“HƏRƏKAT SEÇKİDƏ İŞTİRAK EDƏ DƏ, ETMƏYƏ DƏ BİLƏR”
Tarix: 28-02-2012, 14:03 |
Çap et
MİRƏLİOĞLU YENƏ DƏ QƏRARSIZ DANIŞDI
“Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının prezident seçkisində iştirakının formatı ilə bağlı müzakirə aparılacaq”.
Hərəkatın İdarə Heyətinin üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya deyib ki, hərəkatın prezident seçkisində iştirakı məsələsi hələlik danışıq mövzusu deyil və bu günə qədər də müzakirə olunmayıb: “Hərəkat seçkidə iştirak edə də, etməyə də bilər. Bu, önəmli deyil. Ancaq hərəkatda təmsil olunan partiyaların seçkilərə münasibəti olacaq. Yəqin ki, bununla bağlı hərəkatda müzakirələr də aparılacaq. Hərəkatın prezident seçkisində vahid namizədlə iştirakı məsələsinə dair müzakirə açmırıq. Məncə, bu çətin məsələdir”.
Hazırkı siyasi mühiti dəyərləndirən M. Mirəlioğlu daxili siyasi arenadakı indiki vəziyyəti qışa bənzədib: “Bu gün daxili siyasi mühitdə olan süstlük ümumi xarakter daşıyır”.
M. Mirəlioğlu hərəkatın Məclisinin formatı ilə bağlı normativ sənədlərin hələlik qəbul olunmadığını da söyləyib: “Amma Məclisin formalaşması ilə bağlı siyasi qərarımız mövcuddur. Qəbul olunacaq hüquqi sənəddə bu məsələ daha geniş öz əksini tapacaq”.