Hizbullah İsraillə müharibədə maraqlı görünmür... - AKTUAL
“Hizbullah” lideri Həsən Nəsrullah dünənki çıxışında rəhbəri olduğu təşkilatın İsraillə genişmiqyaslı müharibəyə başlayacağına dair cümlə işlətmədi. Buna baxmayaraq, İsrail ordusu Livan ərazisində Hizbullah mövqelərinə zərbələr endirib. Daha əvvəl Hizbullah İsrail ərazisinə zərbə endirmişdi. İsrail Livanla sərhəddəki kəndlərin əhalisini daha təhlükəsiz yerlərə köçürübsə bu, bölgədə toqquşmaların davamına işarədir. Həsən Nəsrullah çıxışında İsraillə 2006-cı il savaşını xatırladıb. O zaman İsrail Hizbullah tərəfindən oğurlanan 2 hərbçisinə görə Livan ərazisinə daxil oldu, ancaq uğur qazana bilmədi. Həsən Nəsrullah ona işarə edib ki, İsrail Livanda yenidən məğlub ola bilər. Bütün hallarda Həsən Nəsrullahın çıxışından hiss olunurdu ki, o yeni müharibədə maraqlı deyil. Çünki Hizbullah qruplaşmasının arxasındakı güc olan İran müharibənin qəlpələrinin ona çata biləcəyindən ehtiyat edir. Tehran Vaşinqtonla Tel-Əvivin xəbərdarlıqlarını nəzərə almaya bilməz. Bu arada, Həsən Nəsrullah müsəlman ölkələrini İsraillə münasibətləri kəsməyə, səfirliklərini bağlamağa və İsrailə neft və qaz satmağı dayandırmağa çağırıb. Bəzi ərəb ölkəsi İsraillə diplomatik əlaqələrə fasilə verib, ancaq bu müvəqqəti xarakter daşıyacaq, Türkiyə belə İsraili sərt tənqid etməsinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələri dayandırmayıb.
Azər Fikrətoğlu - DİA.AZ