ICOM Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında müqavilə imzalanacaq
Tarix: 9-09-2020, 09:51 |
Çap et
DİA.AZ: - Muzeylər dinamik, daim dəyişən təhsil mərkəzinə çevrilməli, istisnasız olaraq hər kəs, o cümlədən fiziki imkanları məhdud insanlar üçün əlçatan olmalıdır. Bu məqsədlə 11 sentyabr 2020-ci il tarixində, saat 11:00-da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında birgə müqavilə imzalanacaq.
DİA.AZ xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğunda imzalanacaq müqaviləyə əsasən sözügedən qoruğun inklüziv muzey kimi fəaliyyətinə metodiki dəstək göstəriləcək. Metodiki dəstək materialları ölkəmizin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən görmə və eşitmə məhdudiyyətli insanlar üçün hazırlanmış proqramlar əsasında tərtib edilib. Belə ki, görmə imkanları məhdud insanların qaya rəsmləri (petroqliflər) haqqında ətraflı informasiya əldə edə bilməsi üçün bu barədə məlumatlar Brayl şriftli etiketajların yerləşdirildiyi taktil maketlərlə müşayiət olunacaq. Bununla da fiziki imkanları məhdud insanlar Qobustan Milli Tarix-Bədii Qoruğunun eksponatlarını “görmək” və qaya rəsmlərinin (petroqliflərin) formalarını hiss etmək imkanı əldə edəcəklər.