Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOVUN YERLƏRDƏKİ QULDURLARI
ZİYA MƏMMƏDOVUN YERLƏRDƏKİ QULDURLARI29-08-2012, 13:41 |
“QUBA-NƏQLİYYAT” ASC-Nİ KİMLƏR TALAYIR? «Quba-Nəqliyyat» ASC-nin üzvləri «Qaynar xətt»ə Cəmiyyətin sədrindən şikayət ediblər. Onlar deyirlər ki, səhmdar hüquqları Arif Əliyev tərəfindən pozulur. «MAŞINLARI SATDI, İNDİ DƏ BİNANI SATMAQLA MƏŞĞULDUR» Səhmdar Sadıq Mehdiyev: «3 il idi ki, icarəçi kimi çayxana-kafe işlədirdim. Obyekti də öz vəsaitimlə təmir etdirmişdim. Bu ilin əvvəlində icarə haqqı ödəyəndə məndən almadı. Apardım banka ödədim. İkinci ay banka tapşırdı bank da məndən icarə haqqını götürmədi. Obyektin işığını, qazını kəsdi, iş yerimi öz müavininin adına sənədləşdirdi, mənim avadanlığımı da tökdü çölə. Cəmiyyətin 124 üzvü var, hamısı bizim günümüzdədir. Sürücüləri işdən çıxartdı, avtobusların mühərriklərini çıxardıb satdı, özlərini də tulladı «metalloma». İndi də binanı hissə-hissə satmaqla məşğuldur. Halbuki bu məsələlərdə səhmdar kimi bizim də razılığımız olmalıdır. Sadıq Mehdiyev deyir ki, Arif Əliyev 5 ildə keçirdiyi iclaslarda bircə dəfə də onların səhmdar kimi iştiraklarını təmin etməyib: «Özü bir-iki səhmdarla iclas keçirir, istədikləri sənədi, protokolu bizim adımızdan imzalayırlar, işlərini görürlər. Müəssisəyə yaxın düşə bilmirik, orda bir mühasib qadın var, gedən kimi bizi söyür, şərləyir, neçə dəfə polisə düşmüşük». «100-DƏN ARTIQ SƏHMDARI AC QOYUB» Cəmiyyətin başqa səhmdarı Xankişi Hacıverdiyev deyir ki, işdən çıxarılması bir tərəfə, sədr onun borc-xərclə aldığı maşınını da əlindən alıb: «Tək mən deyiləm ki, 100-dən artıq səhmdarı işsiz, ailəsini isə ac qoyub. Hamını işdən çıxarıb, iş yerlərini başqalarına satıb. Şəxsən mən evimi girov qoyub pul götürüb avtobus almışdım, əlimdən aldı, satdı başqasına, özümü də işdən çıxartdı. Ora-bura şikayət elədim, pulun az hissəsini ala bildim. Banka borcumu qaytarmaq lazım idi deyə, verdiyi 1150 manatla razılaşmalı oldum. Ancaq maşını qaytarmadı, indi başqası sürür». Cəmiyyətin keçmiş sədri Tahir Məmmədov isə deyir ki, 2006-cı ildə xəstəliyi ilə əlaqədar səhmdarların ümumi yığıncağında onun və səhmdarların çıxardığı qərarla vəzifəsinin icrası Arif Əliyevə keçib. Bundan sonra Arif Əliyev Əmlak Komitəsində cəmiyyətə məxsus olan 30 faiz səhmi də alıb. Üstəlik, Tahir Məmmədovun 19, həyat yoldaşının isə 16 faiz səhmini alıb. 19 faiz səhmini geri ala bilsə də, 16 faizi geri ala bilməyib: «Biz yığışıb onu özümüzə sədr seçdik, o isə etimadımıza belə yanaşdı. 6 ildir nə bir iclas çağırır, nə bir səhmdarla hesablaşır. Öz 3-5 səhmdar dostu ilə keçirdiyi iclaslardakı bütün protokollarda imzalarım saxtadır, eləcə də başqa səhmdarların da imzaları saxtadır. Bu saxta imzalarla cəmiyyətin bütün əmlakını satıb, talayıb. Hər yerə şikayət göndərmişik, yalvarıb-yaxarırıq ki, bu adama bir dayan, dur deyən olsun, bizi eşidən yoxdur». CƏMİYYƏTİN SƏDRİ SƏHMDARLARLA RAZILAŞMIR «Quba-Nəqliyyat» Açıq Səhmdar Cəmiyyətin sədri Arif Əliyev isə səhmdarların dediklərini təkzib edir: «Tahir Məmmədov 5 il əvvəl öz ərizəsi ilə sədrlikdən istefa verib. Xankişi Hacıverdiyevin 71 yaşı var, sürücü idi, maşın idarə etmək qabiliyyətini itirdiyinə görə işdən çıxarılıb. Sadıq Mehdiyev mənim sürücüm idi. Cəmiyyətin fəaliyyəti Nəqliyyat Nazirliyi tərəfindən dayandırıldığı üçün 1 ildən artıqdır ki, nəqliyyat fəaliyyəti göstərmirik. Ona görə də bütün işçilər ixtisara salınaraq Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Uğurlu yol» şirkətinin sərəncamına göndərmişik. Biz ümumiyyətlə, hazırda heç bir xidmət göstərmirik. Avtomaşınlara gəlincə, Bakı-Quba nəqliyyatını təzələyiblər. Köhnə maşınları xətdən çıxarıb xəttə yeni avtomaşınlar buraxıblar». Arif Əliyev deyir ki, səhmdarlar Əmək Müfəttişliyinə, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət ediblər, fəaliyyəti 15 aya yaxın araşdırılıb. Məhkəmə Səhmdar Cəmiyyəti 1500 manat cərimələyib, başqa iddialar isə təsdiqini tapmayıb. Onun sözlərinə görə, 5 ildə çoxsaylı iclaslar keçirib və səhmdarların iclaslardakı iştiraklarını təsdiqləyən video görüntülər var. Səhmdarlar isə cəmiyyətin sədri ilə bağlı şikayətlərini davam etdirirlər. Geri qayıt |