Əgər İran dağılarsa... - GƏLİŞMƏ
İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki xalqlarla əlaqə qurmağa yönələn və mövcud rejimlərə qarşı münasibətini bildirən videomüraciətlərini davam etdirir.
Netanyahu son videomüraciətində İsrailin İranla müharibə istəmədiyini, lakin ölkəsinə ən böyük təhlükə mənbəyi olaraq Ali Xameneyin rəhbərlik etdiyi İran rejimini gördüyünü bildirib.
Netanyahu İranın 2024-cü ilin oktyabrında İsrailə raket hücumunu xatırladaraq bu hücumun İran üçün 2,3 milyard dollara başa gəldiyini vurğulayıb. O, bu hücum nəticəsində İran iqtisadiyyatına ciddi zərbə vurulduğunu və bu cür hücumlar davam edərsə, ölkə iqtisadiyyatının məhv olacağını bildirib.
Ancaq B. Netanyahunun müraciətində İran xalqına gizli bir mesaj da var. O, İran xalqının İsraillə düşmən olmadığını, bütün problemlərin yalnız Əli Xameneyinin rəhbərlik etdiyi rejimdən qaynaqlandığını bildirib. Netanyahu İran xalqına ümidini itirməməyə və rejim dəyişdikdən sonra ölkənin həyatının daha fərqli olacağına inanmağa çağırıb:
"Ümidinizi itirməyin, İran xalqı azad olarsa daha fərqli bir həyat yaşayacaq."
B. Netanyahu bu müraciətində İsraillə İranın birgə «prosperous» (rəvan və firavan) və «peaceful» (sülhsevər) gələcək quracağını vəd edir. Bu ifadələr təkcə İranın daxili siyasətinin deyil, həm də İranın xarici siyasətindəki dəyişikliklərin mümkünlüyünü də göstərir. İsrail İrandakı rejim dəyişdikdən sonra münasibətlərin dəyişəcəyini gözləyir. İsrailin Baş naziri eyni zamanda, bildirib ki, bu dəyişiklik İsrailin və İranın haqq etdiyi gələcək olacaq.
Baş nazir müraciətində İran qadınlarına da səslənib. "Qadınlar, həyat, azadlıq" şüarını da dilə gətirərək, İran xalqının hüquq və azadlıqlarını dəstəklədiyini vurğulayıb. Bu şüar artıq İranın daxilində hökumətə qarşı çıxan bir çox insanın və xüsusilə qadınların etirazlarının simvoluna çevrilib. Netanyahu, həmçinin bildirib ki, İsrail İran xalqının haqlarını dəstəkləyir və onlar üçün daha yaxşı bir gələcək görmək istəyir.
Lakin İran rəhbərliyi B. Netanyahu və İsrailin bu cür müdaxilələrini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Onlar hesab edirlər ki, bu müraciətlər İsrailin müdaxilə etmədən, fərqli taktikalardan istifadə etməklə İran daxilindəki narazılıqları daha da artırmağa çalışdığını göstərir.
Bundan əlavə, B. Netanyahu İsraildəki daxili siyasi təzyiqləri nəzərə alaraq, İranla münasibətlərin normallaşmasına müsbət baxılmayan məqamları da göz önünə alır. İranın atom proqramı və münaqişə zonasındakı hərbi əməliyyatlar İsrailin təhlükəsizliyi üçün prioritet məsələləridir. Buna görə də bu məsələlər diqqətdə saxlanılır.
İsrailli politoloq, İsrailin rusdilli icmasının təmsilçisi, Ariel Universitetinin professoru Zeev Xanin “Cümhuriyət”-ə bildirib ki, İranın diktator, xüsusən də avtoritar, sərt, radikal islamçı rejimi yüksək dayanıqlılığa malikdir. O qeyd edib ki, hakimiyyət hər şeydən əvvəl xalqın ruh halından da asılıdır:
"Demək olar ki, İran müxalifəti artan bir faktor olaraq qalır. Amma mənim fikrimcə, Ayətullah rejimi içəridən çaxnaşma yaratmaqla dağıdıla bilməz. Biz yaxşı bilirik ki, avtoritar və totalitar rejimlər bəzən onlara heç bir təhdid olmadığı vaxtda çökürlər. Buna görə də indiki vəziyyətdə bir şey söyləmək çox çətindir”.
