Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?

İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?


15-07-2013, 12:20
İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?
“Sıraqəddin Cabbarov Saatlıya icra başçısı təyin olunan gündən şirin həyatım pozulub. Əvvəl mənzilimi əlimdən alıb məni küçəyə atdı, sonra da çalanın əhatəsində olan yarımçıq tikilidə yerləşdirdi. İllərdir ki, rütubətdən ailə üzvlərim əziyyət çəkir, qurbağaların qurultusundan əsəblərim pozulub. Bir yandan da banklara olan borcu ödəyə bilmirəm. Məni intihar həddinə çatdırıblar.”

Bu sözlər Saatlı rayonunun Məzrəli kəndində yaşayan Ağayev Namiq İman oğlunun infom.az-a müraciətindən götürülüb. O, bildirir ki, 1985-87-ci illərdə keçmiş Sovet Ordusunun tərkibində Çernobılda hərbi xidmət vəzifəsinin icrası zamanı xəstəlik tapıb. Ona qoyulan diaqnozda yazılıb: “radiasion toksiki ensefalopatiya, vegetativ-damar distoniyası sindromu, kəskin dərəcədə ifadə olunan astono-nevrotik vəziyyət, qalxanabənzər vəzinin 1-2-ci dərəcəli hiperplaziyası.”

Bir tərəfdən mütəmadi olaraq müalicə almağı, digər tərəfdən isə ailələrinin kasıb olmağı səbəbindən N. Ağayev uzun müddət şəxsi həyatında da problemlərlə üzləşib. O, həyat yoldaşı ilə gah atası, gah da qardaşı evində yaşayıb. Bu müddətdə əlil vətəndaş əlaqədar təşkilatlara müraciət edərək, mənzil problemlərinin həllində ona köməklik göstərilməsini xahiş edib. Nəhayət 2008-ci ildə Saatlı şəhərində şəhid ailələri, Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri üçün inşa edilən 32 mənzilli yaşayış evindən ona 2 otaqlı mənzil ayrılıb. Bu barədə Saatlı RİH başçısının 8 sentyabr 2008-ci il tarixli, 146 saylı sərəncamı olub, N. Ağayevə həmin evin 29 saylı mənzilinə köçmək hüququ verən 512 saylı order təqdim edilib:

“Mənzillə təmin edilən imtiyazlı şəxslərin ad-soyadları “Dönüş” qəzetində dərc edilib. Orderlər binanın açılışında paylanıldı. Qırmızı qovluqda olan orderi güllə bir yerdə icra başçısı şəxsən öz əlilə təqdim etdi. Gül solub gedib, amma qovluq da, onun içərisindəki order hələ də durur.”

Amma Çernobıl əlilinin sevinci uzun sürmür. Nədən ki, həmin günlərdə N. Ağayev Saatlı Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə nigahının pozulması tələbilə iddia qaldırıb və 16 sentyabr 2008-ci ildə bu iddia təmin edilib. Elə ertəsi gün İcra Hakimiyyətinin başbilənləri keçmiş arvadının onunla birgə həmin mənzildə yaşamadığı və gələcəkdə də bu fikirdə olmayacağı barədə izahatını, habelə həmin mənzilin yaşayış şəraiti daha ağır olan digər şəhid və ya əlil ailələrindən birinə verilməyi barədə xahişini nəzərə alaraq, N. Ağayevin adına olan orderin ləğvi və onun sözügedən mənzildən çıxarılmağı barədə qərar qəbul edirlər. Qəribədir ki, Namiqə xəbərdarlıq edilmədən mənzilin qapısı plomblanır və o, faktiki olaraq öz mənzilindən istifadə etmək hüququnu itirir, bir neçə gün sonra isə polis əməkdaşlarının təzyiqi altında şəxsi əşyalarını həmin mənzildən çıxarmalı olur. RİH əməkdaşları elə belə də deyirlər: “Sənə mənzil-zad düşmür, get harada istəyirsən yaşa, kimə istəyirsən şikayət et.”

