Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU PREZİDENTLİYƏ İDDİALIDIR
SƏRDAR CƏLALOĞLU PREZİDENTLİYƏ İDDİALIDIR13-07-2013, 12:29 |
FaktXəbər-in məlumatına görə, Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov partiyanın prezident seçkiləri ilə əlaqədar hazırkı mövqeyinə dair fikirlərini bildirib: “ADP-nin prezident seçikləri ilə əlaqədar mövqeyi həmişə birmənalı olub. Biz hesab edirdik ki, müxalifət partiyaları vahid siyasi koalisiyada və vahid komanda şəklində seçkilərdə iştirak etməlidir və yalnız bu halda ölkədə seçki yolu ilə hakimiyyətin demokratik qüvvələrin əlinə keçməsinin mükünlüyünə inandığımızı söyləmişik. Hazırda da bu fikirdəyik ki, müxalifət cəbhəsində yekdillik olmasa hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Təəssüf ki, bizim iradəmizdən kənarda müxalifətin bir hissəsi koalisiya yaratmağa cəhd etməkdədir və seçkilərə az bir müddət qalmasına baxmayaraq bu cəhdin belə uğurla başa çatacağı sual altındadır. Ən başlıcası isə Milli Şura adı altında toplanan bu siyasi qurumlar Azərbaycan müxalifətinin heç də hamısını təmsil etmirlər və faktiki olaraq müxalifətin birləşməsi şüarı altında ölkənin istiqlaliyyət əldə etməsi və demokratiya uğrunda uzunmüddətli mübarizə aparan siyasi partiyaların arasındakı konfliktin daha da dərinləşməsi prosesi başlayıb. Ölkədə demokratiya uğrunda son illərin ən kəskin və ardıcıl mübarizə tarixinə, demokratiya naminə digər siyasi təşkilatlarla pozitiv əməkdaşlıq təcrübəsinə malik siyasi partiya kimi ADP-nin və ölkədəki siyasi liderlər arasında intellektinə və siyasi cəsarətinə görə həmişə fərqlənən ADP sədri Sərdar Cəlaloğlunun Milli Şuradan ciddi cəhdlə kənarda saxlanması isə lahiyyə müəlliflərinin ölkəmizə faydalı olmayan niyyətlərindən xəbər verir. Bütün bunlara rəğmən ADP-nin iki yolu qalır: ya seçkilərdə təkbaşına, öz namizədi ilə iştirak etmək, ya da yeni bir koalisiya quruculuğuna baş vurmaq. İkinci yol partiyadakı uzun müzakirələrdən sonra məqbul hesab edilmir. ADP yetkililəri belə düşünür ki, bütün qüsurlarına baxmayaraq Milli Şuraya alternativ kimi qəbul oluna biləcək yeni koalisiya ictimai rəydə daha ciddi pərakəndəlik görüntüsü yaradar və gözlənilən məğlubiyyətin “günah keçisi”nə çevrilə bilər. Hazırkı situasiyada ən doğru yolu isə partiyanın İdarə heyətinin əksər üzvləri kimi mən də, ADP-nin öz namizədi ilə seçkilərə qatılmasında görürəm. Belə ki, partiyanın təşkilati strukturlarının canlandırılması, üzv və tərəfdarlarımızda partiyanın siyasi gələcəyinə inamının möhkəmləndirilməsi, habelə seçki prosesində rəsmi siyasi oyunçu statusu ilə Azərbaycanı gözləyə bilən təhlükələrə qarşı mübarizə imkanları və prosesin gedişində mümkün yeni koalisiya ehtimalları baxımından seçkilərə girmək olduqca vacibdir. Partiyanın namizədi kimi Sərdar Cəlaloğlunun Azərbaycanın istiqlalı uğrunda gedən mübarizədə parlaq keçmişi, demokratik dəyişikliklər uğrunda ardıcıl, cəsur və fədakar əməyi, siyasi təcrübəsi, intellekti, populyarlığı və digər pozitiv keyfiyyətləri partiyanın seçki kompaniyasının cəlbediciliyini təmin etmək üçün yetərlidir. İnsan resursu və seçkilərdə iştirak təcrübəsinə gəldikdə isə partiyanın təcrübəli və gənc, çevik komandası, habelə yetərincə ciddi və işlək regional strukturları vardır. Orijinal seçki mesajları və prosesə demokratiya və istiqlalımızı sevən könüllülərin qatılması bizim seçki kompaniyamızı ictimai rəyin tam diqqət mərkəzinə gətirə bilər. Bir daha ölkədəki bütün demokrat dostlarıma, ADP-nin üzv və tərəfdarlarına səslənmək istəyirəm: Bu ilki seçkilər elə bir gərgin siyasi şəraitdə keçirilir ki, ölkənin istiqlal və demokratiya tərəfdarı olan bütün siyasi qüvvələri, habelə cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ölkəsini düşünən bütün vətəndaşlarından siyasi sayıqlıq, fəallıq tələb olunur. Belə vəzyyətlərdə kənarda durmağa, hamımızı təhdid edən meyillərə qarşı susqun davranmağa heç birimizin haqqı yoxdur.” Geri qayıt |