AŞPA-NIN AZƏRBAYCAN HESABATI NECƏ OLACAQ?
Tarix: 16-02-2012, 13:56 |
Çap et
RƏSMİ BAKI HESABATIN “OBYEKTİV” OLACAĞINA İNANIR
Azərbaycan Avropa Şurası Parlament Assambleyası həmməruzəçilərinin obyektiv hesabat hazırlayacağına inanır.
"Bu yaxınlarda Bakıda səfərdə olan AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri ölkəmizdə gedən prosesləri müşahidə etdilər. Hesabatın nəticəsində bu il Avropa Şurasında Azərbaycanla bağlı müzakirələr təşkil olunacaq. Əminəm ki, bu müzakirələr konstruktiv şəkildə keçiriləcək", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, onların məruzəçilərə təqdim etdiyi məsələlər tam obyektiv formada çatdırılır.
"Biz onlara bir daha bəyan etdik ki, mövqeyimiz Avropa Şurası ilə əməkdaşlıq etməkdən ibarətdir. Ancaq Avropa Şurasında hansısa qüvvələr Azərbaycana qarşı insan haqlarından sui-istifadə edib təzyiq göstərəcəklərsə, biz buna qəti etirazımızı bildirəcəyik", - Seyidov əlavə edib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex yanvarın sonu - fevralın əvvəlində Azərbaycanda səfərdə olublar. Onlar Bakıda keçirdikləri mətbuat konfransında səfərin yekununa dair hesabat hazırlayacaqlarını bildiriblər.