ACLIQ EDƏN MÜƏLLİM ŞİKAYƏT EDİR
Tarix: 6-03-2012, 14:02 |
Çap et
“MƏNİMLƏ ƏVVƏLKİ KİMİ MARAQLANMIRLAR”
Göygöl rayonunda, öz evində aclıq aksiyası keçirən Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyevin səhhəti pisləşib.
O, fevralın 10-dan aclıq edir.
Martın 6-da “Media forum” saytına açıqlamasında Fikrət Hacıyev bildirib ki, artıq ayaq üstə dura bilmir: “Hər gün zəifləyirəm. Əvvəlki günlərə nisbətən indi daha çox halsızam. Bir neçə gündür həkimlər də gəlmirlər. Orqanizmim güclü olmasaydı, yəqin indiyədək mənə nəsə olardı.
Əslində, səhhətimdə yaranan problemlər mənə bir o qədər də təsir etmir. Mənə daha çox təsir edən yaxın qohumlarımın məndən üz döndərməsidir. Onlar mənə bu aksiyanın nəticəsiz olacağını deyirlər və mənimlə əvvəlki kimi maraqlanmırlar. Aksiyaya başladığım ilk gündə olduğu kimi, dövlət rəsmiləri mənimlə maraqlanmır. Bir vətəndaşın həyatda qalıb-qalmaması bunlar üçün maraqlı deyil”.
Fikrət Hacıyev məhbus fəal Bəxtiyar Hacıyevin əmisi oğludur. O, Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, işə bərpa olunmasını istəyir. Fikrət Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinə şikayət etsə də, Gəncə Dövlət Universitetinə qarşı iddiası təmin olunmayıb.