"Baş Prokurora və Ombudsmana müraciət etmişəm ki, Konstitusiya Məhkəməsinə sorğu versinlər və nəticədə donor vasitəsilə süni mayalanmaya son qoyulsun". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib. O daha sonr aəlavə edib: "Belə ki, “Uşaq hüquqlarına dair” Konvensiyasının 7-ci maddəsinə əsasən uşaq valideynlərini tapmaq (tanımaq) hüququna malikdir. Lakin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 29-cu maddəsinə əsasən süni mayalanma yolu ilə anonim donor (“donorun şəxsiyyəti həkim sirridir”) vasitəsilə uşağın doğulması mümkündür. Orada yalnız belə biqeyrət müddəa var: “qadın... donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir”. Bir sözlə, bu Qanun Azərbaycanın qoşulduğu Konvensiyaya ziddir, buna görə də Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul etməlidir. Xatırladıram ki, həmin Konvensiyaya uyğun olaraq əksər ölkələrdə, o cümlədən əxlaq səviyyəsinə bəzən şübhə etdiyimiz Avropa ölkələrində, habelə bizə ən yaxın olan Türkiyədə donor vasitəsilə süni mayalanma qadağandır. Qanunun və milli dəyərlərimizin aliliyi təmin olunmalıdır!"