Əsas Səhifə > Güney Press, Araşdırma > ƏYALƏT MƏMURLARININ YENİ KABUSU: RAMİZ HƏSƏNOV...

ƏYALƏT MƏMURLARININ YENİ KABUSU: RAMİZ HƏSƏNOV...


19-12-2013, 09:12
ƏYALƏT MƏMURLARININ YENİ KABUSU: RAMİZ HƏSƏNOV...
Ramiz Həsənovun sədri olduğu Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə boyu uşaq bağçaları ilə bağlı yoxlamalara başlayıb. Bu yoxlamalar artıq bir neçə rayonda ciddi qüsurları ortaya çıxarıb və həmin rayonların icra hakimiyyətlərində təlaş yaradıb.

Xatırladaq ki, məktəbəqədər tərbiyə müəssisələri bir qədər əvvəl Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verilmişdi. Bundan sonra uşaq bağçaları ilə bağlı neqativ halların aradan qalxacağı gözlənilsə də, Həsənovun komitəsinin araşdırmaları vəziyyətin əksinə daha da pisləşdiyini ortaya qoyub.
Məsələn, elə dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb ki, Masallı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Masallı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu yoxlanılıb.
Bundan əvvəl isə Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Ramiz Həsənovun komitəsindən bildirilib ki, araşdırma Gəncə şəhəri DOS-6 ünvanında yerləşən 10 saylı uşaq bağçası-körpələr evi, Nərimanov prospektində yerləşən 26 saylı körpələr evi-uşaq bağçası, Zərdabi küçəsində yerləşən 28 saylı körpələr evi-uşaq bağçası, Ü.Hacıbəyov küçəsi ev 1 ünvanında yerləşən 33 saylı körpələr evi-uşaq bağçası, H.Əliyev prospekti 16 ünvanında yerləşən 47 saylı körpələr evi-uşaq bağçası, Goranboy rayonu Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçalarında aparılıb.
Təhsil və tərbiyə müəssisələrində aparılmış dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Müəssisə rəhbərlərinin AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilib. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olub. Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmayıb, müxtəlif
ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, mətbəxdə işlədilən qablar köhnədir. Standartın 1.4.27-ci bəndinə əsasən bağçanın girişində gündəlik menyunu əks etdirən lövhə olmalıdır ki, araşdırma zamanı buna da rast gəlinməyib.
Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Mingəçevir şəhərində də oxşar araşdırmalar zamanı ciddi qüsurlar aşkarlanıb.
Ekspertlər hesab edir ki, bu araşdırmalar təqdirəlayiqdir. Amma o da mümkündür ki, aparılan yoxlamalar nəticəsində aşkarlanan neqativ faktlar uşaq bağçalarının yenidən icra hakimiyyətlərinin əlindən alınaraq Təhsil Nazirliyinin tərkibinə qaytarılması üçün əsas rolu oynamağa hesablanıb.
Hər bir halda Ramiz Həsənovun komitəsinin yoxlamaları hazırda yerli icra hakimiyyətləri üçün arzuolunmaz prosesə çevrilib. Yerli rəhbərlər bu yoxlamaların yekununda yalnız uşaq bağçaları üzərindəki nəzarəti deyil, hətta kürsülərini itirə biləcəklərindən təlaşlanırlar.

Geri qayıt