“Gözləntilərim özünü doğrultmadı, uğursuz film alındı, gərək çəkilməzdi heç...”
“Müğənni kimi fəaliyyət göstərməməyimə görə peşman deyiləm. Düşünürəm ki, indi öz yerimdəyəm. 1990-ci illər idi, keçid dövrü idi. Hər şey əslində elə teatrla başladı. Teatr tamaşası üçün yazılan bir mahnını ifa edəndən sonra, ətrafım bir az məni həvəsləndirdi. Dəyərli bəstəkarımız Cavanşir Quliyev də sağ olsun, mahnını təklif etdi. Mahnıları oxuyurdum, amma tutsa da, tutmasa da bunun mənim üçün bir önəmi yox idi. Amma sevilirdi də. Məqsədim müğənni olmaq deyildi. Gördüyüm işə peşəkarcasına yanaşırdım, ona görə də çəkilən kliplər də o zaman üçün peşəkarcasına çəkilirdi. Kliplərim də çox sevilirdi. Bu gün də hara gedirəmsə, “Məhəbbət olmayanda” mahnısından danışırlar, dinləyirlər. Zarafatca deyirəm ki, qarabaqara izləyir məni (gülür)”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.
“Təkrarçılıqdan acığım gəlir. Ona görə də nadir hallarda müsahibə verirəm. Bəzən ard-arda bir neçə verilişə gedirsən, eyni suallar olur. Eyni suallara da cavab eyni olur da. Fikrini dəyişmirsən ki, 1 ayın içində. Həmişə müsahibə istəyəndə də, deyirəm ki, yeni nəsə bir iş olsun ki, danışaq. Yoxsa ki, bir ehtiyac yoxdur” deyə aktrisa bildirib.
Aktrisa illər əvvəl çəkildiyi “Beş mərtəbəli evin altıncı mərtəbəsi” televiziya tamaşasına görə peşmanlıq yaşadığını bildirib.
“Peşmanlığımı dilə gətirəndə oynadığım Təhminə rolunu nəzərdə tutmurdum. Mən ümumi filmdən narazı idim. Çünki mən həmişə deyirəm ki, bir film artıq sevilibsə, qəbul olunubsa, ona bir də müraciət etməyə ehtiyac yoxdur. Mən belə düşünürəm. Lori dildə desəm saqqızımı oğurladılar. Sonradan özümün də istəyim oldu çəkilmək. Mən istədiyim film alınmadı. Gözləntilərim olmadı. Bir işi görürsənsə, yaxşısı varsa, sən onun üstünü götürməlisən, yaxud da ən azından o yaxşı qədər etməlisən. Bu nə onun üstü oldu, nə də yaxşı qədər oldu. Mən gözləyirdim ki, bu ən azından “Təhminə və Zaur” filminin sırasına gəlib çıxacaq. Gərək olmayaydı. Ümumi film alınmadı. Məncə gərək yox idi ikinci “Təhminə” filminin çəkilməyinə. Yeni bir söz, fikir olarsa film çəkilə bilər” deyə aktrisa bildirib.