“Avropada təbii qaz qiymətləri yüksəlir. Bu, Avropanın qış fəslinə qədəm qoyduğu bir vaxtda təklif və tələbin artması ilə bağlı qeyri-müəyyənlik yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu London Enerji İqtisadiyyatı Kollecinin prezidenti Dr Yousef Alshammari deyib.
“ABŞ və Rusiyanın yaratdığı geosiyasi gərginlik qitədə enerji qiymətləri üçün əsas risk faktoruna çevrilib. Təbii qazın qiymətləri bir ilin ən yüksək səviyyəsinə çatıb. Noyabrın 16-da Rusiyanın “Qazprom” şirkətinin Avstriyaya təbii qaz tədarükünü ölkələr arasında yaranan ödəniş mübahisəsinə görə dayandırmasından sonra Avropada qeyri-müəyyənlik artıb. Bu arada, Rusiya qazının Ukrayna ərazisindən tranziti üzrə əsas müqavilə 2025-ci il yanvarın 1-də başa çatır. Bu, Rusiyanın Aİ-yə ixrac etdiyi qazın qalan hissəsinin enerji balansından kənarda qalması riskini yaradır. Rusiya qazının Avropaya tədarükü ilə bağlı yaranan əlavə fasilələr Avropa ölkələri üçün vəziyyəti çətinləşdirəcək. Bu, o deməkdir ki, Aİ-nin anbar obyektləri təzyiq altında olacaq. Tədarükdə fasilələr davam edərsə və ya qeyri-müəyyənlik artarsa, yaxın həftələrdə qiymətlərin daha da yüksələcəyi gözlənilir. Rusiya qazının idxalının azaldılması və artan enerji tələbi Avropaya daha çox LNG idxalına səbəb olacaq ki, bu da bütövlükdə Avropada enerji qiymətlərinin artması ilə nəticələnəcək”, – deyə ekspert vurğulayıb.