![Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738895228_67a55cd38740a67a55cd38740b173889045167a55cd38740867a55cd387409.jpeg)
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri davam edir.
APA xəbər verir ki, bu gün Azərbaycanın daha 3 güləşçisi “Zaqreb Open”də mübarizə aparıb.
Sərbəst güləş üzrə yığmanın 92 kiloqramda çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürünc medal qazanıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kiloqram) macarıstanlı Gerda Terekə 13:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.