İTV-YƏ AYRICALIQ TANINMADI
Tarix: 27-06-2012, 19:00 |
Çap et
XARİCİ SERİALLARIN YAYIMI QƏTİ QADAĞAN OLUNDU
İctimai Televiziyaya (İTV) əcnəbi teleserialların yayım hüququ verilməyəcək. APA-nın məlumatına görə, Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq.
Belə ki, MM-in Mədəniyyət Komitəsinin iyunun 6-da keçirilmiş iclasında müvafiq qanuna təklif olunan dəyişikliyə əsasən, İTV-yə dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Lakin layihənin son variantında “teleseriallar” sözü çıxarılıb. Son varianta görə, İTV-yə dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində digər dəyişikliklər də nəzərdə tutulub.