NİGARI EV DUSTAQLIĞINA BURAXMADILAR
Tarix: 20-09-2012, 14:09 |
Çap et
MƏHKƏMƏ VƏSATƏTİ RƏDD ETDİ
Abşeron Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunun ev dustaqlığına buraxmayıb.
“Media forum” saytının məlumatına görə, sentyabrın 20-də keçirilən prosesə Nigar Yaqublunun özünü də gətiriblər. Qapalı keçirilən prosesdə həbsin ev dustaqlığına dəyişdirilməsi vəsatəti təmin olunmayıb. Vəsatəti Nigar Yaqublunun vəkilləri qaldırmışdı.
Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.