Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsinə yekun vurub.
Yeniavaz.com xəbər verir ki, Agentlik Sevinc Şəfa qızı İsgəndərovadan ixtisaslaşmış sosial xidmət müəssisəsi üçün ofis sahəsi icarəyə götürəcək.
Bildirilir ki, 1 093 kv. metr ofisin bir il müddətinə icarəsi üçün qarşı tərəfə 262 min 320 manat ödəniləcək.
Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bir il əvvəl – ötən ilin dekabr ayında da Sevinc Şəfa qızı İsgəndərovadan 900 kv. metr ofis sahəsi icarəyə götürüb və qarşılığında 216 min manat ödəyib.
Sevinc Şəfa qızı İsgəndərova vergi ödəyicisi kimi (VÖEN – 2905863792) Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb. Vergi ödəyicisi barədə açıq mənbələrdə başqa bir məlumat mövcud deyil. Sevinc Şəfa qızı İsgəndərova adlı şəxs eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən 51 saylı uşaq baxçasının direktoru vəzifəsində çalışır.