Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCANIN “NEFT DİPLOMATİYASI” İFLASA UĞRADI?

AZƏRBAYCANIN “NEFT DİPLOMATİYASI” İFLASA UĞRADI?


13-06-2012, 12:05
AZƏRBAYCANIN “NEFT DİPLOMATİYASI” İFLASA UĞRADI?

NEFT-QAZ SƏRGİSİ: GEOSİYASƏTDƏN KOMMERSİYAYA

İyunun 5-dən 8-dək keçirilən XIX beynəlxalq Caspian Oil & Gas sərgisi Bakı Ekspo Mərkəzinə 35 ölkədən 304 şirkət topladı. Sərginin təşkilatçısı ITE Group Plc şirkəti və onun Azərbaycandan olan tərəfdaşı Iteca Caspian-dır.

Əlbəttə, bu, marağın son həddi deyil (xatırladaq ki, iştirakçıların maksimal sayı 1998-ci ildə qeydə alınıb - 431). Əvvəllər olduğu kimi, iştirakçıların çoxu ARDNŞ-nin tərəfdaşı olan xarici şirkətlər və neft-servis şirkətləri, eləcə də Azərbaycanda mənfəətli biznesdə iştirakda maraqlı olan və hələ işə başlamamış şirkətlərdir.

Sərgiyə marağın azalmadığını göstərən maraqlı fakt odur ki, ekspozisiyanın 10%-i indiyəcən Azərbaycan bazarına daxil olmayan şirkətlərdir. Onların arasında Vyetnam şirkətləri seçilir. Bu sosialist respublikasında yüksək inkişaf tempini (böhran öncəsi 8,2%) nəzərə alanda bu, izah ediləndir. Qeyd edilir ki, ilk dəfə sərgidə 100-ə yaxın yerli şirkət iştirak edir. MDB, Avropa və Şərqi Asiyadan şirkət sayı artıb. Sərginin 40%-dən çox ərazisini dünyada məşhur şirkətlər tutur. Onların çoxu Caspian Oil & Gas-ın daimi iştirakçılardır. Ümumilikdə, ötən ilə nisbətən ekspozisiya sayı 15% artıb.

Həmişə olduğu kimi, sərginin açılışında prezident İlham Əliyev və yüksək rütbəli xarici nümayəndələr iştirak edib. Onların sırasında İranın neft və qaz naziri Rüstəm Kazimi, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Litvanın energetika naziri Arvidas Sikmokas və başqaları var. 6 iyunda Azərbaycana rəsmi səfər edən ABŞ dövlət katibi Hillari Klintonun sərgiyə gəlməsi mühüm hadisə sayıla bilər. Amma onun sərginin açılışında iştirak etməməsi konkret Amerika şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində iştirakına dəstəyin dövlət katibinin gündəliyində ikinci dərəcəli olduğunu göstərir. Bu, Azərbaycanda hasilatın azalması ilə, yoxsa ABŞ isteblişmentinin prioritetinin dəyişməsi ilə bağlıdır? Yəqin ki, heç biri ilə. Amma bu faktdır ki, Azərbaycanın “neft diplomatiyası” haqqında KİV-də əvvəlki kimi təmtəraqlı və tərifli yazılar getmir. Amma Azərbaycanın enerji resurslarının aktuallığı bununla azalmır. Belə ki, Aİ Azərbaycanı regionda əsas tərəfdaş sayır. Bunu energetika üzrə avrokomissar Günter Ottingerin 19-cu CASPIAN OIL & GAS 2012 iştirakçılarına təbrik məktubu da göstərir. Əlbəttə, iqtisadi məqsəduyğunluq cəhətdən Azərbavcan alternativi Avropa enerji tədarükçüləri üçün aktualdır, amma bu tələbat onlar arasındakı mübahisə üzündən (əsasən kommersiya xarakterli) nəql etmə üzrə tərəfdaş ölkələr tərəfindən həyata keçirilmir. Bu fakt Bakıdakı konfransda da qeyd edilib. Nəql məsələsi konfransın gündəliyində daha vacib məsələ kimi qalır. Bu dəfə “Şahdəniz” təbii qazının Anadolu qaz kəməri ilə (TANAP) nəqli və usandırıcı “Tarnsxəzər qaz kəməri” məsələsi diqqəti cəlb edib.

Növbəti, 19-cu sərginin gedişi və onun ətrafındakı hadisələr bir daha təsdiq etdi ki, əsas enerji istehlakçısı olan ölkələrin və onların kommersiya təmsilçilərinin siyasəti dəyişib. Məsələ daha az geosiyasiləşib və daha çox kommersiyalaşıb. Artıq şübhə yoxdur ki, təkcə Azərbaycanda yeni qaz yataqlarının kəşfi barədə nikbin bəyanatlarla öz siyasətini cəlbedici edə bilməzsən. Kommersiya maraqları və yeni siyasətə əsaslanan yeni, ayıq qərarlar lazımdır və onlar daha çox şəffaflıq tələb edir.

Turan Analitik Xidməti


Geri qayıt