DİA.AZ: - "İlon Maskın ABŞ prezidentliyə iddiasını ortaya qoyacağını istisna etmirəm". DİA.AZ bildirir ki, bunu öz açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu qeyd edib.
"Onun vaxtilə inşaat və otel sektorunda ad qazanmış keçmiş prezident Donald Trampdan nəyi əskikdir?" deyə ritorik sualla fikrini gücləndirən ekspert daha sonra əlavə edib:
"Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib. İlon Mask son zamanlar siyasi açıqlamalar verir, indi də deyib ki, ABŞ-nin Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar. Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağı qərar verir, fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb. Hər halda İlon Mask 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq".