Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.
"DİA-AZ" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 % artırılıb:
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
- Heydər Əliyev Mərkəzi;
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
- Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;
- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
- Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
- Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
- icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.
Nazirlər Kabineti yuxarıda adları qeyd olunan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək tapşırılıb.