Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə "DİA-AZ"a MN-dən xəbər verilib. Mərasimdə iştirak edən Milli Müdafiə Universitetinin rəhbərliyi və zabit kollektivi institutun həyətində ucaldılan Heydər Əliyevin büstü önünə və şəhidlərin xatirə kompleksinə gül dəstələri qoyub, öz ehtiramlarını nümayiş etdiriblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində aparılan islahatlardan danışıb, 23 ixtisas üzrə zabit rütbəsi almış məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb. Sonra general-mayor G.Əbdülov təhsildə fərqlənənlərə “leytenant” hərbi rütbəsini və sertifikatları təqdim edib. Məzunlar adından çıxış edən, kurs birincisi leytenant İlkin İrzayev onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə, eləcə də əməyi keçən bütün professor və müəllim heyətinə öz təşəkkürünü bildirib, zabit peşəsini seçdiyinə görə qürur duyduğunu ifadə edib. Kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib. Sonda Milli Müdafiə Universitetinin akademik və rəhbər heyəti məzunlarla xatirə fotosu çəkdirib.