Əsas Səhifə > Güney Press, Araşdırma > İLHAM RƏHİMOVUN ABBAS ABBASOV ŞÜBHƏSİ

İLHAM RƏHİMOVUN ABBAS ABBASOV ŞÜBHƏSİ


20-12-2013, 09:00
İLHAM RƏHİMOVUN ABBAS ABBASOV ŞÜBHƏSİ
Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü (“Milyarderlər İttifaqı”) Abbas Abbasovla gələn ilin əvvəlindən Moskva vilayətinin Xlebnikovo qəsəbəsi yaxınlığında böyük bir meyvə-tərəvəz bazarı açacaq.

Əslində, həmin yerdə əslən Ucardan olan Samir adlı azərbaycanlıya məxsus, rəsmi adı “Veqetta” olan, amma həmyerlilərimiz arasında Xlebnikovo bazası kimi tanınan bazar fəaliyyət göstərir. Abbasov həmin bazanın ərazisini, habelə əlavə olaraq 18 hektar ərazini də bir yerə birləşdirib, regionun ən böyük meyvə-tərəvəz bazasını yaradır. Adı çəkilən bazanın yaxınlığında Alim adlı iş adamına məxsus obyekt də (əslində mini-bazardır) yeni bazanın ərazisinə qatılacaq.
Bildirildiyinə görə, Abbasov bu işdə tək də deyil. Bu işdə onun şəriki Rusiyada fəaliyyət göstərən Manqo şirkətinin sahibi Rövşən Cabbarovdur. Abbasovla Cabbarov hələ bir neçə il bundan əvvəldən biznes şərikidirlər. Onlar 2011-ci ildə Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıblar. Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə sövdələşməyə gedən Abbasov və Cabbarov vilayətdə çoxlu meyvə-tərəvəz anbarı tikiblər. Bu ilişkilər barədə həmin ərəfədə Rusiya KİV-i də məlumat yayıb.
Həmçinin bildirilir ki, Abbasov Orxan Zeynalov olayından sonra bağlanan “Pokrov” bazarında çalışan azərbaycanlıları bura köçürmək istəyir: “Bundan başqa, demək olar ki, hər gün “Sadovod” adlanan və Quba yəhudilərinə aid olan bazarda gah total OMON yoxlamaları olur, gah da hansısa hadisə. Srağagün isə bu bazarda yanğın olmuşdu və azərbaycanlılara məxsus bir neçə ticarət pavilyonu yanmışdı. Abbasov və şərikləri bu bazarda çalışan azərbaycanlıları da Xlebnikovoya köçürmək niyyətindədirlər.
Bazarda Samir adlı həmyerlimizə kiçik pay ayrılacağı da gələn xəbərlər sırasındadır. Yuxarıda adını çəkdiyimiz Alim adlı sahibkarla isə, el dili ilə desək, halallaşacaqlar.
Burada maraqlı məqam Abbasovun Moskvadakı bütün azərbaycanlıları bir yerə yığacaq bazar açması xəbəri ilə Rusiya paytaxtında böyük biznesi olan azərbaycanlı iş adamının bu şəhərdəki bazarlarının “vurulması” ilə üst-üstə düşməsidir. Rəhimov Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biri sayılır; bu mənada onun Moskvadakı biznesinin ardıcıl yoxlamalara məruz qalması və digər xoşagəlməz hallarla üzləşməsi təəccüb doğururdu.
Amma sabiq vitse-premyerin Rusiyada yeni bazar açıb bütün azərbaycanlıları ora toplamaq cəhdindən sonra iş adamının Moskvadakı bazarlarında baş verənlərin təsadüf olmadığı qənaəti yaranır. Tamamilə mümkün ehtimallardan biridir ki, Rəhimovun obyektlərini qapadaraq oradakı azərbaycanlı satıcıları da Abbas Abbasovun açacağı bazara cəlb etmək niyyəti güdülür.
Xatırladaq ki, hələ oktyabr ayında məlumat yayıldı ki, Moskvanın “Sadovod” bazarında yanğın olub. Həmin vaxt Rusiya qaynaqları xəbər verirdi ki, Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşən bazarda baş vermiş yanğın 100 kvadratmetrdən çox ərazini əhatə edib. Qeyd edək ki, bu bazarın sahibləri məhz İlham Rəhimov və onun yəhudi ortağı, Qubadakı Qırmızı Qəsəbədən olan Zarah İliyevdir.
Sonuncu dəfə isə Rəhimovun adıçəkilən bazarı üç gün əvvəl yanıb. Belə ki, dekabrın 16-na keçən gecə başlamış güclü yanğın 7 saat davam edib. Yanğın Bakı vaxtı ilə saat 8.30-da Yanğın Moskva vaxtı ilə saat 0.37-də başlayıb, 8.30-da isə söndürülüb. Yanğın ticarət mərkəzinin məişət malları və geyim satılan konteynerlərində baş verib və 300 kvadratmetr sahəni əhatə edib.
Ən maraqlısı isə odur ki, bu yanğınlar silsiləsini ötən ay Rusiya Federal Miqrasiya Xidmətinin, Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının bazarda bir neçə dəfə irimiqyaslı reydlər keçirərək minlərlə adamı saxlaması müşaiyət edilib. Moskva meri Yuri Sobyanin isə “Sadovod”un sökülməsi və yerində müasir ticarət mərkəzinin tikilməsi barədə qərar çıxarıb.
Bütün bunların fonunda Abbas Abbasovun Moskvadakı bütün azərbaycanlıları “bir çətir altına toplayacaq” bazar inşa etdirməsi yuxarıda qeyd etdiyimiz şübhənin həqiqətlə yaxınlığını daha da qüvvətləndirir.

Geri qayıt