
Ermənistan hakimiyyəti daha bir atom elektrik stansiyasının tikintisini müzakirə edir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan məlumat verib. “Hazırda biz kiçik modul reaktorların xüsusiyyətlərini ətraflı öyrənirik”, - TASS onun sözlərindən sitat gətirir.
Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan hələ ötən il Ermənistanda modul tipli AES tikintisi ilə bağlı strateji qərar qəbul edildiyini, amma texnologiyanın təchizatçısı olacaq ölkə seçilmədiyini demişdi. Maraqlıdır ki, İrəvan rəsmiləri Moskvada olanda AES-in Rusiya texnologiyası ilə qurulacağını, Vaşinqtonda isə ABŞ-ın modul tipli stansiyasını quraşdıracaqlarını vəd verirlər.
ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıq da var. Erməni mediası yazır ki, İrəvan enerji suverenliyini itirə, Metsamor AES-dən imtina edə və ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları sınaqdan keçirilə bilər. Qeyd olunur ki, Paşinyan hakimiyyəti amerikalıları sevindirmək üçün Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən səmərəli işləyən AES-i alternativ enerji ilə, hələ öyrənilməmiş modul tipli atom elektrik stansiyaları, günəş panelləri və elektrik enerjisi ilə əvəz etməyə hazırdırlar. Qeyd edək ki, Ermənistanın Rusiyanın “enerji köləliyindən” qurtulmaq üçün Metsamordan Amerikanın xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil. Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorlarında da yüksək zənginləşdirilmiş urandan istifadə edilir. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürlüyündə yerləşdirilməsi planlaşdırılır. Reaktorun dəyəri isə bir milyard dollar kimi qiymətləndirilir. Mütəxəssislər isə bildirir ki, köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES regional fəlakət mənbəyidir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə, region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmazdır. AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, Türkiyənin, İranın, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır.
Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir. Ancaq Ermənistan üzərinə götürdüyü öhdəlikləri, konvensiyanın tələblərindən irəli gələn məsələləri yerinə yetirmir: “Bu konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır. Prezident İlham Əliyev iki il öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edərkən Metsamor AES təhlükəsi haqda da danışmışdı. Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirmiş, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırmış və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulamışdı. Ümumiyyətlə, Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb. Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin daha da gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir”.
Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti Metsamor AES-in fəaliyyətinin tamamilə dayandırılması çağırışlarını nəzərə almamaqla kifayətlənmir. Əksinə, Ermənistanda modul tipli adı ilə yeni AES-lər tikmək fikrinə düşüb: “Bir neçə ay öncə Co Baydenin hakimiyyətinin son həftələrində ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan müddəanın olduğu məlumdur. Nikol Paşinyan hökuməti bu müddəanı fürsət görür. Erməni mediası yazır ki, ABŞ Ermənistanda modul tipli AES-lər, reaktorlar tikərsə, bu, Ermənistanın enerji suverenliyinin itirilməsi ilə nəticələnə bilər, İrəvanın Metsamordan imtinasına gətirib çıxarar. Ekspertlər bildirir ki, bundan sonra ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları sınaqdan keçirilə bilər. Belə çıxır ki, Metsamor AES dayandırılsa belə, onun yerini daha təhlükəli modul tipli stansiyalar tutacaq. İkincisi, Ermənistan onsuz da müstəqil deyil və enerji məsələsində də daha çox Rusiyadan, İrandan asılıdır. Yuxarıda xatırlatdığım müqavilənin məlum müddəasını da ABŞ ona görə oraya daxil edib ki, Ermənistanı enerji məsələsində də öz təsiri altına sala və Rusiya təsirindən mümkün qədər uzaqlaşdıra bilsin.
2023-cü ilin mayında Rusiyanın “RosAtom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və onu müşayiət edən nümayəndə heyəti İrəvanda baş nazir Nikol Paşinyanla görüşmüşdü. O zaman baş nazir Paşinyan Ermənistanla “RosAtom” korporasiyası arasında əməkdaşlığın vacibliyini vurğulamışdı, bu əməkdaşlıq çərçivəsində bir sıra birgə layihələrin uğurla həyata keçirildiyini demişdi. Nikol Paşinyan nüvə enerjisi sahəsində tərəfdaşlığa toxunaraq, Ermənistan AES-in ikinci enerji blokunun ömrünün uzadılmasında “RosAtom”un rolunu da qeyd etmişdi. Görüşdə Ermənistanda yeni atom enerji blokunun tikintisi, nüvə təbabəti sahəsində mümkün əməkdaşlıq üçün də müzakirə aparıldığı barədə məlumat yayılmışdı. İndi belə çıxır ki, Paşinyan xarakterinə uyğun olaraq eyni vaxtda iki stulda oturmaq istəyir, həm Rusiyadan, həm də ABŞ-dan AES məsələsində ciddi dəstək almağa çalışır. Eyni zamanda istisna deyil ki, ABŞ tərəfindən modul AES-lər Ermənistanda qurulduqdan sonra Rusiyaya “xoş getdin” deyilsin. Bunu da İrəvan Metsamorun istismar müddətinin bitməsi ilə əsaslandıra bilər.
“Yeni Müsavat”