Əsas Səhifə > Güney Press, Araşdırma > ŞAKİR MUSAYEVDƏN ŞİKAYƏTÇİ DÜŞÜBLƏR
ŞAKİR MUSAYEVDƏN ŞİKAYƏTÇİ DÜŞÜBLƏR13-09-2013, 10:39 |
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyilə bağlı indiyədək ayrı-ayrımətbuat orqanlarında konkret faktlara söykənən kifayət qədər tənqidi materiallar dərc olunub. Həmin yazıların əksəriyyətində birmənalı şəkildə qeyd olunub ki, tibb elmləri doktoru, professor Şakir Musayevin baş direktoru olduğu müəssisədə düzgün ekspertiza aparılmamaqla yanaşı, bir sıra hallarda meyitlər sahiblərinə vaxtında qaytarılmır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində vəfat etmiş qadınların kişi ekspertlər tərəfindən müayinə edilməsinin ciddi narazılığa səbəb olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, hazırda adıçəkilən qurumda süni süründürməçilik halları da yaşanmaqdadır: «Şakir Musayev nə az, nə çox düz 16 ildir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə rəhbərlik edir. Bu müddət ərzində onun adı bir sıra xoşagəlməz məqamlarda hallandırılıb. Onun sabiq səhiyyə naziri Əli İnsanovun kadrlarından olduğu da artıq çoxlarına bəllidir. Həmçinin, o da məlumdur ki, Şakir Musayev bir müddət əvvəl Bakıda qanlı cinayət hadisəsi törətmiş polis əməkdaşına «dəlilik kağızı»nın verilməsinə də şərait yaradıb. Lakin bu məsələ ictimailəşdikdən sonra o, qarşı tərəflə arasında əldə olunmuş «sövdələşmə»ni pozmalı olub. Hələ bu, harasıdır. Bu ilin yanvar ayında Şakir Musayevin qardaşı övladları Sadiq və Tahir Musayevlər Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş qanlı olayda iştirak ediblər. Məsələ ilə bağlı açıqlamalarından birində Şakir Musayev özü də bunu etiraf edib. Gördüyünüz kimi, birliyin baş direktorunun adı son zamanlar müxtəlif xoşagəlməz hadisələrdə hallandırılıb». Bu yaxınlarda, daha dəqiq desək, iyun ayının sonlarına yaxın Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 12 ünvanında yaşayan Kifayət Tapdıq qızı Məmmədovanın Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubu ünvanladığını qeyd edən məlumatlı şəxsin iddiasına görə, o, Şakir Musayevin rəhbərlik etdiyi qurumdan vəfat etmiş oğluna ölüm haqqında arayışı almaqda çətinlik çəkib: «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edən vətəndaşların bir çoxu təsdiqləyə bilər ki, qurumun əməkdaşları, əsasən də məsul şəxsləri insanları süni əngəllərlə təngə gətirir, onları əlavə problemlərlə qarşı-qarşıya qoyurlar. Misal kimi bu yaxınlarda Ağdaş rayon sakini Kifayət Məmmədovanın başına gətirilən müsibətləri qeyd etmək olar». Beləliklə, mənbə bildirir ki, Ağdaş sakini Səhiyyə Nazirliyinə ünvanladığı şikayət ərizəsində Şakir Musayevin məsul işçiləri tərəfindən başına olmazın oyunlar açıldığını, get-gələ salındığını qeyd edib. «Oğlum Aqşin Məmmədov ağır vərəm xəstəsi idi. Bununla belə özünü və bizi dolandırmaq üçün işləməyə məcbur idi və iş ardınca ayda bir-iki dəfə Bakıya gedib, orada tikintilərdə, evlərdə işləyib bizi və özünü dolandırırdı. Sonuncu dəfə gedəndə vəziyyəti çox ağır idi, getməsinə heç razı deyildik, amma evdəki vəziyyətin ağırlığı onu getməyə məcbur etdi. Sən demə, bu onun son gedişi imiş və ciyərparam Bakıya çatar-çatmaz vəziyyəti pisləşir, küçədəcə canını tapşırır. Sahibi olmayan meyid kimi onu Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə («Morq»a) gətirirlər, bir-neçə gün orda qaldıqdan sonra qohumlar araşdırıb yerini tapdı və gətirib Ağdaşda dəfn etdik» deyən Kifayət Məmmədova bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün VVAQ şöbəsinə müraciət edir. Lakin ona bildirirlər ki, bunun üçün övladının vəfat etdiyi xəstəxananın arayışı lazımdır: «Xətai «Morq»una müraciət etdik. Dedilər ki, bura gətiriləndə onun üzərində heç bir sənəd olmayıb, onu aparmağa gələnlərin şifahi məlumatına əsasən ad, soyadını müəyyən edib, ona əsasən həkim şəhadətnaməsi tərtib etmişdik, onu da meyidi aparanlardan hansınasa verdik. Həmin şəhadətnamə rəsmi sənəd sayıldığından, onu təkrar tərtib etmək və ya dublikatını çıxarmaq üçün məhkəməyə müraciət etməlisiniz. Bundan sonra «ölüm şəhadətnaməsi» almaq üçün bizim məşəqqətli günlərimiz başladı». Kifayət Məmmədova məsələ ilə əlaqədar Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş ofisinə yazılı müraciət ünvanlasa da, onun üzləşdiyi problemi həll edən olmayıb. Yəni birliyin baş direktoru Şakir Musayev övladını itirmiş ananın problemini yoluna qoymaq əvəzinə, onun üçün əlavə əngəllərin yaradılmasına göz yumub... P.S. Növbəti sayımızda Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktorunun ələ keçirməyə çalışdığı «Gülbaxt» daş karxanası, bir zamanlar Hacı Məmmədovun qətlə yetirdiyi bir qadının nədən «narkoman» çıxarılması, eləcə də birliyin bir sıra rayon şöbələrində yol verilən kobud qanun pozuntularına dair daha geniş məlumat verəcəyik. Bizi izləyin! Geri qayıt |