O bildirib ki, bu cür rejimlər bir neçə faktora əsaslanaraq dağılır:
“Daxili müxalifət, xarici təzyiq, xüsusən müharibə şəraitindəki təzyiq və iqtisadi təzyiq bu faktorlardandır. Bu , İsrailin və onun Amerika kimi müttəfiqlərinin vurğuladığı faktorlardır. Lakin ABŞ Prezidenti Co Baydenin administrasiyasından fərqli olaraq yeni prezident Donald Tramp bu təzyiq rıçaqlarını İrana qarşı istifadə edə bilsə, bu, ciddi bir zərbə olacaq. O zaman İranın Ayətullah rejimi dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq. İsrailin Baş naziri Netanyahunun dediyi kimi, İranın iqtisadiyyatı məhv edilə bilər.
Baş nazir on müraciətində İsrail hücumunun İrana kifayət qədər bahaya- 2,3 milyard dollara başa gəldiyini bildirib. Bu, İran hökumətinin öz proksilərinə, xüsusən də Husilərə və “Hizbullah”-a dəstək vermək üçün xərclədiyi vəsaitlə müqayisədə çox da böyük deyil. Müxtəlif qiymətləndirmələrə görə, “Hizbullah” ildə ən azı 1 milyard dollar alır. Bundan əlavə, şiə millislərinin Suriyada, İraqda və digər yerlərdə formalaşdırılması, təlimi və mobilizasiyası kimi dəstək də davam edir. Buna görə də, İrana qarşı İsrailin bir hücumunun xərclərini nəzərə alarkən, əsasən cavab hücumları göz önünə alınmalıdır. Yəni, əsasən enerji infrastrukturuna yönələn hücumlar İranın iqtisadiyyatını məhv edə bilər”.
Ekspert bildirib ki, əgər İran dağılarsa və ya yeni bir rejim hakimiyyətə gələrsə, bu rejim etnik və milli, dini azlıqlara öz müqəddəratını həll etmək imkanı verərsə, vəziyyət fərqlənəcək. Amma İranın şimal-şərqindəki Azərbaycan əhalisinin məsələsi hələ aydın deyil:
"Bir tərəfdən, bu, ən böyük etnik azlıq qrupudur – təxminən 30-35 milyon nəfər. Digər tərəfdən, bütün İran azərbaycanlıları müstəqillik və ya Şərqi Azərbaycanla birləşmək, yəni Azərbaycan Respublikasına qatılmaq arzusunda deyillər. Üçüncü tərəfdən, İrandakı müxalifətin bu məsələdə yekdil olmadığını da bilməliyik.
Məsələn, bir müddət əvvəl İranın şahzadəsi, yəni İran taxtının varisi olan şəxs özünü İranın birləşmiş müxalifətinin lideri kimi təqdim edib. O, bütün müxalifət qüvvələrini birləşdirməyə çalışırdı. Amma onun düşüncəsi daha çox imperiya baxışıdır. Yəni, onun fikrincə, İranın dağılması mənfi hadisədir və o, buna heç bir şəkildə dəstək vermək niyyətində deyil. Bu baxımdan, müxalifətin əsaslı bir şəkildə İranın kollektiv imperiya kimliyini qorumağa çalışdığını deyə bilərik".
Z. Xanin rəsmi Bakının İranın daxili işlərinə müdaxilə etmədiyini bildirib:
"Bu, hər halda Azərbaycan Respublikası tərəfdən səsləndirilməyib. Lakin rəsmi olaraq, həm İran müxalifəti, həm də müstəqil Azərbaycan İran Azərbaycanını müstəqil dövlətə çevirmək və ya onu Azərbaycan Respublikasına birləşdirməklə bağlı heç bir tələb irəli sürməyib".