
Son zamanlarda müxtəlif siyasi dairələrin Rusiya-Ukrayna müharibəsinin bitirilməsi istiqamətindəki aktivliyi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın bu mövzudakı addımları, xüsusilə Kiyevə təzyiq xarakterli qərar və açıqlamaları birmənalı qarşılanmır.
Həmçinin Türkiyənin də prosesdə fəallıq nümayiş etdirdiyi müşahidə olunur. Rəsmi Ankara dəfələrlə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Türkiyə həmçinin Kiyevə yardımla bağlı müzakirələrdə də iştirak edir. Lakin bir çox ekspertlər bunu Ankara üçün təhlükəli addım kimi dəyərləndirirlər.
Moskva və Kiyev arasında vasitəçilik cəhdlərinin Ankara üçün nəticəsi necə olacaq? Prosesə cəlb edilməsi istiqamətində atılan addımlar Türkiyə üçün bir növ tələdir?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Ağ Evdə Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş müharibəyə dair reallıqlar barədə nəticə çıxarmağa imkan verir:
“Hazırda təkcə Türkiyənin deyil, Avropa İttifaqının (Aİ) da müharibənin gedişatına və ən əsası isə Rusiyanın mövqeyinə təsir etmək imkanı yoxdur. Çünki indi müharibədə üstün tərəf olan Moskva üçün ən əlverişli şərtlər ABŞ tərəfindən irəli sürülür və göründüyü kimi Ukrayna da buna müqavimət göstərir.
Ankara mövcud vəziyyətdə hansı həll planını təqdim edə bilər ki, bu, həm Rusiyanı daha çox qane edən yanaşma olsun, həm də Kiyevi razı salsın? Zənnimcə, hazırda belə bir “resept” yoxdur və təəssüf ki, Türkiyənin vasitəçiliyinin indiki məqamda effektiv ola biləcəyini gözləmək də mümkün deyil. Digər tərəfdən, Ankaranın vasitəçilik cəhdlərinin onun üçün tələ ola biləcəyini düşünmürəm”.
Deputat bildirib ki, Türkiyə hazırda üzərinə heç bir öhdəlik götürmür və belə bir şey mümkün deyil:
“Ən yaxşı halda bu ölkənin ərazisi Rusiya-Ukrayna danışıqları üçün platformalardan biri rolunu oyanacaq. Burada hər hansı bir nəticə əldə ediləcəksə, yaxud heç bir şey olmayacaqsa da, Ankara qərarverici tərəf rolu oynamadığı üçün buna görə məsuliyyət daşımayacaq.
Bütövlükdə isə Türkiyənin qlobal proseslərdə iştirakı və nüfuzu, eləcə də humanizm prinsipləri baxımından qardaş ölkənin sülhyaratma missiyasını müsbət qiymətləndirmək lazım gəldiyini düşünürəm. Lakin prosesdə həlledici qərar verə biləcək tərəflərin siyahısı da, baxış bucaqları da bəllidir. Beləliklə Türkiyənin humanizm prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edən səylərinin nəticə verəcəyi ehtimalı çox təəssüf ki, azdır”.
Ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz isə deyib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən açıq şəkildə mövqeyini ortaya qoydu və ən pis sülhün müharibədən daha yaxşı olduğunu bildirdi:
“Məsələn, Ankara müharibənin pik həddində taxıl sazişi, əsirlərin mübadiləsi kimi mühüm razılaşmaların əldə edilməsinə nail oldu. Bu gün danışıqlar prosesinə ABŞ da qatılıb. Nəticə etibarilə atəşkəs sazişinin imzalanması gözlənilir.
Avropa ABŞ olmadan Ukraynaya hərbi yardım göndərə bilməz. Etsə də, bu yardımların nəticəsi olmayacaq. Müharibə həm siyasi, həm də hərbi baxımdan dalana dirənib. Ukrayna ciddi dağıntılara məruz qalıb. Rusiya da öz növbəsində ehtiyatlarını sürətlə tükədir. Yəni hər iki tərəf sülhə getməyə məcburdur.
Türkiyə həm vasitəçilik missiyasını, həm də təhlükəsiz məkanı təklifi edir. Təbii ki, tərəflər arasında atəşkəs razılaşması olarsa, rəsmi Ankara, hətta dövlət sərhədinə sülhməramlı göndərib sabitliyin davamlılığına töhfə verə bilər. Türkiyənin belə bir təcrübəsi var və uğurlu da olub. Hesab edirəm ki, Ukrayna və Rusiya sərhədində türk sülhməramlıları uğurla xidmət edə bilər.
Bütün hallarda atəşkəs razılaşmasından sonra da tərəflər arasında atışmaların olması mümkündür. Lakin Türkiyənin varlığı tərəfləri bundan çəkindirə bilər”.