N. Ağayev iddia edir ki, mənzil Çernobıl əlili olduğu üçün ona verildiyindən, sabiq həyat yoldaşının ərizəsində göstərilənlərin və onun “humanist” təklifinin əsas götürülməyi qanunsuz olub: “Mənzil bizə mənim əlilliyimə görə verilib. Əgər bu status məndə deyil, keçmiş arvadımda olsaydı, onun izahatı və təklifi əsas yarada bilərdi. Nəzərə alınmayıb ki, komissyaya sənədləri təqdim edərkən mən onunla rəsmi nigahda olmuşam, o, bu təklifi edərkən isə artıq məndən rəsmi qaydada başanmışdı. Əgər onun dövlət tərəfindən verilən mənzillə bağlı hər hansı tələbi vardısa, bunu məhkəmə qarşısında qaldıra bilərdi. Qeyd edim ki, adıma olan order ləğv edilərkən bu faktlar İcra Hakimiyyətinə məlum olub. Mən o qadını boşayıb, başqa bir qadınla ailə həyatı qurmuşam, iki övladımız da var. Şəxsi həyatımda baş verənlər mənim mənzil üzərində olan hüquqlarımı məhdudlaşdıra bilməz. Belə çıxır ki, əvvəlki arvadımı boşamaq üçün gərək icra başçısı Sıraqəddin Cabbarovdan icazə almalı, eyni zamanda, məni mənzildən çıxarmasın deyə tezliklə evlənəcəyim barədə onun qarşısında öhdəlik götürməliydim.”

Mənzildən qanunsuz çıxarılmağı barədə N. Ağayevin ölkə başçısına, ombudsmana və digər səlahiyyətli şəxslərə etdiyi müraciətlər nəticəsiz qalıb. Yenidən ailə qurduqdan sonra ona vəd edilib ki, şəhid və əlil ailələri üçün tikilməkdə olan 16 mənzilli binadan ona yaşayış yeri ayrılacaq. Amma sözügedən ev hazır olanda, N. Ağayev bu dəfə də “oyundankənar vəziyyət”də qalır. Yenə başlayır şikayətə. Axırda ona yaşamaq üçün Saatlı rayonunun Məzrəli kəndində olan ikiotaqlı ev və 0,20 ha torpaq sahəsi təklif edilir.

“Tərtib edilən saxta sənədlərdə həmin torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyətinin sərəncamında olduğu göstərilir. Əslində isə bu yer vaxtilə aparılan aqrar islahatı nəticəsində kolxozdan ailəmizə və qohumlarımıza düşən əmlak payıdır. Yəni “hamam suyu” ilə səxavət göstəriblər. İkincisi, həmin sahə 3 il əvvəl başqa bir əlilə verilmiş, orada ev tikintisi üçün vəsait də ayrılmışdı. Amma ev mənə təklif edilərkən hazır vəziyyətdə deyildi: nə yerinin döşəməsi vardı, nə divarının suvağı. Eləcə torpaq kərpiclə quru divarlar hörülmüş, bayır tərəf görkəmə salınmış, bir də üstü vurulmuşdu. Mənə cəmi bir min manat pul və bir maşın daş verdilər ki, get evini təmir elə. Özləri də yaxşı bilirdilər ki, mənzildən qanunsuz çıxarılmağımla bağlı etdiyim şikayət və teleqramlara görə məni bundan da çox zərərə salıblar. Həmin vəsait yaşamaq üçün evi yararlı vəziyyətə gətirməyə tələb olunan işlərin yalnız beşdə birinə çatdı. Məcbur olub banklardan kredit götürdüm. İndi üstümə yığdığım borcları qaytara bilmirəm.”

Namiqin evlə bağlı problemləri bununla bitmir. Ona ayrılan yaşayış yeri böyük bir su hövzəsinin, yerli sakinlərin dili ilə desək, çalanın lap qırağında olduğundan, yağıntı və qrunt suları evin zirzəmisinə dolub: “Elə buna görə evin özülünü iki cərgə tikinti daşı ilə hörüblər, döməməaltı atmalar da bu hündürlükdən qoyulub. Gəlib baxsınlar, zirzəmi su ilə göl vurub. Belə rütubətli yerdə sağlam adam yaşasa xəstə düşər, onda qalmış əlillik qrupu təyin edilən xəstə, ya körpə uşaq olsun. Hələ əsəbləri pozulan adama yaz-yay aylarında qurbağaların verdiyi “pulsuz konsert”i demirəm. Evimin qabağından isə asfalt ötklü yol keçir. Maşınların çıxardığı siqnal, gurultu səsi beynimə işləyir. Qalmışam çıxılmaz vəziyyətdə, bilmirəm nə edim...”

Geri qayıt