
Ötən gün Quba rayon Mərkəzi Xəstəxanasına böyrək sancısı ilə müraciət edib tibb müəssəsinin sanitar qovşağında doğuş edən və körpəsini öldürməyə cəhd edən qadınla bağlı məlumat vermişdik.
Bizim.Media-nın yerli bürosu 34 yaşlı Turanə Konuxla bağlı özəl təfərrüatları əldə edib.
Məlumata görə Turanə Xaçmazın Qusarçay kəndində doğulsa da, Xudat şəhərində qeydiyyatdadır.
Üç ildir Quba şəhərində yaşayan Turanə Konux elə həmin rayondan olan evli bir kişi ilə tanış olub və iki ay münasibətləri davam edib. Kişi onun hamilə olduğunu biləndə qadından uzaqlaşıb.
Qadın bu səbəbdən həkimləri aldatmaq istəyib, sanitar qovşaqda uşağı doğub öldürmək istəyib. Cəld tərpənən Quba rayon Mərkəzi Xəstəxanasının tibb personalı Turanənin bu çirkin əməlinin baş verməsinə imkan verməyiblər. Qapını tez açan tibb işçiləri doğulan körpəyə və anaya təcili tibbi yardım şöbəsində ilk yardımlar ediblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdirilib.
Hazırda qadının körpəsindən imtina etməsi və onu öldürmək cəhdi ilə bağlı fakt Quba rayon prokurorluğunda araşdırılır.
Eyni zamanda körpənin vəziyyətindən asılı olaraq onun gələcək taleyi ilə bağlı məsələ də aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülb.
Qeyd edək ki, Quba rayon Mərkəzi Xəstəxanasının məlumatına görə yenidoğulmuşun vəziyyəti ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Ana isə bu gün evə buraxılacaq.