Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABİD ŞƏRİFOVUN QOHUMU NİYƏ "VURULUR"?

ABİD ŞƏRİFOVUN QOHUMU NİYƏ "VURULUR"?


29-08-2013, 12:30
ABİD ŞƏRİFOVUN QOHUMU NİYƏ "VURULUR"?
Son vaxtlar çeşidli KİV-lərdə Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifova qarşı tənqidlərlə dolu yazılar dərc olunur. Məlum olduğu kimi, Teleradio İstehsalat Birliyi ölkənin əsas strateji obyektlərindən hesab edilir. Məhz bu səbəbdən də əslində belə tənqidləri təbii qarşılamaq olardı. Amma bir məqam adıçəkilən istehsalat birliyi rəhbərliyi ilə bağlı iradlara başqa rakursdan yanaşmaq ehtiyacı yaradır.

Həmin məqamın üzərinə gəlməmişdən öncə deyək ki, informasiya və texnologiyaların cəmiyyətdə rolunun gündən-günə yüksəlməsi bu birliyin də nüfuz və çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, burada işin çoxnövbəli olması, xüsusi diqqət və bacarıq tələb etməsi mütəxəssislərin də xüsusi diqqətlə seçilməsini və onlara qayğı ilə yanaşılmasını tələb edir. Çünki birlik bütün gün ərzində ölkənin bütövlükdə televiziya və radio yayımlarına məsuliyyət daşıyır. Burada iş rejiminin bir anlıq pozulması informasiya məkanının iflic olması deməkdir. Amma tənqidi materiallardan belə görünür ki, vaxtilə saat kimi dəqiq işləyən bu birliyə də indi korrupsiya, yerlibazlıq və digər neqativg hallar nüfuz etmişdir ki, bu adıçəkilən qurumda narazılıqlara səbəb olmuşdur.
Xatırladaq ki, birliyin baş direktoru baş nazirin müavini Abid Şərifovun qardaşı oğludur. Elə yuxarıda vurğuladığımız maraqlı məqam da budur. Teleradio İstehsalat Birliyinin rəhbəri Əflatun Şərifovun məhz əmisinə güvənərək tabeliyində işləyən şəxslərlə istədiyi kimi rəftar etdiyi bildirilir, qeyd edilir ki, "özünə yaxın olanları "xüsusi qayğı və sevgi" ilə əhatə etdiyi halda, uzun illər bu sahədə çalkışanları gözümçıxdıya salmaqdan çəkinmir. İş o yerə çatıb ki, birliyin Bakı radio-televiziya yayım filialının işçisi 8-ci dərəcəli elektromexanik Teymur Məmmədzadə adıçəkilən təşkilatda baş verən qanunsuzluqlarla bağlı bir neçə dəfə direktora rəsmi məktubla müraciət etdikdən və müraciətlərinə qənaətbəxş cavab almadıqdan sonra Prezident Aparatına müraciət etmək zorunda qalıb. Birinci dəfə 17.07.2013, ikinci dəfə isə 02.08.2013 tarixində ölkə başçısına rəsmi məktub göndərib" (vhppress.az).
Adıçəkilən istehsalat birliyində xüsusilə mənimsəmə hallarının yeni olmadığı məlumdur. "Unikal"ın araşdırmaları nəticəsində aydınlaşıb ki, hələ iki il əvvəl Baş Prokurorluq qurumda mənimsəmələrlə bağlı şok faktlar ortaya çıxarıb. Həmin vaxt yayılan rəsmi məlumatda bildirilirdi ki, Əliyev Sahibəli İmran oğlu Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Yəni Teleradio İstehsalat Birliyi ilə bağlı bir çox vaxtlar belə xoşagəlməz məlumatlar ortaya çıxıb. Amma indi qəfildən əksər yazılı və elektron KİV-lərdə istehsalat birliyi direktorunun hədəfə gəlməsi, onun barəsində tənqidlərin intensivləşməsi müəyyən ehtimallara yol açır.
Bəzi versiyalara görə, əslində Əflatun Şərifovla bağlı şikayət və tənqid xarakterli mətbu materialların artması dolayı yolla onun əmisi, baş nazirin müavini Abid Şərifova yönəlib. A. Şərifovun payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə yer almayacağına dair proqnoz və ehtimallar son həftələrdə xeyli artıb. Hətta onun son üç ayda mətbuatda və ictimaiyyət arasında demək olar, görünməməsi də bununla əlaqələndirilir. Bildirilir ki, Abid Şərifov yeni hökumət kabinetində təmsil olunmayacağı ilə bağlı indidən qətiləşən siyasi qərarla razılaşıb və bu səbəbdən də kölgəyə çəkilməyə qərar verib.
Amma belə gümanlar var ki, Şərifovun "vurulması"nda maraqlı olan qüvvələr hər ehtimala qarşı baş nazir müavininin mövqelərinin tamamilə sarsıdılması və zəiflədilməsini istəyir, bununla da onun hər hansı bir fürsət tapıb yenidən güclənə bilmə ehtimalını tamamilə sıfıra endirməyə çalışırlar.
Elə baş nazir müavininin strateji qurumlardan birinə direktorluq edən qardaşıoğlunun adının neqativ planda tez-tez önə çıxarılması, gündəmə gətirilməsi də bu istiqamətdəki səylərin bir parçasıv kimi qiymətləndirilir.

Geri qayıt