İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə Parlamentin müzakirəsinə göndərilib. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərarı ümumxalq referendumunda verilməlidir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir: “Aİ Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə dəstək verməyə hazır olduğunu da bildirib. Baş nazirin da bəyan elədiyi kimi, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır”. Xatırladaq ki, ötən ilin son aylarında Ermənistanda avropayönlü siyasi partiyalar Aİ-yə üzvlük prosesinə dərhal başlamaq üçün imza toplamışdılar.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "SHerg.az"a deyib ki, Avropa İttifaqına üzvlüyün əsas şərtlərindən biri münaqişə və müharibə vəziyyətinin olmamasıdır. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesi başa çatmayıb və sülh müqaviləsi imzalanmayıb: "İnanmıram ki, bu proses yekunlaşmadan Ermənistanı Avropa İttifaqına üzv qəbul etsinlər. Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan və sərhədlər dəqiqləşəndən sonra bu prosesdə məsafə qət edilə bilər. Əks təqdirdə bu məsələnin həlli inandırıcı görünmür. Əgər Ermənistanın Qərbə inteqrasiya siyasəti səmimidirsə, İrəvan öz qonşuları ilə normal əməkdaşlıq etmək niyyətindədirsə, ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Ermənistanın sadəcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da ərazi iddiaları var. Konstitusiyada qonşu dövlətlərin ərazilərinə iddialar qalmaqdadır. Ermənistan birinci növbədə referendum keçirərək Konstitusiyasını dəyişməli, qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Ən əsası isə Azərbaycanla sülh müqaviləsini bağlamalıdır. Bu məsələlər həllini tapmadan Ermənistanın Aİ üzvlüyünə qəbul edilməsi həmin problemlərin Aİ səviyyəsinə qaldırılmasıdır ki, bunun baş verəcəyinə inanmıram. Aydın məsələdir ki, Ermənistanın Aİ-yə üzv olmasına ən çox çalışan Fransa Prezidenti E.Makrondur. Makron buna nail olmaq istəyirsə, birtərəfli qaydada Ermənistanı müdafiə etmək əvəzinə İrəvanı Bakı ilə sülh sazişini imzalamağa sövq etməlidir".