubu anlaşılandır». Mənbəmizin bildirdiklərindən belə aydın olur ki, Azərbaycandakı sahibkarlarla bağlı prezidentin 12 fevral müşavirəsində söylədiyi fikirlər də əslində YAP iqtidarının onlara sahib çıxma siyasətinin tərkib hissəsidir: «Burada çıxdaş edilənlər də olacaq. Amma indidən deyilə bilər ki, 2013-cü il seçkilərinin favorit istinad nöqtəsi məhz sahibkarlardır. Yəni deyilə bilər ki, Azərbaycanda məxməri burjua inqilabı gözlənilir». Geri qayıt |