Ermənistanın müxalif “Tavuş naminə Vətən” hərəkatı Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı yenidən etiraz aksiyalarına başlayacağının anonsunu verib. Bu ilin aprel ayında Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya-demarkasiya işlərinin başlamasına etiraz hərəkatı kimi keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə yaradılan hərəkat əvvəlki aksiyalarda uğursuzluğa düçar oldu. Tavuşdan İrəvana yürüşlər təşkil edən və İrəvanda bir neçə dəfə mitinqlər keçirən Qalstanyan ermənilərdən dəstək ala bilmədi.
Görünən odur ki, Tavuş arxiyepiskopunun vasitəsilə Paşinyanı devirmək istəyən qüvvələr yay boyunca “payız tətilinə” hazırlaşıblar. Məlumdur ki, Qalstanyana sabiq Prezidentin, parlamentdəki “Ermənistan” fraksiyası, xaricdəki bəzi erməni lobbi təşkilatları və Rusiyadakı müəyyən qüvvələr dəstək verirlər. Analitiklər hesab edirlər ki, keşişin arxasındakı qüvvələr Paşinyana qarşı yenidən etiraz dalğası yaratmaqla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.
“Biz ləyaqətli yeni hökumət qurmalıyıq. Dövlət və cəmiyyətin müqavimətini qıran ayrıcı xətlər aradan qaldırılmalıdır. Milli həmrəyliyimizi bərpa edə bilərik. Bu amal uğrunda hamıya çağırış edirəm”, - deyən Qalstanyan oktyabrın 2-də Paşinyanın istefası tələbi ilə aktiv mübarizənin bərpa olunacağını bəyan edib.
Keşiş qeyd edib ki, “müxalifət amansız, inadkar və zəmanətli qələbə ilə yekunlaşacaq gərgin və ardıcıl mübarizə mərhələsinə qədəm qoyub”. Onun sözlərinə görə, rəhbəri olduğu hərəkatın artıq “səhv etmək hüququ yoxdur” və addım-addım son mərhələyə getməlidir.
B.Qalstanyan təkcə erməni xalqına deyil, xaricdəki erməni diasporuna da çağırış edib. Analitiklər bildirirlər ki, burada keşişin məqsədi xaricdən dəstək almaq və Paşinyanı xarici dəstəkdən məhrum etməkdir.
Erməni politoloq Qarnik Danielyan deyib ki, Qalstanyanın aksiyalarla Paşinyanı hakimiyyətdən uzaqlaşdırması real deyil: “Erməni cəmiyyəti uğursuzluğun səbəbi kimi Paşinyanın yox, sabiq prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın siyasətini görürlər. Xalq bilir ki, bu adamların hakimiyyəti dövründə Ermənistan korrupsiya bataqlığının dibində idi. Ölkədə insan hüquqları kobud şəkildə pozulurdu. İnsanlar yaxşı bilirlər ki, Qalstanyanı indi müxalifətdə olan keçmiş rəhbərlər qızışdırırlar və arxasında dayanırlar. Buna görə də, ermənilər keşişin hərəkatının uğur qazanacağı halda keçmiş sistemə keçidin baş verəcəyini düşünürlər. Bu sistemi isə Ermənistan cəmiyyəti, erməni xalqı istəmir. Ona görə də keşişin hərəkatına dəstək yoxdur, etirazlara da çıxanlar az olacaq”.
“Üstəlik, erməni cəmiyyəti artıq Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmir. Keşişin bəyanatları isə düşmənçiliyə səsləyir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Paşinyana qarşı etirazlar müxalifətə rəğbət bəslənilməsi demək deyil”, - Danielyan fikrini tamamlayıb.
Siyasi şərhçi Əli Mustafa AYNA-ya bildirib ki, Qalstanyanın “qaynar payız” elanı təsadüfi deyil: “Məlumdur ki, keşişin başçılıq etdiyi hərəkat Rusiya layihəsidir. Rusiya davamlı olaraq Paşinyan hakimiyyətinə qarşı etirazlar yaradır. Sanki keşiş davamlı olaraq meydanda saxlanılır və bütün narazı qüvvələrin ortaya çıxmasına şərait yaratmaq vəzifəsini həyata keçirir. Qalstanyan etirazçı kütləni formalaşdıracaq şəxs kimi meydana göndərilir. Amma bunlar mənasızdır. Çünki keşişin özü də başa düşür ki, artıq uduzub”.
“Aparılan rəy sorğuları da göstərir ki, arxiyepiskopun rəhbərlik etdiyi hərəkat erməni cəmiyyətində aktuallığını itirib. Əvvəllər aksiyalara xeyli erməni cəlb edilə bilirdisə, artıq Qalstanyanın ətrafındakı adamların sayı azalıb”, - deyə analitik qeyd edib.
Ə.Mustafa xatırladıb ki, Qalstanyan ilk etiraz aksiyalarına Azərbaycana qaytarılan kəndlərə yaxın ərazilərdə başlayıb: “Həmin vaxt keşişin başçılığı ilə ilə keçirilən nümayişlər daha kütləvi idi, insanlar emosialarına uyğun olaraq, hərəkata qoşulmaq istəyində idilər. Amma bu etirazlar Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına mane olmadı. Erməni xalqı da anladı ki, revanşist hərəkətlər onlara yeni müharibə, yeni itkilər vəd edir. Həm də bu etirazların mənasız olduğunu dərk edən, soyuq başla düşünən insanlar hərəkatın aksiyalarından imtina etdilər. Amma görünən odur ki, keşiş bu vəziyyətdən nəticə çıxarmayıb, yenidən aksiyalara başlamaq qərarı verib. Lakin məncə, bu etirazlar da uğursuz olacaq və Paşinyan hakimiyyətini devirə biləcək səviyyəyə gəlməyəcək”.