Əsas Səhifə > Partiya > İLYAS İSMAYILOV ARANI QATDI
İLYAS İSMAYILOV ARANI QATDI19-11-2013, 14:45 |
Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etmişdi. İ.İsmayılovun bu müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər. Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi. Partiya sədri İ.İsmayılov bu məsələni bir daha gündəmə gətirib və bu dəfə Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Virtualaz.org deputat İ.İsmayılovun bu müraciətinə deputat və hüquqşünaslardan münasibət öyrənib. İxtisasca hüquqşünas olan deputat Fazil Mustafa İlyas İsamayılovun bu müraciətini hüquqi nöqteyi-nəzərdən doğru hesab edir: “Bu, Azərbaycan qanunvericiliyinə və Seçki Məcəlləsinə uyğun olaraq nəzərdə tutulan bir addımdır. Amma bu məsələ Azərbaycan praktikasında öz həllini tapmır. Bu müraciət müəyyən instansiyalara göndərilibsə, ona baxıla bilər. Lakin indiki reallıqda bunun icrası məsələsi inandırıcı görünmür”. xtisasca tarixçi olan deputat Fəzail Ağamalı isə İlyas İsmayılovun fikirləri ilə razı olmadığını və bu müraciətə ehtiyacın olmadığını bildirib: “Ali məktəb rektorları məmur hesab olunmur. Məmur statusu daşımayan rektorlar niyə bu statusdan məhrum edilməlidir?! Mənim bu məsələyə yanaşmam fərqlidir. Bununla razı deyiləm” Hüquqşünas Əliməmməd Nuriyev də İlyas İsmayılovun fikirlərinin hüquqi baxımdan doğru olduğunu vurğulayıb: “İlyas İsmayılov təcrübəli hüquqşünas və hüquqçu alimdir. Azərbaycan qanunvericiliyini də çox yaxşı bilir. Onun fikriləri qanunvericiliyə və Konstitusiyaya istinad edilərək söylənilən fikrilərdir. Qanunvericilikdə və Konstutisiyada deputatlara və deputat olmağa namizəd olan şəxslərə qarşı müəyyən tələblər var. Bu tələblərdən biri də onların ödənişli fəaliyyətlə məşğul olmamaları ilə bağlıdır. Elm, yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olmaq istisna olmaqla, digər ödənişli fəaliyyətlə məşğul olmaq deputatlara və deputat olmaq istəyən şəxslərə yasaqdır. Mübahisəli məsələ budur: rektorlar elmi fəaliyyətin subyektidir, pedaqoji fəaliyyətin subyektidir, yoxsa bütövlükdə icra hakimiyyəti orqanının və ya digər ödənişli fəaliyyətlə məşğul olan fəaliyyətin subyektləridir? Bu şəxslər vəzifəyə prezidentin sərəncamı ilə təyin olunurlar. Bu da mübahisə yaradan haldır. Buna Konstitusiyada da yol verilmir. İlyas İsmayılovun fikirləri də hüquqa söykənən fikirlərdir”. İlyas İsmayılovun bu tələb-təklifinə deputat-rektorlar da münasibət bildiriblər. Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov publika.az-a açıqlamasında deyib: “İndi müraciət edib, görək nəticəsi necə olacaq. Mən indidən heç bir söz deyə bilmərəm. Bu onun şəxsi fikridir. Mənim İlyas İsmayılov ilə elə münasibətim də yoxdur”. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, deputat Gülçöhrə Məmmədova da İlyas İsmayılovun müraciətinə cavab verib: “Görünür ki, İlyas İsmayılovun başqa görəcəyi iş yoxdur. Mənim İlyas İsmayılov ilə münasibətim yoxdur, heç vaxt söhbətim də olmayıb. O, Konstitusiya Məhkəməsinə təklif verib, indi məhkəmə də onun cavabını verər”. Deputat İlyas İsmayılov rektor deputatların bu fikirlərini də cavabsız qoymayıb. O, publika.az-a açıqlamasında söyləyib ki, hələlik onun bu müraciətinə məhkəmədən cavab verilməyib. Onun sözlərinə görə, yaxın vaxtlarda sözügedən müraciətə cavab verilməsi gözlənilir. Rektor-deputatların dediklərinə gəlincə, İ.İsmayılov bildirib: “Onlar çox böyük səhv edirlər. Gedib qanuna baxsınlar. Bu da onların səviyyəsini göstərir. Mən konkret qanuna əsaslanıb deyirəm. Mənim heç kəslə şəxsi-qərəzliyim yoxdur. Mən sadəcə olaraq istəyirəm ki, hər kəs qanunun tələblərinə riayət etsin. Gülçöhrə Məmmədova öz səviyyəsini göstərir. Mən ağlıma gələni yazmıram, qanun deyəni yazıram. Heç olmasa götürüb qanuna baxsın, onu oxusun. O ağlına gələni danışır. Mən isə qanunun dediyini danışıram. Abel Məhərrəmov və Gülçöhrə Məmmədova qeyri-qanunu vəzifə tuturlar. Tutduqları vəzifənin birindən getməlidirlər”. Geri qayıt |